Butan yeganə ölkədir ki, orada əhalinin siyahıya alınması zamanı rəsmi suallarla bərabər daha bir sual da verirlər: “Xoşbəxtsizmi?”
Və son dəfə bu suala cavablar aşağıdakı nisbətdə olub: “Çox xoşbəxtəm” - 45.2%, “xoşbəxtəm” - 51.6%, “xoşbəxt deyiləm” - 3.3%. Ancaq nədənsə Himalayın ətəklərində yerləşən bu balaca ölkənin adı Gallup şirkətinin bu günlərdə açıqladığı xoşbəxtlik siyahısının əvvəlində yoxdur. Əvəzində isə biz varıq.
İnanıram ki, butanlılar heç də avtomat qorxusu altında cavab vermirlər. Onları kralları özlərini xoşbəxt adlandırmağa məcbur etmir. Çünki, kral özü elə xalqının xoşbəxtliyinin təcəssümüdür. Diqqət edin - absolyut monarxiya olan Butanda kral Ciqme Sinqye Vanqçuk 1998-ci ildə öz sərəncamı ilə kralın səlahiyyətlərini azaldır, bu məqsədlə dəfələrlə xalqa müraciət edir və sonunda ölkənin idarəçiliyini ilk dəfə seçilən parlamentlə bölür. Daha 8 il keçir və cəmisi 50 yaşı olan kral hakimiyyəti oğluna verərək balaca evinə çəkilir. Bənzərsiz nümunədir və elə bu fakt yetərlidir ki, monarxiyaya öyrəşmiş və Konstitusiyanı aşağıdan təzyiqlərlə yox, birbaşa yuxarıdan alan xalqın heç də bədbəxt olmadığını qəbul edək.
Gallup şirkətinin tərtib etdiyi xoşbəxt ölkələr siyahısını isə Kolumbiya açır. Yəni, orada yaşayanlar özlərini dünyanın ən xoşbəxti sayırlar. Və bu o ölkədədir ki, tarixin ən uzun vətəndaş müharibəsi bu gün də davam edir. Kolumbiyada müharibə 1948-ci ilin aprelində prezidentliyə namizəd Xorxe Qaytanın qəlindən dərhal sonra (“Boqataso”) başlayıb və odur-odur kommunistlərlə mühafizəkarlar artıq 68 ildir savaşırlar (O müharibənin başlanmasını Markes “Yüz il tənhalıqda” romanında müfəssəl təsvir edib).

Beləliklə, müharibə içində dördüncü nəsil yaşayır, ölkənin şimalında İsveçrə boyda ərazi marksist FARK-ın, cənubunda isə marksist ELN partizanlarının nəzarətindədir. Bu siyasi qarşıdurmalara narkotik müharibələri də qarışıb və müharibənin amalqaması yaranıb. İndi isə bəlli olur ki, Kolumbiyada yaşayanlar özlərini dünyanın ən xoşbəxt adamları sayırlar.
Kolumbiyadan sonra ən xoşbət adamlar (2-ci və 3-cü yerlər) Fici və Səudiyyə Ərəbistanında yaşayırmış. Oralarda əhalinin 85 faizi xoşbəxtdir. Səudiyyə Ərəbistanını yenə bir kənara qoyaq, 1980-cı illərdən başlayaraq dövlət çevrilişlərinə və etnik qarşıdurmalara (aborigenlərlə hindusların düşmənçiliyinə) arena olan Ficidə xoşbəxtliyin hansı krterilərlə təyin edildiyi heç də az təəccüb doğurmur.
Və sonra gəlirik biz - azərbaycanlılar. Gallup bizi 4-cü yerə təyin edib. Demə, Azərbaycan vətəndaşlarının 81 faizi özlərini xoşbəxt sayırlar. Qəribə ölkədə yaşayırıq - ətrafımdakıların hamısı qalan 19 faizə aidmiş. Adama elə gəlir ki, Karel Çapekin gülməli süjetlərini xəyallar aləmindən reallığa düşürüb, sonra da yaxşı yuyub, qurudub kristal həqiqət kimi sırımağa başlayıblar. Reallığın sənətdən irəlidə getməsi yəqin elə buymuş - bu təqdim olunan “reallıq” nə qədər illüzor olsa belə.
Hər halda, məlum sorğuda azərbaycanlıların 33%-nin 2016-cı ilə böyük ümidlər bəslədiyini söylədiklərini bizə bildirirlər. Yalnız 21% reallıq hissini saxlayıb - onlar indiki ildən neqativ nəticələr gözləyir. Halbuki bunu söyləmək üçün öncəgörən olmaq da lazım deyil - yeni il öz xislətini artıq ötən ildən göstərməkdəydi.
Rəyi soruşulanların 66%-i həyatlarından məmnundur, 23% isə neytral mövqedədir, yəni, bilmirlərmiş həyatlarından razıdırlar, yoxsa narazı. Bu ya absurddur, ya da ambivalentlik. Yalnız 10% özlərini xoşbəxt saymır (yəni bədbəxt sayır).
Əlbəttə, bu nəticələri gündəlik olaraq gördüyümüz real həyatla əlaqələndirmək titanik əmək tələb edir, ancaq yenə də sonunda xoşbəxtlik Sizifin daşı kimi aşağı yumallanacaq. Çətin ki, Azərbaycan siziflər ölkəsidir - o qədim əsatir ümidsiz, ancaq barışmadan yaşamaq prinsipini seçmişdi və hər dəfə aşağı yumallanmış daşın arxasınca eniş edəndə özünü xoşbəxt sayırdı. Doğrudanmı, Sizifin qüruru bizim üçün normadır? A tövbə.
Gözəlliyi ilə öyündükləri paytaxtın hər yerində qara paltarlı adamlar dolaşır, üzlər isə ya amimik, ya da əsəbi və yorğundur. Bu qara rəngi insanlara direktivlə geyindirməyiblər, rəngin seçimi tamamilə könüllüdür. Elə bircə bu mənzərə yetərlidir ki, heç bir sorğu aparmadan biləsən - burada xoşbəxt adamlar yaşamırlar.

Məktəb direktorunun müavini kredit borcuna görə özünü məktəb ərazisində yandırır - budur günümüzün adiləşməyə doğru gedən reallığı. Qızı anasını qızıla görə, ər qadınını içki puluna görə öldürür - bu da etik, əxlaqi dəyərlər.
Belə bir toplum xoşbəxtlər siyahısına hansı trayektoriya ilə düşə bilər? Söhbət uşaqlardan getsəydi, yenə də susmaq olardı, axı uşaqlar Aleksandr Blokun adsız şeirindəki kimi, limana yan alan hərbi gəmilərə də sevinirlər. Halbuki o gəmilər başlayacaq Dünya Müharibəsinin müjdəçiləri idi.
Bilmirəm, Qərb “analitiklər”i xoşbəxtliyin kriterilərini necə müəyyənləşdiriblər?! Söhbət hətta yalnız iqtisadiyyat və istehlakdan getsəydi belə, biz o siyahı başayaq oxunanda irəli düşə bilərdik. Özünü xoşbəxt saymaq üçün isə iç rahatlığı, insani dəyərləri uca tutan cəmiyyət, əxlaq kodeksi və sabaha inam kimi şərtlər olmalıdır. Bunlar isə yoxdur və hələ üfüqdə görünmür də.
Görünən isə odur ki, bizimlə zarafatlaşıblar...
Virtualaz.org


