Dekabrın 4-də Günəşli yatağının 10-cu Dərin Dəniz Özülündə baş vermiş dəhşətli faciədən 4 gün ötsə də, itkin düşən neftçilərin əksəriyyəti hələ də tapılmayıb.
Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan İsmayıl Mehdiyev faciənin dəhşətlərini bir daha anlatdı: “Qayıq 42 nəfərlik idi. Gəmilər də yan alırdı, amma dalğa o qədər böyük idi ki, bizə yaxınlaşa bilmirdilər. Onlar çox kömək eləmək istəyirdilər. Amma mümkün olmurdu, müəyyən məsafədən bizi müşayiət edirdilər. Yanğının üstünə su vururdular ki, sönsün. Yəni çalışırdılar bizə kömək etməyə, amma alınmırdı. Qayıq hamıya bəs edirdi, hamının jiletləri də var idi. Mən özüm şəxsən təşkil elədim, camaatı qayığa yığdım. O salamat qalan qayığı mən özüm sallamışam. Lazım olan səviyyədə saxlamışam”.
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyli bildirib ki, yaralılardan yalnız bir nəfər əməliyyat olunub. O da hadisə baş verən platformanın rəisi Allahverdi Məmmədovdur.
Qeyd edək ki, hadisə baş verən 10-cu Dərin Dəniz Özülündə artıq bərpa işlərinə start verilib.
“Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov deyib ki, artıq bu istiqamətdə işlərin aparılmasına hazırlıq aparılır: “Bir yerdə yanğının baş verməsi o boyda platformanın itirilməsi demək deyil. Sadəcə olaraq, biz yanğını söndürən kimi ilk əvvəl yararsız hala düşmüş avadanlıqların demontajı, ondan sonra onların montajı aparılacaq”.
Dekabrın 7-də faciədə ölənlərin ruhuna ehtiram olaraq Dənizkənarı Milli Parkda anım mərasimi təşkil olunub. Parka toplaşan onlarla gənc əllərində olan qərənfilləri dənizə ataraq, itkin düşənlərin tez bir zamanda tapılması üçün dua ediblər.
Səhiyyə Nazirliyi hadisə ilə bağlı yaydığı ən son rəsmi məlumatda bildirib ki, vəziyyəti yaxşı olan 22 nəfər, təkrar müayinələrə cəlb olunması şərti ilə, ambulator yardım göstərilərək evə buraxılıb: “22 nəfər yenidən müayinələrə cəlb olunub. Onlardan 1 nəfəri ürəkbulanma diaqnozu ilə xəstəxanada saxlamaq məsləhət görülüb. Həmin şəxsin heç bir həyati təhlükəsi yoxdur. Müxtəlif bədən xəsarətləri alan 8 nəfərə xəstəxanada lazımi səviyyədə tibbi yardım göstərilir. Onların da vəziyyəti sabitdir və palatalara köçürülüblər. Müxtəlif dərəcəli yanıq xəsarətləri almış 1 nəfər Respublika Yanıq Mərkəzinə yerləşdirilib ki, onun da vəziyyəti stabildir”.

Qeyd olunub ki, xəsarət alanların vəziyyətləri səhiyyə nazirinin daim nəzarətindədir. Eyni zamanda səhiyyə nazirinin xüsusi tapşırığına əsasən, xəsarət alan və hadisə nəticəsində itkin düşmüş neftçilərin yaxınlarına psixoloji yardımın göstərilməsi üçün ilə psixoloqlardan ibarət briqada yaradılıb: “Bu gün psixoloqlar yenidən Neftçilər Xəstəxanasında olublar, onlara lazımi yardım göstəriblər. Xəsarət alanların tezliklə sağalmaları üçün bütün zəruri addımlar atılır”.
Dekabrın 7-də axşam saatlarında itkin düşən neftçilərdən 6 nəfərin cəsədinin tapıldığı məlum olub. Bu barədə keçirilən mətbuat konfransında çıxış edən SOCAR-ın rəsmisi Balamirzə Ağarəhimov məlumat verib:“Axtarışlar nəticəsində 6 nəfərin cəsədi tapılıb. Onlardan iki nəfərin şəxsiyyəti bəllidir. Həmin şəxslər Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğludur. Bundan əlavə, xüsusi sualtı avadanlıqlar vasitəsilə axtarış işləri davam etdirilir”.

