Azərbaycanın ilk qadın naziri Ayna Sultanovanın Bakıdakı abidəsinin söküləcəyi xəbəri onun törəmələrinin narahatlığına səbəb olub.
A.Sultanovanın nəvəsi Nail Əbdürrəhmanov virtualaz.org saytının redaksiyasına müraciət edərək bildirib ki, Sultanovlar ailəsinə bu yaxınlarda daha bir zərbə dəyib. Belə ki, ailə iki gün öncə Ayna Sultanovanın qızı Nazənin Həmid qızı Sultanovanın qırx mərasimini keçirib.
“Nə yaxşı ki, Nazənin Sultanova bu günü görmədi, yoxsa dərddən ürəyi partlayardı. Əzabla ölərdi. Heykəl ətrafında baş verənlər bütün ailəmizi sarsıdıb, hamımızı narahat edib. Bu addımı necə atmaq olar axı?” - deyə A.Sultanovanın nəvəsi sual edir.
Nail Əbdürrəhmanov virtualaz.org saytının redaksiyasından Sultanovlar ailəsinin prezident İlham Əliyevə ünvanlanan açıq məktubunu dərc etməyi xahiş etdi. Redaksiyamız həmin məktubu təqdim edir:
***
“Bizə xəbər çatıb ki, Ayna Sultanovanın heykəlini sökməyə hazırlaşırlar. Bildiyimiz qədərincə abidəni onun yerində restoran tikmək üçün sökürlər. Bu qəfil hadisə öz vətəninin tarixi irsinə biganə olmayan mənim kimi insanların ürəyini ağrıtmaya bilməz.
Həmin abidə orada 1986-cı ildə qoyulub. Nə sadə bir ziyalı olan anam, nə də mən bundan, ümumiyyətlə Ayna Sultanovanın adından istifadə edərək hər hansı üstünlük, imtiyaz əldə etməyə çalışmamışıq.

Ayna Sultanovanın nəvəsi kimi bu məktubu yazmaqda məqsədim çoxhörmətli prezident İlham Əliyevə həm də bir patriot vətəndaş olaraq müraciət etməkdir.
Ölkəmizin milli tarixi irsi mənə çox əzizdir. Ayna Sultanova təkcə Azərbaycanın yox, ümumən bütün müsəlman Şərqinin ilk qadın naziri, tanınmış ictimai-siyasi xadimi, o dövrün fenomenlərindən biri olub.
Bu məktubda onun fəaliyyətini tam təhlil etməyə ehtiyac yoxdur. Bununla tarixçilər məşğul olmalıdır. Yalnız bir faktı deyim ki, mənim bildiyim qədər Ayna Sultanova bütün dünyada Ali Məhkəmə sədri olmuş ilk qadındır.
Onu da əlavə edim ki, bütün bunlarla yanaşı Ayna Sultanova Azərbaycanın böyük mədəniyyət və incəsənət xadimi, görkəmli bəstəkarımız Tofiq Quliyevin doğma xalasıdır.

İnsani baxımdan çox əhəmiyyətli olan bir faktı da vurğulamaq istərdim ki, 1938-ci ildə “xalq düşməni” kimi güllələnən Ayna Sultanovanın məzarı da yoxdur, onun dəfn olunduğu yer məlum deyil. Buna görə də onun abidəsi qohumlarından, doğmalarından ötrü yeganə təsəlli ünvanı sayılır.
Bu məktubu yazmaqla ümid edirəm ki, Azərbaycanın çoxhörmətli prezidenti İlham Əliyev həyata keçirilməsinə hazırlıq görülən bu vandalizm aktının qarşısını alacaq. Habelə cəmiyyətimizin mədəni təbəqəsi abidənin sökülməsi cəhdinə öz etirazını bildirəcək.
Hörmətlə: Ayna Sultanovanın nəvəsi Nail Namiq oğlu Əbdürrəhmanov və Sultanovlar ailəsinin digər üzvləri”.


