banner
banner

Alkaş yazıçılarımız

Alkaş yazıçılarımız
Yazar: Azər Qismət

Lev Tolstoy yuxudan oyanandan sonra hər gün meşəyə üz tutarmış.

O, ağacların arasında gəzər, bəzən yarpaqlar altında təzəcə pöhrələnən göbələkləri səbətinə yığarmış. Mənzilinə qayıdandan sonra yeni əsərinə başlayar, yaxud, köhnəsini davam etdirərmiş. Elə məhz buna görə də onun vaxtilə yazdığı əsərlər aydın oxunur. Sanki, həmin əsərlərin içində sağlam düşüncəli insanlar əyləşib söhbət edirlər. Onun istənilən əsərinin hər cümləsində, hər abzasında bir məna var. Və bu məna anlaşılandır.

İndiki bəzi gənc yazıçıların əsərləri isə söz yığınından savayı bir şey deyil. Nə bir məna, nə bir yaddaqalan surət. Soruşanda da deyirlər ki, “siz bizi anlaya bilməzsiniz”. İndi istənilən saytda, istənilən sosial şəbəkədə əksər yeni yazıçıların fotolarını görmək mümkündür. Özü də necə. Ya hansısa məclisdə oturub yeyib-içirlər, ya da damaqlarında siqaret tüstülədirlər. Siqaretin də tüstüsü elə tünd əks olunur ki. Sanki, bu tüstü siqaretdən yox, dərd çəkən yazıçının canından çıxır. Yaxud, hansısa şair elə dərd-qəmə batıb ki, gözlərinin içi çuxura düşüb, ovurdları batıb.

Harda yazılıb ki, yazıçı məhz dərd çəkən obrazda təsvir edilməlidir? Yaxşı, anladıq ki, Füzuli dərd əlindən dağlara çəkilib, “bəlayi-eşq ilə qıl aşina məni” deyib fəryad edib. Axı Füzuli gününü kafelərdə keçirib, gündə iki qutu siqaret çəkməyib? Füzulinin dərd çəkməsi obrazlarını daha yaddaqaln və həqiqi vermək istəyindən irəli gəlib, əzizlərim. Məsələn, Qeysin səhralara düşməsini, yaxud Leylinin zülüm-zillət çəkməsini qələmə alanda. Daha, bütün günü Kərbala çölündə ağlayıb, göz yaşlarını qumla silməyib.

İndiki yazıçıların bəziləri isə kafe-restorana pulları çatmayanda, evdə öz stolunun fotosunu çəkib özünü məsti-xumar göstərir. Stolun da üstündə bir baş soğan, bir butulka araq, zavod çörəyi, bir qutu siqaret mütləq olmalıdır. Özü də külqabıda yana-yana qalan siqaret olsa lap əntiqə olar. Yazıçı və şair də əlini atıb qulağının dibinə və kənara baxır. Elə baxır ki, sanki gözləri indicə ovcuna düşəcək. Əsərini də oxuyanda cümlələr ilan-qurbağa, anlaşılmaz. Əgər detektivlərin başını Şerlok Holms xarab etdisə, bəzi gənc yazıçıların da başını Kafka.

Hansı kriteriyaya əsasən yazıçı idman meydançasında, məşq salonunda, meşədə görünməməlidir? O yazıqlar da belə foto çəkdirməyə qorxurlar. Bilirlər ki, bu fotonu dolamağa başlayacaqlar: “Yazıçı hara, idman zalı hara?”. Halbuki, sübut olunub ki, hər hansı ədəbi əsərin uğuru üçün sağlam nəfəs vacib şərtdir. Olmaz. Mütləq siqaret çəkməli və üstündən turşumuş çaxır içməlisən. Vəssalam. Deməli, bunu etməyən əsil şair, əsil yazıçı deyil.

Cəmiyyətimizdə çox qəribə tendensiya hökm sürür. “Filankəs ağıllı adamdır. Niyə? Çünki ingilis dilini bilir”. Məgər, ingilis dilini bilmək ağıllılıq göstəricisidir? Ona qalsa bu məntiqlə Böyük Britaniyanın səfili, yenicə dünyaya gələn körpəsi də ingilis dilini bilir. Deməli, ağıllıdır?

“Filankəs rəssama bənzəmir. Niyə? Çünki sifəti saqqallı deyil”. Məgər, hər sifəti saqqallı olan rəssamdır? Bu kriteriyaları kimlər düşünüb, anlaşılmır. Dünən əlinə fırça alan bu gün saqqal saxlamağa başlayır, saçları da pırtlaşıq. Rəssamın ki köynəyi kir içində olmadı, üstündən ot-ələfin, bataqlıq gülünün qoxusu gəlmədi, daha o nə rəssam oldu? “Filan yazıçını apar tulla, yaxşı yazıçı deyil, çünki qalstuk taxır”. Yox, gərəkdir ki, yazıçı hər gün evinə sürünə-sürünə gəlsin, qonşular fitə bassın, kürəyində təpik yerlərinin izi qalsın. Belə olsa, deməli, əsil yazıçıdır. Dünən əlinə qələm alan gənc yazıçı hələ bitməyən əsərinin müzakirəsini aparır, siqaret dumanı içində 3 butulka araq içilir, 5 qutu siqaret çəkilib qurtarır. Amma hələ də onun əsəri üzə çıxmır. Özü də belə “ədəbi” məclislərdə hər söz, hər ifadə müzakirə edilir. Daha anlamaq istəmirlər ki, dünyanın əsil ədəbiyyat nümayəndələri daha söz oyunundan beziblər, onları süjet xətti, obrazların inandırıcı verilib-verilməməsi maraqlandırır.

Günümüz bax belədir, qardaşlar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: