banner
banner

Dünya

Bu səhvlər dünya mediasının inciləridir

Bu səhvlər dünya mediasının inciləridir

Ölkələr arasında gərginlik yaradan, prezidentləri qəzəbləndirən, baş nazirləri kükrədən media xətaları...

Son günlər ölkədə baş verən həbslərdən dolayı Azərbaycan mediası xəbər dənizində “boğulur”. Amma bəzən şayiələrin xəbərə çevrilməsi də özünü göstərir. Eyni gündə bir hadisə ilə bağlı bir-birindən fərqli çıxarışlar, şərhlər... saysız-hesabsızdır. Və bu situasiyada media daha çox suçlanır. Medianın qeyri-peşəkarlığı, səhvlərinin çoxluğu oxucunu narahat edir. Əslindəsə media, xəbərçilik özü ilə paralel səhvləri də gətirir. Necə? “Yeni Müsavat” sizə dünya və yerli mediadakı ən məşhur səhvlərin bəzilərini xatırladır.
 
Amerikalı publisist Kreyq Silvermen “Səhvlərə görə üzr istəyirik” adlı kitabı ilə uzun müddət jurnalistika aləmini silkələyib. Həmin kitab dünyanın nüfuzlu qəzetlərində zaman-zaman yer alan səhvlər, öz təbirimizcə desək, “ÇP”-lərə həsr olunub. Məlum olub ki, dünyaya jurnalistika dərsi keçən böyük qəzetlər bəzən elə gülməli səhvlərə imza atıblar ki...
 
Maraqlıdır ki, hər gün “New York Times” qəzetində “Korrektələr” adlı böyük bir hissə yer alır. Orada da qəzetin ötəngünkü sayında yer alan səhvlər, oxucuların iradları yerləşdirilir. Təbii ki, hər bir jurnalist üçün onun yazısı ilə bağlı hansısa təkzibin, dəqiqləşdirmənin ikinci səhifədə yer alması utancverici məqamdır. Amma söhbət qəzetin mənafeyindən gedirsə, jurnalistin hissləri arxa plana keçir. Çünki Amerikada oxucunun etibarını itirmək çox ciddi siqnaldır. Buna görə də qəzet rəhbərliyi əlindən gələni edir ki, bu, baş verməsin.
 
Amma örnəklər bununla bitmir. San Fransiskoda da MediaBugs adlı bir sayt yaradılıb. Bu da San Fransisko jurnalistlərinin səhvlərini aşkarlayaraq, onları əsəbləşdirmək məqsədi güdür. Layihənin məramı oxuculara ölkə qəzetlərində gördükləri səhvlər barədə sayta pullu məlumat verməkdən ibarətdir. Bu layihə isə media azadlığı ilə bağlı bir fondun 355 000 dollarlıq qrantının hesabına həyata keçirilir.
 
Özbəkistan, yoxsa qırzbəkistan?
 
Keçək nümunələrə. ABŞ jurnalistinin yazısında yanlış tələffüz edilmiş Mərkəzi Asiya ölkəsinin adı internet trendinə çevrilərək çoxsaylı şərhlərə təkan verib. “New York Times” qəzetinin müxbiri Jon Branc alpinist Tommy Caldvelin 2000-ci ildə Pamirdə oğurlanması barədə yazarkən nəzərdə tutduğu Qırğızıstanın adını Qırzbəkistan (ingilis dilində - “Kyrzbekistan”) kimi göstərib. Yanvarın 7-də dərc olunmuş məqalədəki səhvi tutan həm başqa nəşrlərin jurnalistləri, həm də ki, oxucular dostyana iradlarını bildiriblər.
 
“23 il əvvəl Sovet İttifaqının dağılması bir neçə yeni ölkənin yaranması ilə nəticələndi. Onlardan bir çoxunun adı ”stan"la bitir. Məsələ kifayət qədər mürəkkəbdir və buna görə də bu kimi səhvlər olur", - deyə qəzet səhvlə bağlı istehzalı şərhində bildirib.
 
Nəticə olaraq qəzetin onlayn versiyasında çıxan məqalədəki səhv düzəldilib.
 
