banner
banner

Getmək başqalarına qarışmaqdır!

Getmək başqalarına qarışmaqdır!
Yazar: Türkan Turan

Bəhanəni getmək üçün yox, qalmaq üçün tap. Çünki gedişinə hazır deyiləm. Aramızda yaşanacaq xeyli sevgi məsələmiz var. Bu qədər işi üstümə atıb getmə. Yoxsa içindən çıxa bilmərəm.

Məni kaşlar, gərəklər içinə atma.

Əgər getməkdən israrlısansa adını unutdur sonra get. Səndən sonra adın, təsadüfən də olsa dilimə gəlməsin. Bütün r,y,l,a,ə,d  hərflərini unutdur.

Gedəcəksənsə bu dəqiqə get. O küçənin tinindən dönməyinlə, beynimin sənə aid olan hissəsində iflas elanını verəcəm.

Özümü yalnızlığın qollarına atacam, qısqanclıqdan dəliyə dönəsən deyə.

Amma gedərkən sənə son olaraq bir neçə zəhmət verəcəm. Əvvəlcə qan-rəvan içində olan qollarımdan, sevginin qandalını aç.

Qoxunu burnumdan, öpüş izlərini dodağımdan sil. Əgər getməyə qərar vermisənsə etiraz etmirəm. Amma yanan canımın suluq atmış parçalarını qopart sonra get, amma elə et ki, göynəməsin!

Daha əvvəl nə qədər böyük sevgi yaşadın bilmirəm. Sənin ölçünün “L” olduğunu unutdum. Sevgim sənin ölçünə uyğun gəlmədi. Kəsib-düzəldək deyərəm, amma bu bir az çətindir. Çünki sənin ölçünə uyğun gəldiyi zaman “standart”lar sırasına qoşulacaq. Bu sevgini kəsib, bölməyək deyə, get!

Gedəcəksənsə dalaşmadan get. Məsələn: göz yaşımı qarşında otuzdur, onunla danış. Razı sal. Söylə ki, səndən sonra mənim başıma bəla olmasın. Ona denən ki, axmasın. Görsən yola gəlmir, yalan vədlər ver. Denən “uzağa gedirəm, qayıdacam”. İnandır onu! Bilirəm ki, gözləməsi,  getdiyini bilməyindən daha az təsir edəcək.

İki gün içində sənsizlikdən cadar-cadar olmuş dodaqlar, gedişindən sonra necə olacaq bilmirəm?! Hətta bahalı brendin boyası belə onun dərdinə əlac etməyəcək. Gedirsən get! Amma bil ki, bu dodaqlar təravətini, rəngini, həyəcanını səninlə itirəcək. Çünki sənin dodağının istiliyinə, qoxusuna, toxunarkən titrəyişinə çox alışıb. Dodağımla xüsusi olaraq nəsə danışmağa ehtiyac yoxdur. Onun anlayışı izahat yox, sevgi ilə toxunuşdur!

Sonra təbəssümümlə danış. Denən ki, səndən sonra üzümdə görünməyi unutmasın. Denən ki, sən getsən də, o məni tərk etməsin. Sənsizliyə çox alışmayıb. Söhbət etdiyin zaman sənin üzünə donmuş halda baxacaq. İnanmıram ki, dediyinə əməl edəcək, amma getməyinə belə təbəssüm edəcək. Çünki inanmayacaq.

Gözlərimi unutma. Onu da söhbətə çək. Kədərim gözümdən bilinir, ona denən ki, gedişinlə çöküb məni biabır eləməsin. Hər kəsi məndən “sənə nə olub” sualını verməyə vadar etməsin. Söylə ki, parlaqlığını itirməsin. Denən, hərdənbir də olsa gözlərimdə görünsün. Söylə ki, səndən sonra, yaşatdığın bütün acılara qarşı yumulsun.

