banner
banner

Gündəm

Əfv ərizəsi yazan siyasilər azad ediləcəkmi...

Əfv ərizəsi yazan siyasilər azad ediləcəkmi...
Novruz bayramında əvvəlkilərdən fərqli olaraq, daha çox siyasi məhbusun azad ediləcəyi deyilir.

Artıq Əfv Komissiyası məhbuslarla bağlı hazırladığı siyahını yekunlaşdıraraq, prezidentə təqdim edib. Siyahıda 140-dan çox məhbusun adı var. 
 
Bu barədə “Report”a Komissiyadan məlumat verilib.
 
“Bütövlükdə, Əfv Məsələləri Komissiyasının iclaslarında 400 müraciətə baxılıb. Tövsiyə xarakterli qərarlar siyahısı Azərbaycan Prezidentinə təqdim olunub. Dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var”, - Komissiyadan bildirilib.
 
Əfvlə bağlı yayılan xəbərlərin fonunda yaranan əsas suallardan biri də, prezidentə müraciət etmələrinə baxmayaraq, hələ də həbsxana divarları arxasında qalan siyasilərdir. Hazırda 9 belə siyasi məhbus var. Son iki ildə verilən bütün əfv sərəncamlarında cəmiyyətin ən çox azadlığa çıxacaqlarına ümid bəslədikləri onlar olub. Amma görünən budur ki, azadlıq bu məhbuslara hələ ki nəsib olmayıb. 

Onların siyahısını sizlərə təqdim edirik: 
 
- Rəsul Cəfərov hüquq müdafiəçisi, İnsan Haqları Klubunun sədridir. 2014-cü il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunur. 2014-cü ilin oktyabrında ölkə prezidentinə azad olunması ilə bağlı müraciət edib. 2015-cü ilin aprelində məhkəmə qərarı ilə 6 il 6 ay həbs cəzası alıb. Yerli və beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyırlar.
 
- Hilal Məmmədov “Tolışi sədo” qəzetinin baş redaktorudur. Onun azadlığa çıxmasına 1 il 4 ay qalır. 2012-ci ilin iyununda həbs olunub. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilərək, 5 il müddətinə azadlıqdan məhrum edib. 2013-cü ilin prezident seçkiləri öncəsi İlham Əliyevə cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilən dəstək müraciəti yazıb. Çoxları bu müraciəti əfv ərizəsi qismində dəyərləndirib.
 
- Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov və İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının üzvləridir. 2013-cü ilin mart-aprel aylarında həbs olunublar. Qanunsuz narkotik, partlayıcı maddə və kütləvi ixtişaşlar təşkil etməkdə ittiham ediliblər. Rəşadət Axundov və İlkin Rüstəmzadə 8 il, Rəşad Həsənov və Məmməd Əzizov 7 il yarım müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü ilin sentyabrında bağışlanmaları üçün ölkə prezidentinə müraciət ediblər.
 
Maraqlıdır ki, bu 4 gənclə eyni zamanda, prezidentə yazılan əfv ərizəsinə imza atan Zaur Qurbanlı və Üzeyir Məmmədli kimi NİDA-çı gənclər 2015-ci ilin Yeni il əfvində azad olunublar.
- Ömər Məmmədov VHP və NİDA-nın üzvüdür. O, 2014-cü il yanvarın 24-də saxlanılaraq, üzərindən 6 qram heroin götürülüb. Gənc fəalın müdafiəçiləri onun bloqqer fəaliyyətinə, ictimai-siyasi aktivliyinə görə tutulduğunu iddia edirlər. Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə ittiham olunan bloqqer 2014-cü il iyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü il oktyabrın 15-də əfv olunması üçün prezidentə müraciət ünvanlayıb.
 
- Əbdül Əbilov NİDA Vətəndaş Hərəkatının üzvüdür. 2013-cü il noyabrın 22-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Bloqqer narkotik alverində təqsirli bilinib. Ailəsi isə onun “facebook”dakı fəallığına görə həbs olunduğunu deyir. Əbdül Əbilov “facebook”da “Yaltaqlara dur deyək” səhifəsinin admini olub. 2014-cü ilin dekabrında bağışlanması üçün ölkə başçısına müraciət edib.
 
- Pərviz Həşimli “Bizim Yol” qəzetinin köşə yazarı, hüquq müdafiəçisidir. 2013-cü il sentyabrın 27-də həbs olunub.  O, Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə ittiham olunaraq, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Dekabrın 30-da əfv sərəncamının imzalanmasına bir həftə qalmış bağışlanması üçün prezident İlham Əliyevə müraciət edib. Bu dəfə ki əfvdə jurnalistin azadlığa buraxılacağına inam daha yüksəkdir. Buna səbəb də, onun sabiq MTN rəhbəri Eldar Mahmudovun bilavasitə tapşırığı ilə həbs olunduğu, onu həbs edən MTN-çilərin hazırda ya həbsdə olmaları, ya da vəzifələrindən qovulmalarıdır.
 
Göründüyü kimi, adlarını qeyd etdiyimiz məhbusların prezidentə müraciətlərinin üstündən uzun zaman keçir. Onlar əfv yazmalarından əlavə, verilən cəzanın çəkilən hissəsinə görə də azadlığa çıxmaq üçün tələb olunan kriteriyalara tam cavab verirlər. Yalnız Rəsul Cəfərov və Pərviz Həşimlidən başqa...
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.