banner
banner

Hərbİ

Hərbi ekspert: “Azərbaycan ordusu savaşa tam hazırdır”

Hərbi ekspert: “Azərbaycan ordusu savaşa tam hazırdır”
Xəbər verildiyi kimi, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib. Nəticədə Silahlı Qüvvələrimizin bir hərbi qulluqçusu - əsgər Elşən Vaqif oğlu Məmmədov şəhid olub, 3 hərbi qulluqçumuz yüngül qəlpə yaraları alıb. Qarşı tərəfin isə 4 hərbçisi məhv edilib və 16 nəfərədək yaralısı var. Onlardan 10 nəfəri ağır vəziyyətdədir.
 
Qeyd edək ki, cəbhə xəttində demək olar hər gün atəşkəs pozulması halları baş verir. Ancaq bu dəfə atəş avtomat və pulemyotlardan deyil, ağır artilleriya, raketlərdən açılıb. Bəs, cəbhə xəttində raketlərdən istifadə edilməyə başlanması genişmiqyaslı müharibəyə gətirə bilərmi? 
Hərbi ekspert Üzeyir Cəfərov öncə bildirdi ki, yaranmış hazırkı durum ATƏT-in Minsk qrupu həmsədrlərinin 20 ildə apardığı uğursuz, işğalçının mənafeyinə xidmət eləyən fəaliyyətinin məhsuludur: "Artıq Ermənistan prezidenti açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Bunun ardınca Minsk qrupu həmsədrləri çox gülünc bir açıqlama verdilər ki, cəbhə xəttində atəş hallarının qarşısının alınması üçün mexanizm işlənib hazırlanmalıdır. Ermənistanın cinayətkar prezidenti heç bir beynəlxalq hüquq normasına məhəl qoymadan Azərbaycanın ərazisini Ermənistan ərazisi elan edir, Minsk Qrupu həmsədrləri atəşkəsin davam etməli olduğundan danışırlar. Sərkisyana bu bəyanatına görə bir təpki göstərmirlər. Həmsədrlərdə xristian təəssübkeşliyi var".

Hərbi ekspert vurğuladı ki, artıq cəbhə xəttində iriçaplı silahlardan istifadə edilməyə başlanması isə Ermənistan rəhbərliyinin öz ölkələrində çıxılmaz durumda olması ilə əlaqədardır: “Cinayətkar rejim Ermənistan əhalisinin diqqətini müharibəyə yönəltmək, xalqda müharibə xofunu yaratmaq üçün bu şəkildə atəşkəs pozmaq yolunu tutub. Azərbaycan ordusunun tutarlı cavab verməsi isə Ermənistana bir xəbərdarlıqdır. Azərbaycan silahlı qüvvələri həm bu yaxınlarda keçirdiyi böyük miqyaslı döyüş təlimləri, həm də 25 sentyabrda ermənilərə verdiyi cavabla sübut edib ki, ordumuz geniş miqyaslı döyüş əməliyyatına hazır vəziyyətdədir. Azərbaycanın Ali Baş Komandanı və ordu rəhbərliyi bir qərar qəbul eləməlidir. Ermənistan rəhbərliyi bunu hiss edir və təxribatlara əl atırlar. Artıq iriçaplı silahların, raketlərin dövriyyəyə qoşulması onu deməyə əsas verir ki, vəziyyət nəzarətdən çıxa bilər və Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün çox ciddi əməliyyatlara başlaya bilər. Bu, Azərbaycanın haqq işidir. Hiss edirəm ki, yaxın zamanlarda bu məsələdə çox ciddi irəliləyiş gözlənilir”.  
 
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti də dünən açıqlama yayaraq bəyan edib ki, silahlı qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə zərbələr endirmək hüququnu özündə saxlayır: “Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır. Bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycanın atmaq məcburiyyətində qala biləcəyi addımların istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşəcək”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.