Xəbər verdiyimiz kimi, daxili işlər orqanlarında xidmətə qəbul zamanı ictimai asayişin qorunmasında 2 il ərzində polis orqanları ilə əməkdaşlıq etmiş şəxslərə üstünlük veriləcək. Bu, prezident İlham Əliyevin imzaladığı “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” fərmanda əksini tapıb.
Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş (qadınlar istisna olmaqla), yaşı 20-dən az və 24-dən çox olmayan Azərbaycan Respublikası vətəndaşları könüllülük əsasında cəlb edilə bilərlər. Cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, psixi xəstəliklə, narkomanlıqla, alkoqolizmlə bağlı müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş və inzibati xəta törətdiyinə görə barəsində son bir il ərzində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxslər polis orqanları ilə əməkdaşlığa cəlb edilə bilməzlər.
Amma sözügedən fərman imzalanan gündən etibarən onunla bağlı müzakirələr də bir neçə istiqamətdə haçalanıb. Sosial şəbəkələrdə bunu “polisə işverənlik” kimi də qiymətləndirənlər var, dünya təcrübəsi ilə eyniləşdirənlər də. Çünki hələlik bu anlayış beyinlərdə tam oturmayıb.
“Strateq” Araşdırma Qrupunun məlumatına görə, dünya təcrübəsində bunun nümunələri çoxdur. Belə ki, ötən əsrin 90-cı illərindən etibarən ABŞ-da ictimaiyyətin iştirakı ilə asayişin qorunması fəlsəfəsi meydana çıxmağa başlayıb. Nəticədə polisin fəaliyyətində müvafiq dəyişikliklər həyata keçirilib. Uzun illərdir, ABŞ-da “Rayona nəzarət”, “Qonşuya nəzarət” kimi tərcümə edə biləcəyimiz “Neighbourhood Watch” proqramı geniş tətbiq olunur. Bu proqrama uyğun olaraq əhali sosial şəbəkələrdən geniş istifadə edərək asayişin qorunmasında polisə yardım edirlər. Rayona Nəzarət Qrupu üzvləri tvitter sosial şəbəkəsində xüsusi mühafizə olunan hesaba problemlər, cinayətlər barədə məlumatlar verirlər. Xüsusi e-mail qrupları vasitəsilə məlumat mübadiləsi edir, telefonla polisi məlumatlandırırlar. Bir çox iri şəhərlərdə Rayona Nəzarət Qrupunun üzvü olmaq üçünsə polis məntəqələrində hazırlıq keçmək gərəkdir.
Böyük Britaniyada da xüsusi “Gözətçi qruplar” formalaşdırılıb. Bu qruplar yaşayış yerləri üzrə yaradılır. Bir çox yerli polis strukturlarında xüsusi bölmələr yaradılıb ki, hazırlıq keçmiş vətəndaşlar həftədə minimum 4 saat orada könüllü şəkildə işləyirlər.
Almaniyada hər bir federal torpaq (vilayətlər) vətəndaşların asayişin qorunmasına cəlb edilməsi üçün proqram hazırlayır. Bu proqramlarda vətəndaşların polislərin tərəfdaşı kimi asayişin qorunmasına cəlb olunması üçün tədbirlər nəzərdə tutulur. 2016-cı ildə miqrantların axını ilə cinayətlərin sayının artmasından sonra könüllü vətəndaş patrulları təşkil olunub. Almaniya rəsmiləri bəyan ediblər ki, bu patrullar polisə yardım etmək istəsə, onlara heç kim mane olmayacaq. Amma onlar polisin funksiyalarını mənimsəyə bilməzlər.
Polşada asayişin qorunmasına vətəndaşların fəal cəlb olunması üçün “Təhlükəsiz şəhər”, “Təhlükəsiz məktəb” proqramları həyata keçirilir. Bu proqramlar yaşayış yeri üzrə əmək kollektivlərinin asayişin qorunmasına cəlb edilməsini hədəfləyib...
Yaponiyada 20 mindən çox polisə fəal dəstək qrupu fəaliyyət göstərir. Bu qrup üzvlərinə velosipedlərinə vurulması üçün xüsusi lövhə verilir. Bu lövhədə qeyd olunur ki, lövhənin sahibi yerli Antikriminal Qrupun üzvüdür. Son illər isə xüsusən paytaxtda bu qrup üzvləri polislə birgə növbətçiliyə də cəlb olunur.
İsraildə 1974-cü ildən “Mişmar Ezarxi” adlanan drujina yaradılıb. Bu təşkilatın üzvləri polisin bütün fəaliyyət növlərində onlara birbaşa yardım göstərirlər. Hazırda “Mişmar Ezarxi” İsraildə ən böyük könüllü təşkilatıdır. 2002-ci ildə onun sıralarında 70 min vətəndaş qeydə alınıb. Bu təşkilatda rütbələr, vəzifələr də peşəkar polisdə olduğu kimidir.
Qardaş Türkiyənin ən böyük şəhərlərində - İstanbulda, Ankarada, Antalyada da “İctimai polis” layihəsi həyata keçirilib.
Bir sözlə, layihə bir qədər fərqli formada olsa da, dünyanın fərqli ölkələrində həyata keçirilib. Amma ekspertlər deyir ki, bunun düzgün icra mexanizmi qurulmalıdır. Əks halda, cəmiyyət arasında neqativ qarşılana, bu işə razılıq verən şəxslərə xoş olmayan damğalar vurula bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, sosial şəbəkədə gedən müzakirələrdə hər kəs müstəqil fikrini söyləyir və hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır.
Amma müsahibimiz orda sözügedən fərmanı təhlil edənlərin böyük əksəriyyətinin peşəkar yox, emosional, diletant yanaşma sərgilədiklərini dedi: “Ümumiyyətlə, bu mövzuda fikir söyləyənlərin böyük əksəriyyəti heç fərmanın üzünü açıb oxumayıblar. Onların fikirləri ilə fərman arasında ciddi ziddiyyət var. Amma bu fərmanın təsdiq olunmasından sonra cəmiyyətin müxtəlif ekspertləri, millət vəkilləri onun faydalılığı barədə fikirlər səsləndirib. Dünya təcrübəsində bunun nümunələrinin olması, eləcə də işin mahiyyəti ilə bağlı faktlar da müzakirələrdə yer alıb. Tövsiyə edərdim ki, o fikirlərə istinad olunsun. Narahatçılıq üçün əsas yoxdur. O qaydalarda bütün məqamlar ölçülüb biçilib və dünya təcrübəsi də nəzərə alınıb”.
Müsahibimiz dedi ki, bu, polis-vətəndaş münasibətlərinin rəsmiləşdirilmiş variantıdır və pilot layihələr arasında ən mütərəqqisi və uğurlusudur. O.Mansurzadənin dediyinə görə, artıq bu istiqamətdə ilkin addımlar da atılıb. Belə ki, martın 15-də daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bərdə Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək: “Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən və işə qəbul edilən vətəndaşlar polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər”.
Cia.az