Devalvasiya bütün sahələrlə yanaşı, gözəllik salonlarına da təsir edib. Belə ki, bahalaşma gözəllik salonlarının həm işini çətinləşdirib, həm də müştərilərini azaldıb. İşini ona görə çətinləşdirib ki, salon üçün lazım olan bütün avadanlıqların və ləvazimatların qiyməti demək olar, iki dəfə bahalaşıb. Gözəllik salonlarının hazırkı vəziyyəti ilə daha yaxından tanış olmaq üçün ucuz və bahalı yer kimi tanınan iki salona baş çəkdik.
Qeyd edək ki, gözəllik salonları da yerləşdiyi yerə və çalışanlarının təcrübəsinə görə iki qrupa (bahalı və ucuz) bölünür. Hər iki gözəllik salonunda müştəri qıtlığı yaşanırdı. Qiymətlərin bahalığını da müşahidə etdik.
İlk baş çəkdiyimiz nisbətən ucuz salonda əvvəllər 5 manata edilən “ukladka” (saçın düzləşdirilməsi) indi 8 manata edilirdi. Saç ustaları bunu salon üçün lazım olan vasitələrin qiymətinin bahalaşması ilə izah edirdilər. Saç ustası Ləman Quliyeva salona gedənlərin azaldığını bildirdi: “Heç salona gələn də yoxdur. Toya getmək istəyənlər evdə saçını özləri düzəldib gedir. Keçən il Yeni il bayramına 3-4 gün qalmış insanlar xaricə gedirdilər. Bu il heç restorana gedən də olmadı. Devalvasiyadan sonra müştərilərimiz çox azalıb. Həmişə Yeni ilə bir həftə qalmışdan müştəri əlindən tərpənə bilmirdik, yaxşı işləyirdik. Bu il isə cəmi bir gün, Yeni il günü işləyə bildik. O da az sayda müştəri ilə. Elə gün olur ki, gün boyu bir müştərim olur, ya yox. Bahalıqdır deyə nə restorana gedən var, nə də ki, toya, qonaqlığa. Bunlar olmayanda da salona gələn olmur”.
Digər saç ustası Sevda İsmayılova isə onlara lazım olan bütün məmulatların bahalaşdığını dedi: “Əvvəl 3 manat 50 qəpiyə aldığımız şampunu indi 4 manat 50 qəpiyə alırıq. 1 manat 80 qəpiyə aldığımız saç lakı indi 3 manat olub. Saç boyasını 3 manata alırdıqsa, indi 4 manata alırıq. 4 manatlıq saç boyaları isə indi 6 manata satılır. Buna görə də xidmətin qiymətlərini artırmışıq. Saçını boyatmaq üçün salona müraciət edənlərin sayı azalıb. Çoxları boyanı alıb evdə özləri qoyur. ”Ukladkanı" 5 manata edirdiksə, indi 7-8 manata edirik ki, bizə də 2-3 manat pul qalsın. Xidmət qiymətlərini bahalaşdırdığımız üçün çox müştərimiz bizi qınayır. Amma bizi də başa düşsünlər.
Biz də salona icarə haqqı veririk, faizə işləyirik. Həm də ki, bahalıq göz qabağındadır. Biz də uşağımızı bir tikə çörək pulu aparmalıyıq. Əslində insanları da qınamıram. Amma burada bizlik də bir şey yoxdur. Qiymətlər bahalaşandan sonra salona gələnlərin sayı azalıb. Məsələn, bu Yeni il günü salona gələn olmayıb. Keçən il belə olmamışdı. Keçən Yeni il günü biz müştərilərə çata bilmirdik. İndi isə boş-boş oturub gözümüz qapıda bir nəfər də olsa, müştərinin gəlməsini gözləyirik. Əvvəllər günə 30-50 manat qazancımız olurdusa, indi 10 manat olur uzağı".
Baş çəkdiyimiz digər - nisbətən bahalı salondakı qiymətlərdə də artım vardı. Məsələn burada əvvəl 20 manata edilən “ukladka” indi 25 manata, 15 manata kəsilən adi saç 20 manata kəsilirdi. Saç boyanmasının qiymətləri isə növünə görə dəyişirdi. Salonda çalışan saç ustası Səma Əliyeva qiyməti eşidib geri qayıdan müştərilərinin olduğunu dedi: “Bir neçə daimi müştərimiz vardı. Onlar bahalıqdan sonra gəlib qiyməti eşidəndə bizdən inciyərək getdilər. Ancaq bizi başa düşmürlər ki, saç boyalarının, şampunun, makiyaj üçün lazım olan kosmetikaların qiyməti bahalaşıb. Biz istifadə etdiyimiz məmulatları baha alıb necə ucuz xidmət göstərək?! Belə etsək biz ancaq ziyana işləyərik. Müştərilərimiz azalsa da gələnlər var. Saç kəsimlərində də artımlar etmişik”.
İçəridə olan müştərilərdən fikir aldıq. Saçını kəsdirməyə gələn Afaq Muxtarova deyir ki, saçlarının ucundan bir az kəsməyə görə ondan 15 manat pul alıblar: “Başa düşürük, bahalıqdır. Amma saçın ucundan bir az kəsməyə görə 15 manat, sizcə, çox deyilmi?! Qayçının da qiyməti bahalaşıb?!”
Bu zaman söhbətə qatılan saç ustası saçın kəsilmədən əvvəl yuyulduğunu, yuyulma zamanı şampundan istifadə edildiyini, şampunun isə qiymətinin bahalaşdığını əsas gətirərək haqlı olaraq qiyməti artırdıqlarını dedi.
Sırasının gəlməsini gözləyən digər müştəri isə bahalaşmanın günahının salonlarda, ustalarda yox, hökumətdə olduğunu dedi: “Salonların bir günahı yoxdur. Hər şeyin qiyməti bahalaşıb. Satıcıya, ustaya, bank işçilərinə təpinməkdənsə, bu bahalaşmaya səbəb olanlara, bunun qarşısını ala bilməyən hökumətə səs çıxartmaq lazımdır. Hələ bu harasıdır?! Bu gedişlə salonda yox, çörək növbəsində dayanacağıq”.
Qeyd edək ki, kişi salonlarında da bahalaşma müşahidə edilir. Kişi salonunda çalışanlar da bahalaşmanı onlara lazım olan ləvazimatların baha satılması ilə əlaqəli olduğunu deyirlər.
Apardığımız müşahidə devalvasiyanın gözəllik salonlarını da vurduğunu, işlərinin azaldığını, hətta bir neçə kiçik gözəllik salonunun bağlanma təhlükəsi ilə üz-üzə qaldığını deməyə əsas verir. (musavat)
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.