|
Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda bu gün keçiriləcək "Qarabağ" - "Monako" oyununda 30 min Azərbaycan bayrağı tribunaya düzüləcək. “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az-a açıqlamasında bu layihənin yaranma zərurətindən danışıb: “Bilirsiniz ki, klubumuz hər zaman azarkeşlərlə bağlı belə layihələr həyata keçirir. Futbol klubunun işi təkcə meydança ilə bitmir. Biz əvvəllər azarkeşlərə “Qarabağ” bayraqları paylayırdıq. Avroliqanın son ev oyununda isə oturacaqlar Azərbaycan bayrağının rənglərinə uyğun bəzədilmişdi. Bu dəfə qərara gəldik ki, tribunaya Azərbaycan bayraqları düzək”. Klub rəsmisi layihənin ideyasının komandanın kapitanı Rəşad Sadıqova aid olduğunu bildirib: “Millimizin də kapitanı olan Rəşad olduqca vətənpərvər insandır. Onun arzusu və təşəbbüsü ilə bu layihəni həyata keçirməyə qərar verdik. Bildiyiniz kimi, noyabrın 9-da bayraq günüdür. Belə layihələr adətən Türkiyədə milli oyunları zamanı olur. Məncə, bu kimi tədbirlər ən azından insanlarda bayraq sevgisini artıracaq, insanlar bir sevgi ətrafında birləşəcək. Ümid edirik ki, komandamız da bu layihənin qarşılığını layiqincə verəcək”. |
Cia.az