“Məqalənin əvvəlki variantında Tommy Caldveli oğurlayanları təqib edən qoşunların mənsub olduğu ölkənin adı düzgün göstərilməyib. Bu mövcud olmayan Qırzbəkistan yox Qırğızıstandır”, - üzr istəyərkən səhvi düzəldən jurnalistlər bildiriblər.
 
Lakin düzəlişlər edilərkən uydurma dövlət internet məkanında artıq məşhurlaşıb və onunla bağlı çoxsaylı şərhlər yayılmağa başlayıb.
 
Olaydan sonra “Twitter”də #Kyrzbekistan haştaqı ilə minlərlə mesajlar paylaşılıb. Ölkənin ingilisdilli @kyrzbekistan hesabı yaradılıb.
 
Bloqçulardan biri Qırzbəkistanın sürətlə “ən populyar və çox müzakirə olunan” ölkəyə çevrildiyini yazıb.
 
“Belə ölkə yoxdu? Qırzbəkistanlılar bundan çox məyus ola bilərlər”, - daha bir “Twitter” postunda deyilir.
 
İnternetdə Qırzbəkistan saytları yaradılıb və bu ölkəyə baş çəkmək istəyənlərə səyahətlə bağlı məsləhətlər təklif edilir.
 
Jon Branc isə “Twitter”-dəki müzakirələrə yarızarafat münasibət bildirərkən bu yaxınlarda Qırzbəkistanda olacağını yazıb.
 
Bəzi bloqçular ümid edir ki, internet müzakirələri Mərkəzi Asiya ölkələrinə marağı artıraraq adamları Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Tacikistana baş çəkməyə həvəsləndirə bilər.
 
Azərbaycanla Rusiya arasında 18 milyard yanlışı
 
2014-cü ildə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti Azərbaycanın Rusiyaya yaxın 5-7 ildə 18 milyard dollar investisiya yatıracağına dair yayılmış xəbərlərə təkzib verib. Nazirlikdən bildirildiyinə görə, iqtisadi inkişaf naziri Şahin Mustafayevin Bakıda səfərdə olan rusiyalı həmkarı Aleksey Ulyukayevlə görüşü zamanı 18 milyard dollar söhbəti olub. Ancaq bu rəqəm Azərbaycanın 2017-ci ilədək Türkiyəyə yatıracağı investisiyaların həcmini əks etdirirdi və Rusiyaya aidiyyəti yox idi. “Rusiyanın ”RİA Novosti" agentliyinin görüşü izləyən rus əməkdaşı isə bunu Rusiyaya yatırılacaq investisiyalar kimi başa düşüb və xəbəri o cür yayıb. Əslində nazir dedi ki, Azərbaycan indiyədək Rusiyaya 1,8 milyard dollar investisiya yatırıb və gələcəkdə bu investisiyaların həcmi daha da arta bilər" - deyə nazirliyin mətbuat xidmətinin düzəlişində bildirilir.
 
Jurnalistin səhvi, Ərdoğanın təpkisi...
 
2015-ci ilin mayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sinan Erdem idman salonunda ticarətçilərlə görüşərkən jurnalist-aparıcı Orxan Karakurtun səhvi onu özündən çıxarıb. Görüşdən sonra illərdir Ərdoğanın tədbirlərinin aparıcısı olan Orxan Karakurt önəmli bir elan verəcəyini deyərək söz istəyib. Karakurt “Prezidentimizin rəhbərliyi ilə 30 mart şənbə günü...” demişdi ki, Ərdoğanın onun səhvini düzəldib və “30 may” deyə xəbərdarlıq edib. İkinci dəfə o, “30 may saat 17:30-da Yenikapı Meydanında möhtəşəm tədbir var” deyib. Bu dəfə də Ərdoğanın ona müdaxilə edib və “fəth tədbiri” deyə düzəliş edib. Aparıcı həyəcanla 3-cü dəfə də səhv edib - “652-ci Fəth tədbiri...”. Ərdoğan başını yelləyərək bu dəfə də aparıcıya düzəliş edib. “562-ci”. Lakin səs-küydən prezidentin nə dediyini eşitməyən Karakurt ona yaxınlaşaraq rəqəmi təsdiqlədib.
 
Şəkillər necə qarışıb?

