banner
banner

Sosİal

Bakıda birmərtəbəli və ikimərtəbəli evlər söküləcək

Bakıda birmərtəbəli və ikimərtəbəli evlər söküləcək
Yasamal rayonu ərazisində bir sıra ərazilərin dövlət ehtiyacları üçün alınması ilə bağlı Nazirlər Kabineti qərar qəbul edib. Qərar "Torpağın dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" Prezidentin 2011-ci il 15 fevral tarixli 382 nömrəli fərmanının 1.1-ci bəndinə əsasən qəbul edib.  
 
Qərarla Bakı şəhərinin Yasamal rayonu ərazisində Nəriman Nərimanov prospekti ilə Abdulla Şaiq, Lev Tolstoy, Əlibəy Hüseynzadə küçələri və Azərbaycan prospekti ilə Abdulla Şaiq, Çingiz Mustafayev və Süleyman Rəhimov küçələri arasındakı ərazidə 730, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundov, Çingiz Mustafayev və Bəşir Səfəroğlu küçələri arasındakı ərazidə 175, Cəfər Cabbarlı küçəsi ilə Balababa Məcidov küçəsinin kəsişməsindən Nəriman Nərimanov prospektinə qədər olan ərazidə 70 və Balababa Məcidov küçəsi ilə Nabat Aşurbəyova küçəsinin kəsişməsindən Süleyman Rəhimov küçəsinə qədər olan ərazidə 118 ədəd, ümumilikdə sayı 1093 olmaqla vətəndaşlara məxsus yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün alan orqan kimi Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.
 
Sözügedən ərazi "Sovetski"dir ki, artıq Nərimanov prospekti boyunca onlarla ev sökülüb, amma hazırda işlər dayandırılıb. Yerli icra hakimiyyəti bu söküntülərin Bakının Baş Planına əsasən aparıldığını bildirir. Amma uzun müddətdir ki, haqqında danışılan Baş Planı barəsində ictimaiyyətə açıqlama verilmir. 
 
Müstəqil Memarlar Assosiasiyasının prezidenti Zenfira Budaqova bildirir ki, onlar da hökumətin planından xəbərsizdirlər: "Bu barədə ictimaiyyətə açıqlama verilməlidir. Hökumətin söküntü işlərini əsaslandırdığı sənəddə nə yazıldığını ictimaiyyət bilməlidir. 
 
Əlbəttə ki, şəhərdə abadlıq və quruculuq işləri görülməlidir. Nəqliyyat və kommunikasiya sistemində dəyişikliklər olmalıdır. Amma bu gizli deyil, şəffaf şəkildə həyata keçirilməlidir. Bakının Baş Planı şəhərin müxtəlif yerlərində tabloda öz əksini tapmalıdır. 
 
Bəlkə də Baş Plan var. Amma bu barədə heç kimin məlumatı yoxdur. Dəvət etsələr, mən bu planla tanış olardım, dəstək olardım. Mən şəhərsalma və arxitektura üzrə elmi iş müdafiə etmişəm. 
Mən təklif edərdim ki, sürüşmə ərazilərindəki tikililər, eləcə də gecəqondular şəhərin mərkəzindən köçürülsün. Bəzi ərazilərdə yerləşən evlərin altında qrunt suları artmaqdadır. Bu da insanların həyatına təhlükə yaradır. Baş Planda bu və digər məsələlər nəzərə alınmalıdır. Əlbəttə, söküntü işləri aparılarkən mülkiyyət sahibləri razı salınmalıdır. Əhali də nəzərə almalıdır ki, şəhər böyüməlidir. Beləliklə, "Sovetski"də olan evlər və buna bənzər başqa ərazilərdə olan mənzillər sökülməli, onlar yeni, hündürmərtəbəli yaşayış binaları ilə əvəz olunmalıdır". 
 
MBA Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov hesab edir ki, Baş Planda nəzərdə tutulan söküntü yerində infrastrukturun qurulması üçün ən azı 3 il vaxt lazımdır: "Nazirlər Kabinetinin qərarında "Sovetski" adlanan ərazidə söküntü işlərinin aparılması yerli icra hakimiyyətinə tapşırılır. Köçürülmə prosesi planla olmalıdır ki, bunun üçün də komissiya yaradılmalıdır. Komissiya da plana uyğun köçürülməni təşkil etməlidir. Nazirlər Kabinetinin qərarı qanunauyğundur. Kimlər və hara, hansı formada, həmçinin, yaşadıqları yerdən nə qədər aralı yerə köçürüləcək, yaşadıqları yerlə, köçürüləcəkləri yerdə infrastruktur müqayisə olunmalıdır. Komissiya mülkiyyətçilərdən söküləcək əmlakına görə, kimə ev, kimə pul, kimisinə də torpaq təklif edə bilər".
Ekspert bildirir ki, köçürülmə prosesi 4-5 ay çəkə bilər: "Amma həmin ərazidə infrastrukturun yaradılması üçün ən azı 3 il müddət lazımdır.
 
Bəzən eşidirik ki, "Sovetski"də söküləcək evin hər kvadratmetrinə görə verilən 1500 manat kompensasiyadan narazılıq edirlər.
 
Həmin mülkiyyətçilər açıq bazarda həmin kiçik evlərini satışa çıxarsalar, hər bir kvadratmetrinin dəyəri 1200 manatdan çox hesablanmayacaq. "Sovetski"də olan həmin evlər xəstəlik mənbəyidir. Oradakı evləri alan torpağına görə ala bilər, o da dövlətə məxsusdur. Yəni əhali tikdirdiyi evin altındakı torpağı özəlləşdirməyib".
 
N.İbrahimov vurğuladı ki, yaxın gələcəkdə Bakının tikinti sektorunda köklü dəyişikliklərin şahidi ola bilərik: "Bunun yaxın bir neçə ildə baş verəcəyi gözlənilir. Paytaxtdakı bir və iki mərtəbəli köhnə və yöndəmsiz binaların kütləvi şəkildə sökülməsini, əvəzində daha müasir və eyni ölçülü göydələnlərin inşasını nəzərdə tutan bu dəyişikliklərin mərhələli şəkildə 2030-cu ilədək davam edəcəyini düşünürəm".
 
Xatırladaq ki, 1898-ci ildən bu günədək Bakı şəhərinin 4 baş planı hazırlanıb. Sonuncu 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub. Həmin sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. 2005-ci ildən isə "Böyük Bakının regional inkişaf planı"nın hazırlanmasına başlanıb. "Böyük Bakının regional inkişaf planı" adlı kompleks layihələr Dünya Bankının (DB) ayırdığı 4 milyon və Azərbaycan hökumətinin ayırdığı 1 milyon dollar kredit hesabına maliyyələşir. Onu da vurğulayaq, DB ötən il sənədi maliyyələşdirməkdən imtina etmişdi. Buna səbəb kimi, qurumun planı real qəbul etməməsi göstərilirdi.
 
Planda Bakı şəhərinin qarşısında duran vəzifələrdən biri - şəhərin və bütün Abşeronun vahid nəqliyyat sxeminin tərtib edilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi, Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sisteminin təşkili nəzərdə tutulur. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.