Əllərim kapriznidir. Doğrudur, sənin sözündən heç vaxt çıxmır. Amma gedişini hiss etsə onun üçün heç nəyin əhəmiyyəti qalmayacaq. Toxunaraq danışma. Hərarətini hiss etməsin. Onsuzda buza dönəcək. Kənardan otur danış. Dinləyəcək. Tapşır ki, ciblərimdə çox qalmasın. Tez-tez yumruğa dönməsin. Sıxıb özünü qanatmasın. Denən ki, sənsizliyə üsyan edəndə özünü daşa-divara vurub, parçalamasın. Səndən küsüb özünü hər kəsdən saxlamasın.

Saçlarımla tək oturub danışmaq fayda verməyəcək. İştahım razılaşmasa, yemək yeməsə onsuz da saçlarım özü özünü yolub tökəcək. Ona görə saçlarımla özünü çox yorma.

Yaddaşıma təzyiq et, lazım olsa təhdid et. Çünki o sözdən anlamır. Bütün təsəlli, yolagətirən cümlələri də desən, əhəmiyyətsiz olacaq. Öz bildiyin edəcək. Hansı küçədən keçsə, hansı yoldan ötsə, hansı musiqini eşitsə, hansı yeməyin adı çəkilsə özü az deyilmiş kimi, birdə bütün xatirələri yığıb tökəcək qarşıma.

Ayaqlarım çılğındır, onu dayandırmaq çətindir. Denən ki, səndən sonra dəlilik edib bu şəhərin canına düşməsin. Küçələri, yolları, o evin həyətini, o otelin otağını, o restoranın küncündəki masanı axtarmağa yollanmasın. Kim bilir daha hansı dəlilikləri edər?! Denən ki, “gedirəm” nə qədər axtarsan da tapmayacaqsan. Özünü yerə çırpacaq. Dizlərini yerə qoyacaq. Çünki o qorxanda, həyəcanlananda yerə çökür. Titrəyəcək bir xeyli. Bilmirəm razılaşacaq ya yox. Məcbur et, razı sal. Yoxsa özünü hər yerdən məhrum edəcək.

"Ürəyimlə danış" demək istəyirəm. Amma bu boş yerə vaxt itkisi olacaq. Ona heç özüm də söz keçirə bilmirəm. Çünki uzun zamandır “sən” deyib, dayanıb. Yenə də sına. Bəlkə işə yaradı. Ona nəsə desən içdən içə sadəcə qan ağlayacaq. Paramparça olacaq. Bir az qürur göstərəcək. Amma onun bu hərəkətinə sərt reaksiya vermə, çünki bir necə saniyədən sonra səni sevdiyini deyəcək. Sonra sənə getməmək üçün israr edəcək. Bir qədər sonra isə yalvaracaq. Sonra ağlayacaq. Getməyini qəbul etməyəcək. Ritmi pozulacaq. Darmadağın olacaq. Ona söz keçirə bilməyəcəksən. Söz eşidən deyil. Öhdəsindən özüm belə gələ bilmirəm.

Gedirsənsə get. Mənə qaranlığın nə olduğunu öyrət sonra işıqlarımı söndür. Birdən-birə zülmətə qərq etmə.

Nə gərək var? Bəlkə heç getməyəsən?

Qal! Solumu boş qoyma. Əlimi əlindən tutmaq istəyəndə nəhəng boşluğa salma.

Qal yanımda. Yenidən cümlələri sevdir, səndən başqasını yazmayım.

İstəsən masanın sağ və sol küncündə otur. Buna görə mübahisə etməyəcəm. İstəsən çayın mixəkli və ya kəklikotulu olmasına da sən qərar verərsən. Getməsən hər gün o çox sevdiyin donumu geyinəcəm, yenisini bəyənənə qədər.  Hər gün saçlarımı açıq saxlayacam. Həmişə “sən ancaq gül” deyirsən. Qal sənin üçün gülüm. Bütün təbəssümlərim sənin üçün olsun.

Getmək başqalarına qarışmaqdır. Sən ən yaxşısı qal! Getmə!

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: