Klinika- xəstələrə xidmətlə yanaşı, tibbi tədqiqatların aparıldığı müəsisə deməkdi. Yəni belə olmalıdır. Şəxsi xəstəxanalar klinika statusunu alanda bu barədə fikirləşməyə vaxt tapmadılar. Çünki onların əsas məqsədi xəstə yığmaq və xəstə soymaqdır. Bunun əksinə sübut edənə can qurban.
Yəqin bir müddət əvvəl avtobusların üstündəki doğuşla bağlı reklamı xatırlayırsız. “Bizimlə analıq sevincini yaşayın” şüarı ilə güya hamilələrin qeydinə qalan Baku Medical Plaza adlı özəl klinika camaatın kəskin reaksiyası ilə qarşılaşdı. Klinikanın qeysəriyyə əməliyyatını 1000 manata, normal doğuşu 800 manata təklif edən elanı üzümüzə şapalaq kimi çırpıldı. Baxmayaraq ki, elə real qiymətlər də bu rəqəmdən az deyil. Amma bunu reklama çevirmək uşaq aldatmağa bənzəyir. Minimum əmək haqqının beş qat üstündə olan bu qiymətə ailə sevindirmək sadəcə absurd vəziyyətdir. Klinika açıq-aydın gənc ailəni növbəti borc qapısına, kredit götürməyə dəvət edir, vəssəlam.
Yaxşı ki, Səhiyyə Nazirliyi buna reaksiya verə bildi. İndi isə ötən gün elə həmin klinikanın adaşı olan digər özəl tibb müəsisəsinin növbəti kələyinə tuş gəldim. Sosial şəbəkədə özəl tibb müəsisəsi Medical Plazanın (adında “Bakı” kəlməsi əksikdir) reklam posteri yerləşdirilib. Şəbəkə istifadəçilərindən kim bu posteri çox paylaşsa, güya onun həmin klinikada 100 manatlıq çek-up (sadəcə ümumi müayinə, müalicə daxil deyil ha) etdirmək şansı olur. Başqa sözlə, klinika rahatlıqla, bir qəpiksiz özünü reklam edir, əvəzində yalnız bir nəfər həmin pulsuz müayinəni qazanır. Çek-up isə qan analizi, ultrasəs və rentgen müayinələridir. Normalda bu müayinə dövlət müəsisəsində 50 manata da başa gələ bilər. İndi klinika həmin şanslı bir nəfəri necə seçirsə… Bəli, bu lotereyaya bənzər vəziyyətdir, minlərlə insandan yalnız biri böyük uduşun sahibi olur. Amma insanların sadəlövhlüyündən istifadə edib, gizli reklam siyasəti ilə onların sağlamlıqlarını barmağa dolamaq heç insafdan deyil. Özü də, sosial şəbəkədə həmin posteri paylaşanların şərhlərindən belə çıxır ki, millətin sağlamlıq şikayəti çoxdur, hamı həmin 100 manatlıq müayinəni arzulayır. Sadəcə klinikanın əsil məqsədindən bixəbərdir. İndi ay Medical Plaza, heç olmazsa, ilboyu qazandığın pulların hesabına yalnız bir gün “açıq qapı” günü elan et, həm hörmət qazan, həm də bayramqabağı insanların narahatçılığına son qoy. Deyəcəklər ki, bəs klinikada çoxluq təşkil edən türkiyəli həkimlərin pulu nə olacaq? Məgər, yerli mütəxəsislərimizi tapdalayıb əcnəbi həkimlərə yaşıl işıq göstərənlərdən deyilmisinizmi? Özgələri varlandırmaq qanımızda var…
Bu arada “plaza” ispan mənşəli kəlmədir, mənası ictimaiyyətə açıq məkandır. İctimaiyyət isə hamıdır, yalnız pulu olan toplum deyil. Dünyada “plaza” sözü artırılmış məkanlar daha çox ticarət, bizneslə bağlı məkanlardır. Yalnız Azərbaycanda tibb müəsisəsi “plaza”ya çevrilə bilər. Belə çıxır ki, əvvəldə dediyim kimi klinikalar elə ticarətlə məşğul olur.