“Yahoo News” adlı internet portalı “Cundullah” terror təşkilatının lideri Riginin tutulma xəbərini verərkən, ona əlaqəsi olmayan bir fotoşəkil əlavə etməsindən sonra, ABŞ-ın milyonlarla tirajı olan məşhur “Vaşinqton Post” qəzeti də buna bənzər səhvlə Riginin fotoşəkili yerinə, Kadima Partiyasından olan israilli nazir Tzipi Livninin fotoşəkilini yerləşdirib və bunu dərc edib.
 
Maraqlı olan budur ki, dünən də, “Yahoo News” adlı internet saytı eyni xəbəri yayımlayarkən, Riginin fotoşəkilinin əvəzinə iranlı islahatçı və Nobel sülh mükafatı laureatı Şirin İbadinin fotoşəkilini qoymuşdu.

Stiv Cobsu necə öldürdülər?
 
2008-ci ildə “Bloomberg” agentliyi Stiv Cobs barədə daha öncədə hazırlanan və öldüyü təqdirdə yayınlayacaqları nekroloqu səhvən yayıb. Apple yaradıcısının xərçəngdən əziyyət çəkdiyini bütün dünya bilsə də, bu xəbər ildırım sürəti ilə yayılıb. Cobs isə bunu təkzib edərkən Mark Tvendən sitat gətirib: “Mənim ölümüm barədə şayiələr böyüdülüb”. 
S.Cobs isə 2011-ci ildə dünyasını dəyişib. 
 
Əli Həsənovun dedikləri və viza çaş-başlığı...
 
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdirinin Türkiyə ilə Azərbaycan arasındakı viza rejiminə dair dediklərinin təhrifi də yaddaqalan səhvlərdən olub. Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv olunmamasının səbəbləri barəsində “Today’s Zaman” qəzetinə müsahibəsindəki bəzi fikirlər anlaşılmazlıq yaradıb.  Həmin açıqlama “Azərbaycan İrandan çəkinib, Türkiyəyə yox dedi” başlığı ilə manşet yazısı kimi dərc edilib. Yazıda isə Ə.Həsənovun fikirlərinə istinad edilib.
 
Təbii ki, bu açıqlamada bir ölkənin rəsmi şəxsinin belə ifadələr işlətməsi inandırıcı görünmür. Ə.Həsənovun məsələ ilə bağlı APA-ya növbəti açıqlamasını, daha doğrusu, təkzibini oxuyanda məlum olur ki, ilk açıqlamada ciddi təhrifə yol verilən məqamlar olub. 
 
Amerikalı jurnalist Putini “Yeltsin” adlandırıb
 
Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı ilə görüşündə Ermənistandakı 102 saylı rus hərbi bazasının komandanı Andrey Ruzinskinin Qarabağda müharibə ilə bağlı fikirlərinin “təhrif olunduğunu” deyib.
 
“Çox güman ki, bu, müsahibəni götürən jurnalistin səhvi olub” Oktyabrın 10-da “Krasnaya zvezda” qəzetinə müsahibəsində hərbi baza komandiri Andrey Ruzinski deyib ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc yolu ilə bərpa etməyi qərara alarsa, hərbi baza silahlı münaqişəyə başlaya bilər.
 
Bir ay sonra, müdafiə naziri Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Ruzinskinin bəyanatına rəsmi səviyyədə izahat verilməsini istəyib.
 
Nazirlərin görüşündə, həm də Qəbələ RLS-in Azərbaycana təhvil-təslim işlərinin başa çatması müzakirə edilib.
 
“Qəbələ radiolokasiya stansiyasının təhvilinə dair bütün cari məsələlər həll olunub”, Ria Novosti Agentliyi cənab Həsənovdan sitat gətirir.
 
Nazir deyib ki, stansiyanın təhvili praktiki olaraq baş tutub və orada bir problem yoxdur.
“Cari məsələlər demək olar ki, həll olunub”, nazir əlavə edib.
 
Cənab Həsənov Rusiya və Azərbaycan arasında əməkdaşlıqla bağlı məsələlərin həll olunacağına ümid ifadə edib.
 
Amerikanın CNN kanalında xəbər aparıcısı canlı efirdə səhvən Rusiyanın prezidentini Boris Yeltsin adlandırıb. Teleaparıcı Rusiya prezidenti Vladimir Putinin BMT Baş Assambleyasında nitqinə yekun vurmasından sonra səhvə yol verib.
 
Lakin aparıcı öz səhvini tez başa düşərək tamaşaçılardan üzr istəyib. “20 il əvvələ qayıtdığıma görə məni bağışlayın”, - deyə aparıcı zarafat edib. 
 
Azərbaycanın ABŞ-dakı Səfirliyinin dərhal müdaxiləsindən sonra ölkənin The New York Times qəzetinin internet saytında hava proqnozu bölümündə Bakının Ermənistanın paytaxtı kimi göstərilməsi səhvi düzəldilib. Bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat verib. Qeyd edək ki, ABŞ-ın The New York Times qəzetinin rəsmi internet səhifəsinin hava proqnozu bölümündə Azərbaycanın paytaxtı Bakı şəhəri Ermənistanın paytaxtı kimi göstərilmişdi.
 
Bizim səhvlər... naxışdır, naxış... 
 
“Yeni Müsavat”ın tarixindəki məşhur “ÇP”-lərdən ən yaddaqalanı baş redaktor Rauf Arifoğlu ilə bağlı baş verib. 2000-ci ildə qəzetin 10-cu səhifəsində açıqlama verən R.Arifoğlunun şəkli əvəzinə Primakovun şəkli yerləşdirilib. Bir neçə min nüsxə çap olunandan sonra səhv aşkarlanıb və ən son anda şəkli dəyişdiriblər.
 
Bir neçə il öncə qəzetdə yer alan və hələ də əfsanəvi lətifə kimi yada düşən daha bir “ÇP” barədə. “Heydər Babayevin obyektlərinə əl qoyuldu” başlığı şrift çevrilməsi zamanı “Heydər Babayevin obyektlərinə ül qoğuldu” formasında dərc edilib.
 
“Azərbaycan” qəzetində isə ancaq orfoqrafik səhvlər yer alır. Qəzetin bir məqaləsinə görə uzun illər öncə Amerika səfirliyi nota verib.
 
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də fəaliyyətlərində səhvlərin az olduğunu dedi. Onun sözlərinə görə, ən yaddaqalanı 1994-cü ildə baş verib. Belə ki, həmin vaxt “Turan” Azərbaycanın işğal olunmuş ərazilərini, onların işğal olunduğu tarixi, habelə qaçqınların sayını özündə əks etdirən xəritə hazırlayıbmış: “Bu xəritə missiyalara, beynəlxalq təşkilatlara, ictimaiyyətə yayıldı. Həmin vaxt da Rəsul Quliyev Rusiyaya danışıqlara gedir və atəşkəs elan olunandan sonra qoşunların hansı xətlərdə olmasıyla bağlı müzakirələr aparılır. Orda qarşı tərəf bizim xəritəni çıxarıb göstərir ki, bu xəritəyə görə sizin qoşunlar filan yerdədir. Bakıya qayıdandan sonra Rəsul Quliyev parlamentin iclasında bu məsələni qaldırıb, baş prokurordan mənə qarşı cinayət işi qaldırmasını tələb etmişdi. Əsas gətirmişdi ki, guya mən dövlət əhəmiyyətli danışığı pozmuşam”.
 
M.Əliyev bu xəritəyə görə prokurorluqda ifadə verdiyini xatırlatdı. Onun sözlərinə görə, informasiya agentliyi tərəfindən nəşr olunan xəritənin dövlətlərarası danışıqlarda predmet ola bilməyəcəyini prokurora da bildirməklə bu məsələ qapanıb.
 
“525-ci qəzet”dən də dedilər ki, fəaliyyətləri boyunca ciddi qalmaqala səbəb olacaq səhv etməyiblər. Məsələn, nə vaxtsa hansısa şəklin yeri boş gedib. Bəzənsə familiyası “ova”, “yeva” ilə bitən xanım əməkdaşların soyadı kişi soyadı kimi gedib. Amma qəzetin ən yaddaqalan səhvlərindən biri Amerikanın Azərbaycandakı keçmiş səfiri Rino Harnişin Amerika prezidenti kimi təqdim olunması olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.