Qeyd edək ki, hadisədə təxribat izinin olub-olmaması ilə bağlı müxtəlif versiyalar var. Rəsmi qurumlar təxribatın olmamasını israrla bildirsələr də, ən çox müzakirə olunan məsələ budur. SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov mətbuata verdiyi açıqlamada faciə ilə bağlı danışarkən bu məsələyə də toxunub: “İnanmıram ki, bu hadisədə təxribat olsun. Hər halda, Dövlət Komissiyası araşdırmalar aparır, nəticələr barədə ictimaiyyətə məlumat verəcək. Faciə baş verən ərazidə işlər aparılır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi üçün əllərindən gələni edirlər. Həm FHN, həm də bizim gəmilər tərəfindən itkin düşmüş insanların axtarışları da davam etdirilir”.

ABŞ-da mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyev isə Rusiya donanmasının bu hadisədə təxribat edə biləcəyi ehtimalını istisna etmir: “Bu hadisənin terrorçularla əlaqəsinin olması az inandırıcıdır. Amma belə bir işi Xəzər dənizinin hər güşəsində üzə bilən rus donanması asanlıqla edə bilər. Onların diversiya ilə məşğul ola bilən xüsusi akvalanq qrupları var. Türkiyənin baş naziri və Azərbaycan prezidentinin görüşündən sonra onların qaz kəməri inşaatının sürətləndirmək barədə verdikləri bəyanat Rusiyanı qıcıqlandıra və Azərbaycanı yüngülvari cəzalandırmaq fikrinə sala bilər. Mən özüm Rusiyanın belə bir işi görə biləcəyinə az inanıram, ancaq yoxlamaq pis olmaz. Sadəcə olaraq, qəza baş verməmişdən öncə o zonada hansı gəmilərin olması müəyyənləşdirilməlidir”.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Günəşli neft yatağında yanğın baş verən 10-cu Dərin Dəniz Özülünə gedib.
APA-nın məlumatına görə, nazir əraziyə baxış keçirib, özüldə yanğının söndürülməsi, habelə hadisə nəticəsində itkin düşənlərin axtarış tədbirləri ilə tanış olub.
SOCAR prezidenti Rövnəq Abdullayev də hadisə yerində yaradılmış operativ qərargahda olub.
Hadisə ilə bağlı yaralılara dövlət səviyyəsində xüsusi diqqət ayrılır. Dekabrın 7-də baş nazirin müavini Əli Əhmədov yaralıları ziyarət edib. O, bildirib ki, itkin düşənlərlə bağlı çox üzgündür: “Buradakı xəstələri ziyarət etdim. Onların səhhətində heç bir ciddi problem yoxdur. Hesab edirəm ki, yaxın günlərdə evlərinə buraxılacaqlar. Baş verən hadisə hamımızı çox üzdü. Əsas da bizi üzən itkin düşənlər, dünyalarını dəyişənlərdir. Cənab prezident də hadisə ilə bağlı bir günlük matəm elan etdi. Hesab edirəm ki, bu, çox düzgün qərar idi”.
Həmin gün bir sıra deputatlar da yaralılara baş çəkiblər.
Dünya ölkələrinin rəhbərlərindən, həmçinin ölkəmizdə fəaliyyət göstərən səfirliklərdən başsağlığı məktubları Azərbaycan prezidentinin və xalqının ünvanına gəlməkdə davam edir.
Başsağlığı verən ABŞ səfiri Robert Sekuta hadisənin böyük faciə olduğunu bildirib.
Həmçinin bu günlər respublikanın məscidlərində faciə qurbanları yad ediləcəklər.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Günəşli yatağındakı neft platformasında baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərə rəhmət diləyib, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Onu da qeyd edək ki, hadisə zamanı itkin düşən və yaralanan neftçilərin ailələrinə dövlət səviyyəsində yardım ediləcək. Bu barədə mətbuata SOCAR-ın rəsmisi Xaliq Məmmədov məlumat verib.
Qəzet çapa gedərkən itkin düşən neftçilərdən hələ ki 6 nəfərin cəsədi tapılmışdı.
Xatırladaq ki, Xəzər Dənizinin Günəşli yatağında faciə dekabrın 4-də saat 17:40 radələrində baş verib. Güclü külək nəticəsində baş verən yanğın zamanı platformada 63 neftçi olub. Onlardan 33-ü xilas olunsa da, qalanları mümkün olmayıb. Hazırda itkin düşən neftçilərin axtarışları davam edir(musavat.com)
Cia.az