banner
banner

Sosİal

Kənd təsərrüfatı yarmarkaları yeni ünvanlarda…

Kənd təsərrüfatı yarmarkaları yeni ünvanlarda…
Kənd Təsərrüfatı  Nazirliyi Bakının müxtəlif rayonlarında keçirilən kənd təsərrüfatı məhsullarının həftəlik satış yarmarkarlarını yenidən bərpa edib. Yaxın zamanlarda 10 ünvanda yarmarkaların təşkili həyata keçiriləcək. 
Bu məlumatları Kənd Təsərrüfatı  Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev musavat.com-a açıqlamasında bildirib. Nazirlik sözçüsü qeyd edib ki, yarmarkalar həftənin şənbə və bazar günləri aşağıdakı ünvanlarda keçiriləcək:
 
Xətai rayonu - Məzahir Rüstəmov küçəsi ("Bakı" kinoteatrının yanı);
Səbail rayonu - Badamdar qəsəbəsi;
Nərimanov rayonu - Keşlə bazarının yanı;
Binəqədi rayonu - Dərnəgül qəsəbəsi;
Suraxanı rayonu - Əmircan qəsəbəsi.
 
“Kənd Təsərrüfatı Nazirliyi olaraq rayon icra hakimiyyətləri ilə danışıqlar aparmışıq ki, yarmarkaları daha da genişləndirək” deyən M.Hacıyev bildirib ki, məqsədimiz kənd təsərrüfatı yarmarkalarını sayını 10-a çatdırmaqdır: “Bundan əlavə, bizə gələn çoxsaylı müraciətlər də göstərir ki, bu tipli yarmarkalara tələbat var. Eyni zamanda Abşeron rayonunda və Sumqayıt şəhərində də kənd təsərrüfatı yarmarkalarının yaxın günlərdə açılması nəzərdə tulur. Bildiyiniz kimi, bu ilin may ayından müxtəlif səbəblərdən kənd təsərrüfatı yarmarkaları keçirilmirdi. Lakin çoxsaylı müraciətlərdən sonra yenidən bərpa olundu. Bakı Şəhər İcra hakimiyyəti ilə danışıqlar aparıldı və artıq lazımı ünvanlar müəyyənləşdirilib”. 
 
Murtuzəli Hacıyev onu da qeyd etdi ki, kənd təsərrüfatı yarmarkalarının keçirilməsi bazarlarda qiymətlərin ucuzlaşmasına səbəb olur: “Yarmarkaların keçirilməsi həm də bazarda kənd təsərrüfatı məhsullarının bahalaşmasının qarşısını alır. Artıq paytaxt bazarlarında bəzi məhsulların qiymətində müəyyən qədər bahalaşma var. Lakin ötən ilin bu dövrü ilə müqayisədə bəzi məhsulların qiymətində 10-20 faiz enmə müşahidə olunur. Əgər yarmarkaların keçirilmədiyi dövrdə pomidorun qiyməti 1-1.2 manat idisə, yarmarkalar fəaliyyətə başladıqdan sonra orada qiymət 50-70 qəpik arasında dəyişirsə, bu, bazara da birbaşa təsir edir. Bu, istər pomidorun, istərsə də kartofun qiymətinə aiddir. Məsələn, yarmarkada yerli kartofun qiyməti 70-80 qəpik arasında dəyişir. Bazarda isə 1-1.2 manat idi. Bu qiymətlər bazara da təsir etdi”. 
 
Kənd təsərrüfatı yarmarkalarının təşkil olunduğu ərazilərdə yollarda tıxacların yaranmasına səbəb olması ilə bağlı sualımızı cavablandıran Murtuzəli Hacıyev artıq bu problemin də aradan qaldırıldığını vurğuladı:“Yarmarkaların təyin olunduğu ünvanlar Bakı Şəhəri İcra Hakimiyyəti ilə qarşılıqlı razılıq əsasında seçilib. Burada əsas əhalinin rahatlığı nəzərə alınıb və bunun üçün lazımı tədbirlər görülüb. Əsas yarmarkalardan biri Həzi Aslanov metrostansiyası yaxınlığında, Məhəmməd Hadi küçəsində əhalinin sıx məskunlaşdığı yerdə idi. Bu, orada yaşayan sakinlərin narazılığına səbəb oldu. Ona görə də, həmin yarmarka Bakı kinoteatrının yaxınlığına köçürülüb və indi həmin ərazidə yaşayan insanlar üçün hər hansı narahatlıq törətmir. Yarmarkalara insan axını var”. 
 
Yerli bazarlarda çalışan işbazların fermer adı ilə bazara daxil olması məsələsinə gəlincə, nazirlik sözçüsü bunun da qarşısının alınması üçün tədbirlər görüldüyünü qeyd etdi: “Biz müxtəlif rayonların yerli icra hakimiyyəti orqanlarına müraciət etmişik. Bölgü aparmışıq ki, hansı rayon Bakı şəhərinin hansı rayonuna məhsul çıxaracaq. Hər həftə üçüncü gündən başlayaraq rayonlardan məlumatlar daxil olur. O məlumatlar nədən ibarətdir? Məhsul istehsalçısının adı, ünvanı və onun maşınının nömrəsinə, gətirdiyi məhsulun çeşidinə qədər hər şey orada öz əksini tapır. Yəni, istehsalçılar bilavasitə rayondan göndərilmiş məlumatlar əsasında orada yerləşdirilir. Hər biri yoxlanılır, araşdırılır, hətta şəxsiyyət vəsiqələrinə qədər yoxlama aparılır. Hazırda Əhmədli qəsəbəsində müəyyən qədər sıxlıq var. Ancaq biz çalışırıq ki, heç bir satıcının məhsulu əlində qalmasın. Çünki, yaxın günlərdə Sumqayıt şəhərində, Yasamal rayonunda, Abşeron rayonunda yarmarkalar fəaliyyətə başlayacaq və bunun sayəsində Əhmədli qəsəbəsində olan sıxlıq aradan qaldırılıb”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.