banner
banner

Öhdəlik dayımı necə tutdurdu?

Öhdəlik dayımı necə tutdurdu?
Yazar: Qəşəm Nəcəfzadə

O günü harda var, harda yox “öhdəlik” sözü gəlib düşüb yadıma. Acığım gələn bu sözü yaxşı ki, sovet dönəmindən bəri unuda bilmişəm, heç bir yerdə yadıma salmamışam. Görün,  nə  qədər  etibarsız  sözdür ki, aradan keçən 26 il ərzində heç vaxt mənə gərək olmayıb.  Mənə  lazım olmayıbsa, deməli, heç kimin qapısını döyməyib. Amma bu gün nədənsə düşdü yadıma.

Sovet vaxtı  plan və öhdəliklər beynimizi çürüdür, düşüncəmizi yeyir, genefondumuza mənfi  təsir göstərirdi. Əməlli başlı belimizi iki  qat eləyib, qoyurdu dizinin altına. Planı  başa düşürdük, bəs bu öhdəlik nə idi, anlaya bilmirdik. Elə ki bir pambıq briqadiri və  ya kolxoz  sədri sevinə-sevinə  deyirdi, biz planı artıqlaması ilə  yerinə yetirdik, o saat böyürdən  rayon rəhbəri  soruşurdu  ki,  planı verdin, bəs öhdəlik? Bu öhdəlik nə idisə,  daş kimi düşürdü hamının başına. Hamı planı doldururdu, amma bu öhdəliyin öhdəsindən gələ bilmirdi. Sovet hökümətinin yıxılmasının əsas səbəblərindən biri elə bu öhdəlik oldu. Gərək adam bir işin öhdəsindən gələ bilsin ki, sonra başqa bir öhdəlik götürsün.

 

Orta məktəbdə  bizi  pambıq yığmağa aparırdılar. Məktəblər sentyabr ayından noyabr ayına qədər  bağlanırdı. Adını da qoyurdular ki, rayonumuz  planı verib, amma öhdəliyin öhdəsindən gələ bilmir. Biz öhdəliyin zibilinə düşürdük.

 Pambıq fərtuğunu kim bizim belimizə bağladı?  Əlbəttə, öhdəlik. Kimi kitab, dəftər-qələmimizi  əlimizdən aldı?  Öhdəlik. Kim qızlarımızın belini əydi, gələcəkdə onları ana olmağa qoymadı? Öhdəlik. Kül olsun, bu öhdəliyin başına. Bizi adamlıqdan çıxardı. Pambıq qozaları tez açılsın deyə, təyyarələr  başımıza  dərman səpirdi, zəhərlənirdik, genimizdə  gələcək uşaqların kökü kəsilirdi, biz öhdəlik yerinə yerinə yetirirdik. Bir  sözlə,  öhdəlik bizim  millətə, xalqa  tərs vurulan şillə idi.

 

Bir dəfə kəndçimiz Rabella  xala rayon partiya komitəsinin iclasında  çıxış edir; birinci katibə söz verir ki, bu il pambıq  planını yüz faiz artıqlaması ilə yerinə yetirəcək. Adətən belə şeydə zalda  əl çalınır. Rabella  xalam da gurultuya vərdiş eləyən adamdı. Görünür, zaldan səs çıxmır. Katib  başını  Rabella  xala tərəfə əyib yumşaq və bic  bir səslə soruşur: - Bəs öhdəlik?

Rabella  xala  deyir ki, öhdəliyi də yerinə yetirəcək. Zal gurlayır. Katibin də  kefi kökəlir. Elə  ordaca Rabella  xaladan  soruşur ki, neçə uşağınız var? Rabella xala o saat   yaşmaqlanır, deyir, yoldaş katib,  üzüm ayağınızın altına, altı qızım var.  Katib də qayıdır ki, altı  uşaq plandı,  bəs öhdəlik? Rabella  xala  utana-utana deyir ki, onu da yerinə yetirəcək. Bu katib  bisavad başa düşmür ki, Rabella  xala  axırıncı öhdəliyi yerinə yetirsə, birinci öhdəliyin yeri boş qalacaq. Onda dekretə (analıq məzuniyyətinə) çıxmalıdır Rabella xala.

 

İllər keçdi Rabella  xalanın  6 qızından biri də ərə getmədi.  Öhdəlik onların evini yıxdı. Fasiləsiz pambıq  yığmaq onların qolunu uzun elədi.  Qolları bədənlərinə düz gəlmirdi. Barmaqları qabar oldu. Heç bir nişan üzüyü  onların barmaqlarına olmadı. İndiyə kimi qızları Rabella xalanın götürdüyü öhdəliyə söyür.

 

Elə öz doğma dayım.  Dağ kimi kişi öhdəliyin qurbanı oldu. Qoyun briqadiri idi. Yaz  vaxtı yuxarıdan gələnlər  hesablayırdılar ki, payızda  nə qədər qoyun neçə bala verə bilər? Məsələn, yüz  dişi qoyuna əvvəlcədən  yüz  əlli bala yazırdılar.  Ekiz qarışıq. Dayım etiraz edəndə deyirdilər ki,  bəs qəhrəman Çoban Mövsüm belə verir. Siz də  ondan nümunə götürün. Daha qoçun  kefini, zadını  soruşan yox idi, qoyunun belinə atılacaq, ya yox?  Gələcəkdə  doğulacaq yüz əlli quzunu  diri qoyun kimi  yazırdılar dayımın adına. Sonra  da dayıma deyirdilər:  Bəs öhdəlik? Dayım da deyirdi,  20 baş da öhdəlik  yazın. İl  yarımdan sonra  həmin 100 qoyundan alınan 170 quzunu  doğar kimi  yazırdılar dayımın 42 razmer ayaqqabı geyən ayağına. Beləliklə, dayımın qoyun kəmi  öhdəlik-zad qarışıq  gəlib çıxdı beş min qoyuna. Dayımı tutdular. Dayımı öhdəlik tutdurdu.

 

Lap başım ağrıdı, bu öhdəlik hardan gəlib düşdü yadıma bilmirəm?

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: