banner
banner

Sosİal

18 neftçidən 103 gündür xəbər yoxdur

18 neftçidən 103 gündür xəbər yoxdur
2015-ci il dekabr ayının 4-də SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən dəhşətli qəzadan 103 gün keçir. Geridə qalan 3 aydan artıq bir müddətdə itkin düşən 18 neftçidən hələ də xəbər yoxdur. 

Xatırladaq ki, “Günəşli” yatağındakı qəza zamanı 33 nəfər xilas edilmişdi. 1 nəfər neftçinin cəsədi tapılmışdı. 29 nəfər isə itkin düşmüşdü. Daha sonra itkin düşən neftçilərdən 11-i tapılaraq ailəsinə təhvil verilmişdi. Eyni gündə Neft Daşlarında baş verən qəza zamanı itkin düşən 3 neftçidən birinin meyiti tapılsa da digərlərindən də hələ ki xəbər yoxdur.

Musavat.com-un əldə etdiyi məlumata görə, axtarış işləri bir müddətdir ki, dayandırılıb. Tapılan sonuncu cəsədlər isə Türkmənistan sahillərində dənizçilər tərəfindən aşkarlanmışdı.
İtkin düşən neftçilərin ailələrinə baş nazir Artur Rasi-Zadənin sərəncamı ilə 15 min manat birdəfəlik maddi yardım ödənilib. Birdəfəlik yardım itkin düşən və dünyasını dəyişən bütün neftçilərin ailələrinə verilib. 
 
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı musavat.com-a açqılamasında bildirdi ki, cəsədləri tapılan ailələrə sığorta ödənişlərinin edilməsi ilə bağlı hələ ki heç bir şikayət yoxdur və yanvar ayının sonundan ailələr həmin məbləği almağa başlayıblar.
 
Təşkilat rəhbəri digər itkin düşənlərin 6 aydan sonra ölmüş hesab ediləcəklərini və bundan sonra onlara sığorta ödənişlərinin veriləcəyini bildirdi. 
 
M.Qəhrəmanlı dünyasını dəyişən neftçilərin ailə üzvlərinin narazılıqlarının olduğunu da qeyd etdi: “Biz də müraciət etmişik ki, evi olmayan itkin düşmüş neftçilərin ailəsinə mənzil verilsin. Ödənilən sığorta pulu ilə ev almasınlar. Bu çox ciddi məsələdir. Ölən neftçiləri medal və ya ordenlə də təltif etmək olardı. Onlar qəhrəmancasına dünyalarını dəyişdilər. Bunu  həmin neftçilərin də ailəsi istəyirdi. Bu böyük mükafat deyildi. Həmin hadisəni xatırlamaq, neftçilərin ailəsinə böyük hörmət olardı. Digər bir narazılıq axtarışların dayandırılması ilə bağlıdır. İtkin düşən neftçilərin ailələri bizə müraciət edib narazılıqlarını bildirirlər. FHN isə axtarışın davam etdiyini deyir. Mən isə deyirəm ki, axtarışlar dayandırılıb. Ötən ilin dekabrında və yanvarın əvvəllərində axtarışlar oldu. Ancaq sonradan dayandırıldı. Tapılan cəsədlər isə Türkmənistan sahillərində idi”. 
 
Axtarışların dayandırılmasının qanunsuz olduğunu deyən təşkilat rəhbəri buna etiraz edir: “Qanunu xatırlatmaq istəyirəm ki, itkin düşmüş neftçilərin axtarışı 6 ay müddətində davam etdirilməli idi. Qətiyyən axtarışı dayandırmaq olmaz. Yalnız 6 aydan sonra onlar ölmüş hesab oluna bilər. Hələ də ümidini itirməyən insanlar var. Təsəvvür edin ki, yaxınlarını itiriblər, amma ortada bir məzarları belə yoxdur. Bəziləri ilə danışırıq. İnsan yaxınının, əzizinin dənizdə itkin düşdüyünü, qurda-quşa yem olduğunu düşünməsi bilirsinizmi necə çətindir? Bu ailələrə daim mənəvi dəstək olmaq lazımdır. Birdəfəlik maddi yardım ayırmaqla iş bitmir. İnsanlar ömürlük ailə başçısından məhrum olublar. Neft şirkəti nə qədər ki, mövcuddur, bu ailələrin övladları həddi buluğa çatana qədər diqqətdə saxlanılmalıdır. Onları işlə təmin etmək lazımdır”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.