banner
banner

Hərbİ

İşğaldan hansı yolla qurtulacağıq - hərb, yoxsa sülhlə?

İşğaldan hansı yolla qurtulacağıq - hərb, yoxsa sülhlə?
Aprelin əvvəlindəki 4 günlük savaşdan sonra keçən müddətdə bütün beynəlxalq ekspertlər, siyasətçilər, vasitəçilər Qarabağ məsələsinin hərb yolunun mümkün olmadığını bəyan etdilər. Bu tipli açıqlamalar bir çox dövlətlərin rəsmi şəxslərinin və siyasi ekspertlərinin dilindən indi də səslənməkdədir. Azərbaycanda isə belə bir mövqe hakimdir ki, əksinə, məhz savaşla Qarabağ problemi çözülə bilər.  

Bəs kim haqlıdır, beynəlxalq ekspertlər, siyasətçilər, yoxsa? Ümumiyyətlə, nə vaxtsa problemin dinc həlli üçün şərait yetişə bilərmi?    
 
Politoloq Hikmət Hacızadə hesab edir ki, Qarabağ probleminin hərbi yolla həllinin mümkün olmadığını deyənlər öz maraqlarını güdürlər və cığallıq edirlər: “Onların bəziləri yanılırlar, bir çoxlarının isə öz maraqları var. Qərb ekspertlərini götürsək, onların marağı Azərbaycan neft sektoruna və cürbəcür kəmərlərə qoyduqları vəsaitlərdir. Onlar istəmirlər ki, müharibə başlasın və neft borularının partlaması riski yaransın. Yəni onlar öz investisiyalarının qorunması ilə məşğuldurlar. Digər tərəfdən, dünyada ümumən müharibəyə qarşı yeni ovqat yaranıb ki, insan tələfatı olmasın. Lakin sülhün olmasını istəyənlər zəhmət çəkib Ermənistana təsir etməlidirlər ki, işğal etdiyi torpaqlardan geri çəkilsin. İndiki vəziyyət sonsuza qədər davam edə bilməz. Hər kəs bilməlidir ki, Qarabağ probleminin hərbi həlli var. Aprelin əvvəlində 4 günlük hərbi əməliyyatlar ortaya çıxardı ki, bəli, hərbi yolla həll mümkündür. Əgər Rusiya Ermənistanın arxasında dayanmasa Azərbaycan bu məsələni çoxdan həll eləmişdi. İndi lazımdır ki, hansısa yollarla Rusiyanın neytral qalmağına nail olaq. 4 günlük savaş göstərdi ki, Ermənistan bizim qabağımızda heç nədir. Rusiya onun arxasından çəkilsə, biz onu qısa müddətdə məhv edəcəyik. Ona görə də Rusiyanın maraqlarını hansısa yolla ödəmək və Qarabağ problemini hərbi yolla qısa vaxtda həll etmək lazımdır”. 
 
Gənc siyasi fəal Bəxtiyar Hacıyev isə bildirdi ki, əslində, hərbi yolla Azərbaycanın işğal edilmiş ərazilərinin separatçılardan təmizlənməsi ən son və ən ağır yoldur: “4 günlük savaşda verdiyimiz şəhidlərin sayı da bunu göstərdi ki, hərb yolu həm erməni tərəfinə, həm də Azərbaycan tərəfinə kifayət qədər ağır, çətin başa gələcək. Ancaq eyni zamanda münaqişənin həllinə vasitəçilik edən beynəlxalq qüvvələr də anlamalıdırlar ki, bir ölkənin təxminən 5-də birinin 20 ildən çox işğal altında saxlanması, orada müstəqil dövlət qurmağa çalışmaq, digər separatçı təxribatlar da dözülməzdir. Belə ağır münaqişənin 2-3 il danışıqlarla həll edilməsini gözləmək sadəlövhlük olardı, ancaq 22 il də kifayət qədər böyük zaman idi ki, həmin o beynəlxalq qüvvələr ortaya iradə qoysaydılar, münaqişəni sülh yolu ilə həll etmək olardı və hərbi yola ehtiyac qalmazdı. Ancaq görünür ki, vasitəçi tərəflərdən ən az biri münaqişənin həll olunmasından daha çox, münaqişənin uzanması, qızışması və davam etməsində daha çox maraqlıdır”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.