Belçikada baş verən və 34 nəfərin ölümü, 300-dən çox insanın yaralanması ilə nəticələnən terror hadisəsi hələ də Qərb mediasının gündəmindən düşmür. Bütün Avropanı sarsıdan bu hadisə ilə bağlı məqalələr, təhlillər dünya mediasını işğal edib. Lakin bazar günü Pakistanda baş verən və 70 nəfərin ölümü ilə nəticələnən terror aktı nədənsə dünya mediasını bir o qədər silkələyə bilmədi. Faciəsinin miqyasının və insan tələfatının bir öncəkindən iki dəfə çox olmasına baxmayaraq, Qərb mediası qısa bir xəbərlə bu hadisənin üzərindən keçdi.
Bir çox ölkələrin mediası da Pakistanda Taliban terror təşkilatı tərəfindən törədilmiş hadisəyə sadəcə bir neçə informasiya ilə reaksiya verdilər. Bəs görəsən, Avropada baş verən hadisələrin Yaxın Şərqdə baş verənlərdən daha böyük əks-səda doğurmasının səbəbi nədir? Qərbin nüfuzlu media orqanlarının onlara yaxında baş verən hadisələri faciə, uzaqda baş verənləri isə sıradan bir hadisə kimi təqdim etməsi hansı yanaşmanın nəticəsidir? Bu ikili standartların səbəbi nədir? Burada Avropada mövcud olan islamofobiyanın rolu varmı?
Media eksperti Zeynal Məmmədli “Yeni Müsavat”a açıqlamasında bu məsələdə birmənalı fikir bildirməyin, yalnız Avropanı ittiham etməyin doğru olmadığını bildirdi: “Burada ilk növbədə onu nəzərə almaq lazımdır ki, Qərb mətbuatının özünün oxucu auditoriyası var. Onlar üçün özlərinin yaxın ətrafında, Avropada baş verən hadisələr daha önəmlidir. Onlar üçün hadisə öz ölkələrində baş verirsə, daha təsirli olur, cəmiyyət daha böyük reaksiya verir. Bu baxımdan Belçikadan baş verən terrora reaksiya ilə Pakistanda baş verən terrora münasibət eyni olmayacaqdı. Cəmiyyətlərin özlərinin də xüsusiyyətlərindən çox şey asılıdır. Televiziyalar da auditoriyanın maraqlarını nəzərə alır ki, bu hansı cəmiyyətdir, onlar səs verir, vergi ödəyir, büdcəni formalaşdırır, hökumətə təsir edir. Hökumət də istəsə də -istəməsə də açıq olmağa məcburdur. Pakistan isə avtoritar rejimlə idarə olunur, ictimai rəyə önəm verən yoxdur. Bu amili də biz nəzərə almalıyıq”.
Z.Məmmədli bu mənada əksər nüfuzlu media orqanlarının Qərbin əlində cəmləşməsinin də rolu olduğunu vurğuladı: “Bütövlükdə informasiyanın istiqaməti Qərbdən Şərqə gəlir. Dünyanın ən böyük informasiya sistemləri Qərbə məxsusdur. Biz bunun adını biganəlik də qoysaq, ədalətsizlik də qoysaq, fakt belədir. Biz ilk növbədə özümüzü günahlandırmalıyıq ki, informasiyanı çatdırmaq üçün hansı vasitələrdən yararlanırıq. Nə üçün bizim nüfuzlu mediamız yoxdur, nə üçün bizim media orqanlarımız Qərb mediasının xəbər qaynağına çevrilə bilmir. Buradan incimək, küsmək kimi nəticə çıxarmaq vəziyyəti dəyişməyəcək. Kim güclüdürsə, onun maraqları da daha güclü olur.
İkinci bir məqam odur ki, bizim özümüzdə bu ölümlərə münasibət necə olur. Qərbdəki kimi münasibət olurmu? Əlbəttə ki, daha sakit və laqeyd olur. Bunu dəyişmək lazımdır. Bizdə bu münasibət dəyişsə, Qərbin də münasibəti dəyişər. Biz media orqanlarımızın beynəlxalq nüfuzunu artırmalıyıq ki, Qərb də belə hadisələrdə bizə istinad etsin.
