Ötən il ölkədə baş verən iki kəskin devalvasiya ciddi ixtisarlar və işsizliklə müşayiət olunsa da, hökumət fərqli düşünür. Bu ilin əvvəlindən bir sıra müəssisə və qurumlar yeni iş yerlərinin yaradılması barədə elanlar verirlər. Hətta iş yerlərinin yaradılması ilə bağlı anons yüksək səviyyədə səslənməkdədir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bir neçə gün əvvəl mediaya açıqlamasında bildirib ki, 40 mindən artıq müxtəlif yöndə iş yerləri açılıb. “Yəni buraya həm dövlət, həm də özəl sektor daxildir. Bizə məlumat daxil olub ki, SOCAR tərəfindən 2 minə yaxın iş yerinin yaradılmasına dair qərar qəbul olunub. Bu faktın özü bir daha onu göstərir ki, insanların işlə təminatı asanlaşdırılır” deyə, nazir bildirib.
Ekspertlər isə bildirirlər ki, əslində iqtisadi böhran o həddədir ki, iş yerləri kütləvi şəkildə qapadılır, eyni zamanda dövlət qurumları ciddi ixtisarlara gedir. Ancaq ölkədəki ajiotajı aradan qaldırmaq üçün yeni iş yerləri ilə bağlı xəbərlər gündəmə gətirilir. Yəni bu, hökumətin böhranın ölkəyə ciddi təsir etmədiyi barədə rəy yaratmaq üçündür.
Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, əslində çox qəribə bir situasiya yaranıb:“Çünki həm dövlət başçısı, həm və bir çox nazirlər keçən ilin sonu bu ilin əvvəlində dövlət aparatında hətta birləşmələrin olacağını, ixtisarların baş verəcəyini, effektiv idarəetmə modelinə keçilməyin labüd olduğu haqqında açıqlamalar vermişdilər. Bu yöndə bəzi addımlar atıldı. Bəzi qurumlar ləğv olundu, bəziləri birləşdirildi. Doğru olan da bu idi əslində. İş yerlərinin itirilməsi çox ağrılı məsələdir. Nə qədər ağrılı olsa da, dövlət buna getməlidir. Həmçinin iş yerlərini itirən insanların başqa sahələrdə özlərini realizə etmək üçün şərait yaradılmalıdır. Dövlətin əsas işi bundan ibarətdir. Amma ixtisarların getdiyi məqamda nəsə baş verdi, yanaşma fərqi yarandı. Yəqin insanların kütləvi şəkildə işsiz olması sosial gərginliyin artırılmasına yönəlik bir addım kimi dəyərləndirildi.
Artıq həm informasiya müharibəsi şəklində, informasiya ötürülməsi şəklində hər gün yeni iş yerləri ilə bağlı bir rəy yaratmağa çalışılır. Bildirilir ki, yeni iş yerləri yaranır, problem yoxdur, iş yerləri artacaq. Həm də çox güman ki, bəzi dövlət və hökumət qurumlarına tapşırıq verilib ki, insanların maaşlarının azaldılması yolu ilə başqaları da işə götürülsün. Çox güman ki, qənaət olunan pula müvəqqəti də olsa, iş yerlərinin yaradılması plan kimi qarşıya qoyulub. Görüntü budur. Amma o da effektiv deyil.
Dayanıqlı model deyil. Çünki son 15 ildə Azərbaycanda iş yerləri ilə bağlı yanaşma kökündən yanlış idi. Neft pullarına görə təmir-tikinti xərcləri artırılmışdı, təmir-tikinti xərcləri sözü ilə iş yerləri yaradırdı. Dövlət, hökumət aparatı şişirdilirdi. Yeni iş yerləri yaradılırdı. İndi biz bunun acısını çəkirik və çəkməkdə də davam edəcəyik. Düşünmürəm ki, belə müvəqqəti addımlarla müəyyən işləri inzibati qaydada həll etmək, bu problemi kökündən həll etmək mümkün olsun. Çünki iqtisadiyyatın öz qanunları var.

