Kürdlər Suriyanın şimalında federativ bölgələrini elan etdilər. Martın 17-də reallaşdırılan bu ideya faktik kürd muxtariyyətinin yaradılmasıdır. Bununla da Suriyanın federallaşması prosesi start götürdü. Artıq 31 nəfərdən ibarət icraiyyə orqanı seçilib və orada Cizrə, Kobani, Afrin kantonlarından nümayəndələr təmsil olunub.
Baş verənlər siyasi anlamda “Körfəz müharibəsi”ndən sonra İraqdakı prosesləri xatırladır. O vaxt İraq kürdləri muxtariyyət əldə etdilər, de-yure Bağdada tabe olsalar da, faktik olaraq müstəqil dövlət kimi fəaliyyət göstərirlər.
İndi növbə Suriyaya çatdı. Növbəti hədəf isə güman ki, Türkiyə olacaq. Odur ki, baş verənlərə Ankaranın sərt reaksiyası və təşviş hissi ilə yanaşması tamamilə anlaşılandır.
Suriya kürdlərinin muxtariyyət ideyasının başında “Demokratik İttifaq” və onun lideri Saleh Müslüm dayanır (Məhz bu təşkilatın üzzvləri - YPG və onun qadın qolu Suriyada islamçılara qarşı uğurla döyüşürlər). Ancaq təşəbbüsü dəstəkləyənlər arasında bölgədə yaşayan ərəblər, aysorlar, ermənilər, çərkəzlər və türkmənlər də var. Onların icraiyyə orqanında da təmsil olunduqları bildirilir. Və kürdlər bildirirlər ki, onlar separatçı deyillər, Suriyanı bölmək niyyətləri yoxdur, bölgələri yenə də vahid Suriyanın tərkibində qalacaq, sadəcə vahid dövlətdə onlara geniş hüquqlar və özünüidarə mexanizmlərini işə salmaq imkanı veriləcək.

Suriya kürdləri öz bölgələrini “Rojava” adlandırırlar. Suriyada müharibənin alovlanmağa başladığı vaxtdan bəri əslində onlar “öz əlimiz, öz başımız” prinsipi ilə yaşayırlar - Bəşər Əsəd hakimiyyətinin oraya əli yetişmir, kürdlər islamçılara qarşı müqaviməti özbaşına təşkil ediblər. Ancaq İraqdakı muxtariyyətdən Rojavanın çox böyük prinsipial fərqi var. Əgər İraqda Bərzani klanı və ona yaxın qüvvələr bölgəni feodal kimi idarə edirlərsə, Rojavada illərdir ki, radikal Sol eksperiment aparılır. Orada baş verənlərin ideoloji bazası kimi marksizm-leninizmlə anarxizm elementlərinin qarışığını saymaq olar. Bu təlim illər əvvəl Abdulla Öcalan tərəfindən işlənib hazırlanıb və məhz Suriyada sınaqan çıxarılır.
Əvvəla, onun əsasında özünüdarə prinsipləri dayanır. Yəni, hər kantonda bütün məsələlər sakinlərin ümumi iştirakı ilə həll olunur ki, bu da birbaşa demokratiyanın bariz nümunəsidir. İkincisi, mülkiyyət məsələsində Rojava kürdləri özlərini ardıcıl sosialist kimi aparırlar, yəni müəssisələrin xüsusi yox, ümumi mülkiyyətdə olacağını bildirirlər. Yəni, zavod və fabrikləri işçilər idarə edəcək. Burada neft ehtiyatlarını nəzərə alsaq, müharibədən sonra neft sənayesinin inkişafını proqnozlaşdırmaq olar. Nəhayət, Rojava kürdləri öz bölgələrinə “mini-İsveçrə” kimi baxırlar. Yəni, bütün əhəmiyyətli sayılan məsələlər ümumi referendumda həll olunacaq. Beləliklə, Bərzani İraqından fərqli olaraq, Rojava məhz marksizm yolu ilə getməyi seçib.
Muxtariyyət ideyasına kənardan münasibətlər isə əksərən mənfidir. Məsələn, Bəşər Əsəd hakimiyyəti Rojavanın federal bölgə elan olunmasını pisləyir və bununla razılaşmır, Suriyanın BMT-dəki daimi nümayəndəsi isə “kürdlərə qarşı sıfır tolerantlıq göstərəcəklərini” bildirib. Yəni, dözümsüz münasibət sərgilənəcək. Halbuki, get-gedə aydın görünür: Əsəd müharibədən qalib ayrılarsa belə, müharibədən sonrakı Suriya daha 10-15 il əvvəlki Suriya olmayacaq. Yeni gerçəkliklər yaranıb. Onlardan biri də kürd məsələsidir. Xüsusən də, İsveçrədəki danışıqlara kürdlərin dəvət edilməməsi onların öz talelərindən narahalığını artırıb.

İdeyanı bəyənməyən digər dövlət İrandır - orada vahid Suriya ideyasını dəstəkləyilər və kürd muxtariyyətini ölkəni böləcək silah sayırlar. Və əlbəttə ki, xüsusi narahatıq Ankaradadır. İraq və Suriyadan sonra, muxtariyyət ideyasının Türkiyədə də ifrat aktuallaşacağının Ankara fərqindədir. Elə qəribə vəziyyət yaranıb ki, kürd bölgəsinin status məsələsinə münasibətdə Əsədlə Ərdoğanın mövqeləri üst-üstə düşüb. Əsədi separatçı olmadıqlarını söyləyən kürdlərin sabah-birigün ayrıca dövlət qurmaq niyyətinə düşə biləcəkləri narahat edirsə, Ərdoğan üçün muxtariyyətin özü də qorxulu röyadır.
Və belə bir versiya var ki, kürdlərin maraqları yalnız ABŞ-ın maraqları ilə üst-üstə düşür. Elə muxtariyyəti elan etmək ideyasını sürətləndirən də Vaşinqtondur. Bu yolla Yaxın Şərqin onlar üçün sərfəli olan yeni xəritəsi cızılır, üstəlik kürdlərlə illərdir davam edən əməkdaşlıq ziddiyyətsiz münasibətlərdən xəbər verir və sonunda amerikalılar Suriyanın şimalında yeni hərbi baza yerləşdirmək imkanı qazanırlar. Yəni, muxtariyyət kürdlərin çoxdankı arzusudur, ancaq ABŞ üçün də sərfəli təzyiq vasitəsidir. O cümlədən də Türkiyəyə qarşı...
Cia.az


