Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa Liqasının finalına vəsiqə qazanıb. Faiq Qarayevin baş məşqçi olduğu yığma bu uğura yarımfinalda Yunanıstan üzərində hər iki oyunda qazandığı qələbə sayəsində nail olub.
Bakıdakı Voleybol Mərkəzində keçirilmiş bugünkü təkrar qarşılaşmada millimiz ilk görüşdə olduğu kimi, 3:1 hesabı ilə qalib gəlib. İlk setdə rəqibin ciddi müqaviməti ilə üzləşən meydan sahibləri 25:22 hesabı ilə üstün olsa da, növbəti setdə böyük fərqlə uduzub - 9:25. Lakin sonrakı setlərdə komandamız çətinlik çəkmədən qələbəyə nail olub - 25:15, 25:16.
Finalda Azərbaycanın rəqibi Slovakiya olacaq. Bu komanda yarımfinalda Sloveniyanı hər iki görüşdə yenib - 3:2, 3:1.
Həlledici qarşılaşmalar iyunun 30-da və iyulun 3-də keçiriləcək. Hələlik oyunların məkanı və başlama saatı müəyyənləşməyib (Sportnet.az).
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.