banner
banner

Hərbİ

Cəbhə xəttində sakitlikdir, bəs diplomatik cəbhədə?

Cəbhə xəttində sakitlikdir, bəs diplomatik cəbhədə?
ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra Qarabağ cəbhəsində nisbi sakitlik yaşanır. Ermənistan ordusu hərdən atəşkəs rejimini pozsa da, genişmiqyaslı hərbi toqquşmalara rast gəlinmir. Cəbhədə sakitlikdir, bəs Qarabağla bağlı diplomatik cəbhədə vəziyyət necədir? Növbəti danışıqlar prosesi üçün baza hazırlanırmı?
Politoloq Qabil Hüseynli bildirdi ki, yayılan xəbərləri, verilən açıqlamaları izlədikdə diplomatik cəbhədə də əslində sakitlik, eyni zamanda ziddiyyətli bir vəziyyətin olduğu qənaətinə gəlmək mümkündür: “Ermənistan mətbuatı yazır ki, danışıqlar olsa da hər hansı güzəştdən, torpaq qaytarılmasından söhbət gedə bilməz. Azərbaycan tərəfindən bəzi deputatlar açıqlama verib ki, danışıqlar masası üzərində razılaşmaya dair sənəd hazırdır və bu sənədlər ətrafında da müzakirələr aparılacaq. Bunun səhihliyinə təminat verə bilmərəm. Ən vacib olan ermənilərin davranışıdır. Bu davranış demək olar ki, qaneedici səviyyədə deyil. Ermənistan mətbuatı ən müxtəlif dezinformasiyaları dövriyyəyə buraxıb. Birinci Qarabağ müharibəsinin iştirakçıları olan generalları, hərbçiləri və veteranları yığaraq könüllülərdən ibarət dəstə düzədirlər və yeni müharibəyə hazırlaşdıqlarını bəyan edirlər. Əlavə etsək ki, Ermənistanın rəsmi hərbi qurumları işğal edilmiş ərazilərdə bütün qoşun növlərindən istifadə etməklə irimiqyaslı təlimlər keçir, onda belə məlum olur ki, Ermənistan danışıqlar barədə müəyyən bəyanatlar verməklə vaxt qazanır və ciddi surətdə müharibəyə hazırlaşır”.

Q.Hüseynli qeyd etdi ki, xarici işlər nazirləri səviyyəsində hələlik hər hansı bir məlumat eşitmirik. Xarici işlər nazirlərinin yaranmış tənəffüsdən istifadə edərək gördükləri işlər haqqında da elə bir ətraflı məlumat yoxdur: “Sadəcə olaraq, belə bir məlumat dövriyyəyə buraxılıb ki, prezidentlərin görüşündən əvvəl xarici işlər nazirlərinin görüşü baş tuta bilər. Bunun da dəqiqlik nisbəti nə qədərdir  bilmirəm. Danışıqlara az qaldığı bir zamanda nazirlər arasında görüşün olacağını və xarici işlər nazirlərinin danışıqlara qədər sənədlərə bir baxış keçirib onu prezidentlərin masasının üzərinə hazırlayacaqları haqqında heç bir rəsmi məlumat verilmir. Üstəlik də Bakı şəhərində bir neçə gündən sonra ”Formula-1" yarışları başlayır, ölkənin diqqətinin çevrildiyi tədbirlərdən biri də budur. 
 
Düzdür, bununla sülh danışıqları arasında hər hansı bir əlaqə görmürəm, amma hər halda, beynəlxalq tədbirdir və Azərbaycan rəhbərliyi bu yarışların xətasız-bəlasız ötüşməsi üçün də səylər göstərəcək. Yəni ortada bir-birinə zidd olan və bəzən bir-birini təkzib edən müxtəlif məlumatlar var. Rusiya tərəfi danışıqların baş tutacağını deyir. Fransa və ABŞ tərəfi danışıqlar olacağını və danışıqlarda irəliləyişlər ola biləcəyinə ümid etdiyini bildirir. Amma Ermənistan tərəfi və Azərbaycan tərəfi hələ ki bu məsələlərlə bağlı ümidli nələrsə söyləmir. Rusiya tərəfindən hərdən bəzi müxtəlif politoloqlar səviyyəsində 5+2 variantı üzərində əldə edilmiş razılaşmanın, beş rayonun geriyə qaytarılması, iki rayonun isə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ilə bir vaxta salınması haqqında fikirlər səsləndirilir. 
 
Guya Rusiyanın bunu danışıqlar masası üzərinə gətirəcəkmiş kimi fikirlər irəli sürülür. Amma bunun özü də bir məxfilik pərdəsi ilə örtülüb. Çünki torpaq geri qaytarılmasından söhbət gedirsə, Ermənistan siyasi rəhbərliyinin ölkə əhalisini kompromislərlə bağlı məlumatlandırması müşahidə olunmalıdır. Ancaq bu istiqamətdə heç bir iş görülmür. Belə qənaətə gəlmək mümkündür ki, Rusiya proseslərə yenə də çox səthi yanaşır, verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində ciddi iş apardığı görünmür". 
 
Politoloqun sözlərinə görə, iyun danışıqları ətrafında müəyyən şübhələr mövcud olmaqda qalır. Bu şübhələri yox edəcək addımlar isə hələ ki hiss olunmur: “Ona görə də bir qisim politoloqlar bu görüşün baş tutmayacağı və ya daha uzaq tarixə salınacağı haqqında danışır, başqaları isə iyunun əvvəllərində danışıqların baş tuta biləcəyini söyləyirlər. Bir sözlə, ziddiyyətli mənzərə formalaşıb. Bu mənzərədən çıxış edərək dəqiq proqnozlar söyləmək isə xeyli çətindir”.
 
Politoloq sonda bəyan etdi ki, cəbhə xəttindəki sakitliyin verdiyi vaxtdan Azərbaycan diplomatik cəbhədə ciddi iş aparmaq üçün maksimum istifadə etməlidir, eyni zamanda hərbi sahədə də sürətli hazırlıqlar həyata keçirilməlidir.   
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.