banner
banner

Sosİal

Ölkədə gizli yayılan virus dəhşət saçır

Ölkədə gizli yayılan virus dəhşət saçır
Bu gün dünyada hepatit B və C viruslu xəstələrin sayı 400 milyon nəfərdən çoxdur. Hər il bu xəstəlikdən 1,4 milyon insan dünyasını dəyişir. Bu isə gündə 4 000 nəfər deməkdir. Hepatit dünyada ölümə səbəb olan xəstəliklər sırasında yeddinci yerdədir.
Hepatit virusu inkubasiya dövrünün uzunmüddətli olmasına görə təhlükəlidir. O, orqanizmə düşdüyü zaman insan heç nə hiss etmir, yəni qaraciyərinin praktiki olaraq dağılmaqda olduğunu bilmədən uzun illər yaşaya bilir. Bununla yanaşı, ən acınacaqlısı odur ki, virus 95 faiz halda təsadüfən, başqa analizlərin verilməsi, başqa müayinələrdən keçilməsi zamanı üzə çıxır. Ümumdünya Səhiyyə Təşkilatının proqnozuna əsasən, yaxın 10-20 ildə hepatitlər üzündən qaraciyər serrozu 60 faiz, qaraciyər xərçəngi 68 faiz, qaraciyər mənşəli digər xəstəliklərdən ölüm halları isə iki dəfə artacaq. HBV daha çox qaraciyər xərçənginə, Hepatit C Virusu isə serroza gətirib çıxarır. Serrozun yeganə effektiv müalicə yolu qaraciyər transplantasiyasıdır. Bu prosedurun dəyəri dünyada 100-150 min dollar aralığında dəyişir.
 
Bəs Azərbaycanda durum necədir? 

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə hepatitli viruslara yoluxmuş 2381 insan olubsa, bu rəqəm 2009-cu ildə 1861, 2011-də 780, 2012-də 665, 2013-cü ildə isə 524 nəfər olub. 2014-cü və 2015-ci illər üçün isə rəqəmlər açıqlanmayıb. Real vəziyyətdə isə xəstəliyindən xəbərsiz olan və ya xəstəliyini bilib  qeydiyyatdan keçməyən insanların sayı göstərilən rəqəmlərdən dəfələrlə çoxdur.
 
"Azərbaycan təbabətinin müasir nailiyyətləri" adlı jurnalda verilən məlumata əsasən, 2000-2009-cu illərdə Bakı və Naxçıvanda bu və ya digər xəstəliklərə görə qanları analiz olunan, həmçinin könüllü qan verən 18-60 yaş qrupuna daxil olan 50 min nəfərdən çox şəxsin orta hesabla 3,5 faizinin HBV, 4,5 faizinin isə HCV-yə yoluxduğu aşkarlanıb.
 
Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi və "Ekspert" iqtisad jurnalı 2011-ci ildə apardığı araşdırma zamanı bu iki məlumatı müqayisə edib: "Nəzərə alsaq ki, bu yaş qrupu ölkə əhalisinin üçdə ikisini təşkil edir, o zaman ölkə üzrə təxminən 450 min nəfərdən çox 18-60 yaşlı insanın təhlükəli viruslara yoluxduğunu söyləmək olar. Digər yaş qrupları ilə birlikdə isə bu göstərici daha yüksəkdir. Halbuki rəsmi statistik məlumatlar bundan dəfələrlə aşağı bir rəqəm üzərində qurulur. Bu səbəbdən rəsmi strukturlardan kənarda bütün mənbələr rəsmi statistikanın real vəziyyəti əks etdirmədiyi qənaətindədir. Hətta bəzi qeyri-hökumət təşkilatları Azərbaycanda 750 min nəfərin HBV və HCV-yə yoluxduğunu qeyd edirlər".
 
Yazıçı, şairə həkim səhvi ucbatından virusa yoluxub 

İmişli rayon sakini, şairə Məryəm Şahverdiyeva həkim səhvinin qurbanı olub. Dişini müalicə etdirərkən Hepatit C virusuna yoluxub və müalicə oluna bilmədiyindən hazırda qaraciyər serrozundan əziyyət çəkir. Şairə bizimyol.info-ya bildirdi ki, 2 il əvvəl o, diş həkiminə həm bakıda, həm də İmişlidə bir neçə dəfə müraciət edib. Bundan sonra səhhətində problemlər yarandığına görə həkimə üz tutub. Bu zaman Hepatit C virusuna yoluxduğunu öyrənib: "Bakının ən qabaqcıl klinikalarında, eləcə də İranda müayinə olunmuşam. Mənə Hepatit C diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, bu virusa məhz stomatoloq yanında yoluxmuşam. İranın yazdığı müalicə mənə yaxşı təsir etmədi".
 
M.Şahverdiyeva deyir ki, ölkə daxilində dəfələrlə müalicə alsa da heç bir faydası olmayıb. 12 min manatlıq dava-dərman qəbul etsə də vəziyyəti ağırlaşmağa davam edib: "Həkimlər deyir ki, Türkiyədə sənə kömək edə bilərlər. İmişli rayon İcra Hakimiyyətinin başçısına müraciət edərək, kömək istəmişəm. Axı bu rayon tarixində yeganə yazıçı, şairə, mədəniyyət işçisiyəm. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında öz şəxsi hesabıma kitab çap etdirib, təmənnasız paylamışam və bunu özümə borc bilmişəm. İndi mən heç kimə yalvarmıram. Allah nə yazıbsa, onu da görəcəyəm. Hazırda dərmanlarımın biri 1000 manat edir. Hardan alım bu pulu? Necə həyatda qalım?".
 
Adil Qeybulla: "Əhalinin böyük əksəriyyəti hepatitə yoluxduğunu bilmir"

Həkim Adil Qeybulla bizimyol.info-ya açıqlamasında bildirib ki, Hepatit C virusu, Hepatit B, Hepatit D virusu kimi Hepatit A virusunun törəmələridir. Hepatit C virusu isə  ancaq qan yolu ilə keçir: "Hava, damcı yolu ilə keçməsi mümkün deyil. Ancaq virusun cinsi yolla keçməsi sual altındadır. Hepatit B məişət yolu ilə, cinsi yolla keçmə ehtimalı var. Hepatit C əvvəllər adətən qanköçürmə zamanı xəstələrə yoluxurdu. Bu B-yə nisbətən zəif virus sayılır. Ancaq hal- hazırda bu virus özünü daha güclü formada göstərir. Hepatit C virusunun genotipində 10 subtitrı var. Birinci, ikinci subtitr, sonra "2a", "2b" və s gəlir. Bunlar ağır genotip sayılırlar. Azərbaycanda da ən çox yayılmış formalar bunlardır. Narkomanlar arasında daha çox "3B" genotipi yayılır. Yəni Hepatit C epidemioloji coğrafiyası haqqında heç nə deyə bilmərəm. Çünki o rəsmi strukturların qeydiyyatında yer alır. Ancaq hesab edirəm ki, əhalinin ən azı bir dəfə dispanzerizasiya olunması yaxşı olar, ölkədəki epidemioloji mənzərəyə aydınlıq gətirilər. Təəssüflər olsun ki, əhalinin böyük əksəriyyəti hepatitə yoluxduğunu bilmir. Xəstəlik tam gec dövrlərdə - qaraciyərdə şiş, serroz olduqda özünü göstərir. Xəstəlik müalicə olunmazsa qaraciyər serrozuna və yaxud qaraciyər xərçənginə gətirib çıxarır. Ona görə də xəstəlik özünü ilk dövrlərdə bildirmir. Xəstədə zəif halsızlıq və s. ola bilər. Çox insanlar da buna əhəmiyyət vermir. Artıq son dövrə çatdıqda, qaraciyəri sıradan çıxardıqda o xəstələrin müalicəsi də çətinləşmiş olur. Sonda da qaraciyər transplantasiyası ilə nəticələnir". 
A.Qeybullanın sözlərinə görə, ümumiyyətlə Hepatit C-nin müalicəsi üçün Ümumdünya Səhiyyə Təşkilatının alqoritm protokolu var. Bu protokola görə, peginterferon və antivirus dərmanı ribavirin birgə vurulur: "Bunların müalicə texnikası artıq tam müəyyən edilib. Sadəcə xəstəliyin vaxtında aşkarlanması və müalicəyə başlanması lazımdır. Təəssüflər olsun ki, bu müalicə hələlik bahalı müalicə kateqoriyasına aiddir. İndi dövlət proqramı var. Burada da xəstələr növbəyə durur, onların müalicəsi növbə ilə olduğundan müəyyən zaman keçmiş olur. Bu da bəzən xəstəliyin gedişində aqressiv xarakter alır. Ona görə də görürsünüz ki, bəzi xəstələr bu müalicəni öz hesablarına almağa çalışırlar. Əlbəttə dərmanların qiyməti nisbətən ucuzlaşsa, xəstələr bundan daha yaxşı fayda görə bilərlər.
 
Həkimin fikrincə, xəstəlik yayıla-yayıla gedir: "Rusiyada bunun üzərinə çox ciddi düşüblər. Bizdə də bu sahədə müəyyən işlər görülüb. Stomatoloji kabinetlərdə, hansılardakı müasir səviyyədə iş qurulub, orada virus əleyhinə olan dərmanlar var. Ancaq bunların necə və hansı normada işlənməsi ilə bağlı məlumatlandırılmalıdır. Məsələn, qana toxunan alətlər dişi yonmaq üçün olan aparatın ucuna taxılan aplikatorlardır. Onlar da bir dəfə istifadə olunduqdan sonra atılsa daha yaxşıdı. Əgər atılmırsa, onlar fırça ilə yuyulduqdan sonra virus əleyhinə olan dərmanla təmizlənməli sonra sterilizə olunmalıdır. Ancaq görürsünüz ki, bütün alətləri stresilizə edirlər, o bor maşının ucu yaddan çıxır sadəcə onu spirtə atırlar və s. Bu isə virusu təmizləmək üçün yetərli deyil. Ona görə də ən çox yoluxma burdan baş verir. Cərrahi alətlərdən, manipulyasiya alətlərindən bu asanlıqla keçə bilər. Hər bir şəxs öz məsuliyyətini hiss eləməlidir. Düşünürəm ki, tez-tez yoxlamalar aparılmalıdır. Hər hansı yoluxma faktı olan zaman onun  hardan yayılması ilə bağlı iş aparılmalıdır. Belə-belə bu məsələnin üstünə düşmək olar".
 
Zəlimxan Məmmədli: "Biz həkimlər də təhlükəli viruslara yoluxa bilərik" 

Stomatoloq Zəlimxan Məmmədli bizimyol.info-ya açıqlamasında bildirdi ki, ümumi tibbdə müəyyən olunmuş normalar var. Sterilizasiya, dezinfeksiya qaydaları, onun üçün istifadə olunan məhsullar və s. "Xüsusilə Avropada indi bütün virusları hətta Hepatit B, C kimi təhlükəli virusları qısa zamanda məhv edə biləcək kimyəvi preparatlar var. Bunlardan düzgün istifadə olunsa, sanitar qaydalara əməl olunsa və həkimin özünün, tibb personalının bu məsələyə ciddi yanaşması olsa, stomatoloqlardan bu xəstəliyin yayılma ehtimalı sıfıra düşər. Hepatit C qanla yayılan virus olduğundan qaraciyəri zədələyir. Stomatologiyada bu açıq əməliyyatlarda, diş çəkmək, kanallarda sinirlərin çıxarılması, iynə vurulması, xırda kəsiklərin aparılması, diş daşlarının təmizlənməsi kimi proseslərdə bütün hallarda diş əti və qan damarları zədələnir. Bu zədə infeksiyanı götürmək üçün açıq bir mənbədir".
Z.Məmmədli deyir ki, adicə kanalları işləyən alətlər steril deyilsə, bir xəstədə istifadə olunub, digərində də istifadə olunarsa, nəzəri olaraq bir xəstə hepatit C xəstəliyinin daşıyıcısıdırsa, digər xəstə də virusa yoluxmuş olur: "Və yaxud da sterilizə olunmamış lanset, pinset və digər cərrahi alətlərdə normal sterilizasiya prosesləri olmasa, bu baş verə bilər. Ona görə də ilkin növbədə sterilizasiya və həmin avadanlıqların olması vacibdir. Hazırda vakum cihazları var ki, bunların olması mütləqdir. Sovet səhiyyə sistemində işləmiş biri kimi deyə bilərəm ki, onu yalnız isti ilə dezinfeksiya etmək olardı. İndi isə kifayət qədər vakumla, yüksək atmosfer təzyiqi altında sterilizasiya aparatları var. Bu aparatların alınması və onlardan düzgün istifadə bu xəstəliyin profilaktikasında ciddi rol oynaya bilər. Potensial olaraq həkimlərin özləri də virusa yoluxma riskinə malikdirlər. Mən hər zaman söyləyirəm ki, biz ona görə alətlərimizi düzgün sterilizasiya eləməliyik ki, özümüz də yoluxa bilərik. Bu prosedurlara düzgün əməl olunmasa, açıq əllə olunan əməliyyatlarda xəstə özü bu virusun daşıyıcısıdırsa, həkim özü də bu xəstəliyə yoluxa bilər. Həm özümüz, həm də vətəndaşı qorumaq üçün biz həkimlərin məsuliyyəti var. Əgər məsuliyyətlə yanaşsaq xəstəliklərin minimum enməsinə şərait yarada bilərik"(bizimyol)
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.