Düzdür, bu tendensiyaya baxıb elə bir fakt da çıxarmaq olar ki, burada islamofobiya var. Lakin gəlin belə bir rəy verməyə tələsməyək. İslamofobiya üçün əsas varmı, məsələnin o tərəfinə diqqət yönəltməliyik. Bu dəqiqə bizim kimisə tənqid etməyimizdən çox, özümüzə tənqidi yanaşmağımız və özümüzü dəyişməyimiz daha doğru yoldur. Bütün o biri həqiqətləri də danmamaq şərtilə..."
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Azərbaycan bu hadisəyə gərəkli reaksiyanı ilk anda verdi: “Pakistanda baş verən partlayışa da biz Avropadan adekvat reaksiya görmədik. Türkiyədə PKK terrorçularının törətdiyi partlayış nəticəsində 37 dinc sakin həlak oldu. Brüsseldə də partlayış baş verdi, orada 34 insan həlak oldu. Hər ikisi dəhşətli və ağır hadisədir. Ancaq gəlin baxaq, Avropa hər iki partlayışa eyni reaksiya verdimi? Belçikadakı partlayış faciə kimi dəyərləndirildi, saysız məqalələr yazıldı. Ancaq Ankarada baş verən partlayış görməzlikdən gəlindi. Hətta Qərb terrorçular arasında da fərq qoyur. PKK törədibsə, Avropada bu terror təşkilatının adını çəkən yoxdur. Əksinə, PKK Ankarada terror törədib, iki gün sonra Belçikanın paytaxtında çadır salıb etiraz nümayişi keçirir. Belçika hökuməti də buna icazə verdi. Ərdoğanın həmin anda verdiyi proqnoz da düz çıxdı. O demişdi ki, bir gün bu terror sizi də vuracaq. Sonra eyni miqyasda partlayış Belçikanın paytaxtında da oldu. Avropanın münasibəti isə birmənalı deyil”.
Politoloqun fikrincə, Qərbdə belə bir düşüncə var ki, sanki Ankarada, Pakistanda, İranda, Türkiyədə baş verənlər terror deyil, yalnız Avropada nə baş verirsə, böyük faciədir, bundan çıxış yolları axtarılmalıdır, nəsə bir siyasət ortaya qoyulmalıdır: “Ancaq Avropada anlamırlar ki, əslində bu terror hamını vurur, hər kəsi hədəfə ala bilər. Buna qarşı birgə mübarizə olmalıdır, ikili standartlardan əl çəkməlidirlər. Mənim terrorçum yaxşıdır, sənin terrorçun pisdir yanaşması olmamalıdır”.
Ekspert Avropada baş verən hadisələrin kəskin reaksiya doğurmasının obyektiv səbəblərinə də toxundu. Qeyd etdi ki, Yaxın Şərq ölkələri ilə bağlı terror xəbərləri adi hal alsa da, təhlükəsizliyi və rahatlığı ilə seçilən Avropada bu daha çox dəhşət doğurur: “Düzdür, burada obyektiv səbəblər də var ki, niyə belə yanaşmalar olur. Türkiyə, Pakistan və Yaxın Şərqdə illərdir ki, terrorçularla savaş gedir. Ona görə də sanki bu ölkələrdə partlayışlar, ölüm-itim dünya mediası üçün adiləşib. Ancaq sakit, rəvan və yüksək səviyyədə həyata öyrəşən avropalı bu cür savaşlara öyrəşməyib və belə bir partlayışın baş verməsi onlar üçün böyük bir hadisədir. Ancaq bir məsələ də var ki, Avropada təhlükəsizlik məsələlərinə çox barmaqarası yaxınlaşırlar. Bu baxımdan Avropa terrorçuların qarşısında sanki aciz qalıb. Ona görə də 28 dövlətin bir araya gəlib hansısa ortaq siyasət ortaya qoymaları da problemdir. Amma bunu ortaya qoymayınca, fəaliyyətlərini genişləndirməyincə, bütün terrorçu təşkilatlara eyni gözlə baxmayınca gələcəkdə Avropanı daha böyük çətinliklər gözləyir. Düşünməsinlər ki, müharibə Türkiyədə, Suriyada gedirsə, onlar sakit və rəvan həyatlarına davam edə biləcəklər. Qərb ətrafında baş verənlərə də həssas yanaşmalı və ciddi nəticələr çıxarmalıdır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.