“Fotoqrafçılıq sahəsini ”Panoramik" MMC adlı şirkət öz monopoliyasına alıb. Orta məktəblərdə illərdir biz şəkil çəkirdik. Bu şirkətin də başında Bakı Şəhər Baş Təhsil İdarəsi durur. Məktəb direktorlara da “Panoramik” MMC-nin işçilərindən başqa heç bir fotoqrafçını yaxın buraxmırlar".
Bu sözləri “Yeni Müsavat”a müraciət edən Elçin Paşayev, Elşən Ocaq, Rövşən Qədimov adlı fotoqraflar deyiblər. Onlar şikayətçi fotoqrafçıların çox olduğunu, lakin hamısının redaksiyaya gələ bilmədiyini dedilər: “Bakı Şəhər Təhsil İdarəsi məktəblərdə foto sahəsini monopoliyaya almaq məqsədilə özlərinə şirkət qurublar. Bu şirkət də ”Panoramik" MMC-dir. Bütün məktəblərə də fotoqraf işlərini bu şirkətlə görmək üçün tövsiyə xarakterli məktublar göndərirlər. Bu şirkət məktəb direktorlarına deyib ki, məktəblərə heç bir fotoqraf buraxmasınlar. Yalnız Bakı Şəhər Təhsil İdarəsindən razılığı ilə “Panoramik” MMC-dən müəyyən adamlar gəlib şəkil çəkəcəklər.
Bizim hər birimizin illərdir işlədiyi 4-5 məktəb vardı. İndi bizim heç birimizi o məktəblərə buraxmırlar. Direktorlara deyilib ki, kim məktəbə fotoqraf buraxsa, işdən çıxarılacaq. Bunu bizə məktəb direktorlarının özləri deyib. Bakı Şəhər Təhsil İdarəsi isə deyir ki, biz bu şirkətlə müqavilə bağlamışıq və sadəcə olaraq, tövsiyə edirik. Əslində isə tövsiyə etmirlər, direktorlara əmr edirlər".
Məsələ ilə bağlı Təhsil Nazirliyinin qaynar xəttinə də müraciət etdiklərini deyən fotoqrafların sözlərinə görə, qaynar xətdən “kommersiya xarakterli foto işini kim ürəyi harada istəsə orada edə bilər” cavabını alıblar: “Bu iş kommersiya xarakteri daşıdığına görə Təhsil Nazirliyi qarışmır. Amma Təhsil İdarəsi başqa söz deyir. Şəkillərin pulunun yığılmasında da bu şirkət tələskənlik edir. Şəkli çəkdikdən sonra iki gün vaxt qoyurlar ki, pulu yığsınlar. Biz belə etmirdik. Bütün şagirdlər, valideynlər bizim işimizi bəyənir və istəyirlər”.
Məsələ ilə bağlı ittihamda adı hallanan “Panoramik” MMC-nin əməkdaşı Elnur Rzayevlə əlaqə saxladıq. E.Rzayev şirkətlərinin yalnız tövsiyə məqsədi ilə məktəblərə müraciət etdiyini bildirdi: “Bizim işimiz yüksək keyfiyyətdə olduğu üçün məktəblərə tövsiyə xarakterli məktublar göndərmişik. Şagirdlər fərdi fotoqraflara vinetka hazırlamaq üçün pul verirlər, ancaq çox vaxt vinetka gəlib çıxmır. Biz də, digər şəxslər də öz işlərini aparıb şagirdlərin qarşısına qoyuruq. Baxıb hansının keyfiyyəti yaxşıdırsa, onu alırlar. Kimisə ”sən bunu seç" deyə məcbur etmək mümkün deyil".
Bakı Şəhər Təhsil İdarəsinin Təminat və təchizat sektorunun əməkdaşı Mirdamət İbrahimov şikayətçi fotoqrafların dediklərinin əsassız olduğunu bildirdi: “Biz təhsil müəssisələrinə ”Panoramik" MMC-ni sadəcə olaraq tövsiyə etmişik. Əvvəllər şəkil işinə görə uşaqlardan pul yığılırdı və bu da narazılığa səbəb olurdu. Biz də bunu standartlaşdırmaq üçün münasib qiymətlərlə və yaxşı keyfiyyətlə təklif verdik ki, əgər istəsəniz “Panoramik” MMC şirkəti ilə işləyə bilərsiniz. Amma bu məcbur deyil. Kim hansı fotoqrafla işləmək istəyirsə, işləyə bilər. Bu, qarşılıqlı razılaşma ilə olan bir şeydir".