İnzibati yolla, əmr yolu ilə iqtisadiyyatı idarə etmək mümkün deyil. Ola bilər, müvəqqəti olaraq bir neçə ay prosesi idarə etmək mümkün olsun, amma kommersiya şirkətlərində, özəl şirkətlərdə işsizliyin artmasının qarşısını necə ala bilərlər axı? Ancaq təşviq proqramları ilə vergi güzəştləri ilə bu işi edə bilər. Amma biz bunu da görmürük. Nə təşviq proqramları var, nə vergi güzəştləri var. Amma məsələn, dükanlar bağlanır, iş yerləri qapadılır, vizual olaraq Bakıda artıq açıq-aşkar görmək olar ki, nə qədər iş yerləri qapadılır. Bank sektorunda qapanma prosesi gedir, minlərlə insan işsiz qalır. Bank bağlanırsa, təbii ki, işsizlik artır. Ona görə də hökumət sovetdən qalan yanaşmanı kənara qoyub görüntü xatirinə işlər görməkdənsə, problemin köklü şəkildə həll olunmasına imkan yaratmalıdır. Bunun üçün bir proqram işləyib hazırlamalıdır. Söhbət ondan gedir ki, özəl sektorda kifayət qədər liberal və sərfedici bir şərait yaradılmalıdır ki, iş yerləri yaransın. Bunun üçün özəl vergi güzəştləri, gömrük güzəştləri olmaldıır. Gömrük tarifləri aşağı salınmalıdır.
Azərbaycan dünyada bəlkə də nadir ölkələrdəndir ki, öz ölkəsində bir çox mallar istehsal olunmur, amma gömrük vergisi, rüsumu tətbiq edir. Bir çox problemlər həll olunmalıdır ki, iş yerləri problemi köklü həllini tapsın. İndi görünən vizual, müəyyən effekt yaratmaq üçün aparılan işlərdir. Bunun da heç bir ciddi təsiri olmayacaq”.
Ekspert Rəşad Həsənov isə qeyd edib ki, iş yerlərinin yaradılması üçün heç bir iqtisadi əsas yoxdur: “İqtisadi situasiya, heç nə dəyişməyib əslində. Yəni problemlər getdikcə dərinləşir və böhran öz təsirlərini göstərməkdədir. Xüsusilə də real sektorda çox ciddi durğunluq yaşanmaqdadır. Bunun nəticəsidir ki, hökumət devalvasiya xərclərini azaltmaq məqsədilə ciddi ixtisarlara gedir.
Eyni zamanda bağlanan iş yerlərinin sayı artır. Bu proses gündən-günə dərinləşir. Bununla yanaşı olaraq, hökumət ictimaiyyəti sakitləşdirən mesajlar verməyə cəhd göstərir. Yeni yaradılan iş yerləri ilə bağlı xəbərlər yayılır. Əsas məsələ ondan ibarətdir ki Azərbaycanda kifayət qədər qeyri-leqal əmək bazarı var. Xüsusilə də bu, qeyri-neft sektorunda, biznesdə müşahidə olunur. Qeyri-leqal əmək bazarının potensialından bu gün hökumət müəyyən qədər istifadə etməyə cəhd göstərir.
Bu məqsədlə də biznes və sahibkarlara Sosial Müdafiə Nazirliyinin, Əmək Müfəttişliyinin xətti ilə təzyiqlər etməklə rəsmiləşdirilən iş yerlərinin artırılması tələb edilir. Bu işlər də öz bəhrəsini verir. Faktiki olaraq iş yerləri sadəcə rəsmiləşdirilərək statistik göstərici yaradılır. Digər tərəfdən, müəyyən iş yerlərinin yaradılması bağlanmış iş yerlərinin hesabınadır. Mümkün qədər hökumət çalışır ki, sosial ağırlığı, böhranın təsirlərini balanslaşdırsın, minimuma endirsin. Buna görə də real, iqtisadi əsaslara söykənən addımlar atılmalıdır. Yeni açılan iş yerləri ilə bağlı açıqlanan fikirlər bu kimi amillərin nəticəsidir".
Cia.az