Paytaxt marketlərində satılan məhsulların qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Son günlər manatın tədricən dəyərsizləşməsi, elektrik enerjisinin bahalaşması mağazalara da təsirsiz ötüşməyib. Əhali bahalaşmanın davam edəcəyindən narahatdır.
Təəssüf doğuran əsas məqam odur ki, qiymət artımı gündəlik tələbat məhsullarındadır. Belə ki, şəkər tozu, qənd, çay, yumurta, yağ, un kimi ərzaq məhsullarının qiymətindəki artım ailələrin büdcəsinə də təsir göstərəcək. Bazar və marketlərdəki qiymətlərlə bağlı son durumu öyrənmək üçün satış mərkəzlərinə üz tutduq.
Paytaxtda fəaliyyət göstərən marketlərdə artıq yeni qiymətlər tətbiq olunur. Məsələn, bir müddət öncə, 954 qəpikdən 1 manat 10 qəpiyə qalxan şəkər tozu, indi 1 manat 20 qəpik olub. Xüsusən insanların yay meyvələrindən qış üçün mürəbbə, kompot tədarükü gördüklərini nəzərə alsaq, bu artım heç də arzuolunan deyil. Qəndin də qiymətində artım var - 1.58 manata satılan kəllə qənd 1.65-ə təklif edilir. Həmçinin çayların qiyməti hiss olunacaq dərəcədə artıb - 1.40-1.50 manata satılan 100 qramlıq çayların qiyməti 1.60 manatdan başlayır. 42 qəpiyə satılan “Azərduz” 50 qəpiyə qalxıb. Bir müddət öncə ucuzlaşaraq 10 qəpiyə düşən fabrik yumurtası isə 13 qəpik olub.
Yağların qiymətində də artım var. Yeni Zellandiya istehsalı olan “Ancor”, “West Gold” yağlarının bir kiloqramında 20-50 qəpik arası artım olub. Belə ki, əvvəl 9.50 manata satılan yağlar indi 10.10 manatdır.
Duru yağların qiyməti isə daha çox artıb. Yerli istehsal olan “Möcüzə” qarğıdalı yağının bir litri 3.98 manata qalxıb, öncə 3.58 manat idi. “Final” günəbaxan yağının bir litri 2.65-ə satılır, halbuki, bir müddət öncə 2.45 idi.
Yayda daha çox istifadə olunan sular, sərinləşdirici içkilər də bahalaşıb. Belə ki, 50 qəpiyə satılan yarım litrlik “Fanta”, “Sprite” və digər “Coca-Cola” məhsulları 60 qəpik olub, həmin məhsulların 1 litrlik olanları isə 80 qəpikdən 90 qəpiyə qalxıb.
“Cappy” məhsullarında da 10-20 qəpiklik artım var.
25 qəpiyə satılan yarım litrlik sular 30 qəpiyə təklif edilir. 70 qəpiyə satılan 2 litrlik “Bonaqua” suları isə 80 qəpiyə qalxıb. Tomat, makaron məhsullarının, konfet və şirniyyatların qiymətində cüzi artım hiss olunur. Yerli süd məhsullarının qiyməti dəyişməsə də, xaricdən gətirilən ağartı malları bir qədər bahalaşıb.
Ərzaq məhsullarından əlavə, məişətdə istifadə olunan təmizlik vasitələrinin qiymətində də yüksəlmə var. Belə ki, 1.98 manata satılan “Ariel” yuyucu tozu 2.10 manat olub. 1.90 manata olan yarım litrlik “Fairy” qab şampunu 2.45 manata qalxıb. Saç şampunları və duş gellərinin qiymətində də 0.5-1 manat arasında artım var. Həmçinin qəssabxanalarda mal və qoyun ətinin qiyməti artıb. Dana ətinin 1 kiloqramı 7 manat 50 qəpikdən 8 manat 50 qəpiyə qalxıb. Sümüksüz ət 50 qəpik bahalaşaraq, 10.50 manat olub. İçalat isə 5 manatdan 6 manata qalxıb.
Kənd təsərrüfatı bazarında isə mövsümi məhsullarda ucuzluq müşahidə olunur: kartof 40 qəpik, soğan 50, badımcan 20, xiyar 50, pomidor 40 qəpiyədir. Kök və kələm 60 qəpik, göyərtilər 5-10 qəpik, qarğıdalının 7 ədədi 1 manat, bibərin 10 ədədi 1 manatdır.
Ümumilikdə, alıcılar qiymətlərdən narazı deyil. Yalnız meyvələrin qiyməti mövsümə uyğun deyil. Ərik, şaftalı, göyəm və digər meyvələr 1.50 manatdan başlayır. Qarpız və yemişin kiloqramı isə 20 qəpiyədir.
Bazarlardakı bahalaşmanın səbəblərindən danışan iqtisadçı ekspert Qubad İbadoğlu bildirdi ki, kənardan gətirilən idxal mallarının bahalaşmasının başlıca səbəbi manatın günbəgün dəyərdən düşməsi ilə bağlıdır:“Gündəlik 0.30 qəpiklik devalvasiya idxal mallarının cüzi də olsa bahalaşmasına səbəb olur. Ətin qiymətinin artmasına gəlincə, onun səbəbi ölkəyə idxal olunan iribuynuzlu heyvanların sayının azalması ilə bağlıdır. Mal-qara əsasən Rusiyadan gətirilir və rus rublunun möhkəmlənməsi ilə bağlı olaraq, manat ifadəsində də dəyərin artması bahalaşmanı şərtləndirir. İndiyədək ətin qiymətində bahalaşma müşahidə olunmamışdı. Digərləri ilə müqayisədə ən az bahalaşmaya məruz qalan kənd təsərrüfatı məhsullarından biri də ət idi. Bu artım da son hədd deyil, bundan sonra da bahalaşma davam edəcək. Mal ətinin qiymətinin artması ilə yanaşı, qoyun və quş ətinin də bahalaşmasının şahidi olacağıq”.
Q.İbadoğlunun sözlərinə görə, tələbatın azalması belə bahalaşmanın qarşısını ala bilməyəcək: “Bir tərəfdən ölkə üzrə alıcılıq qabiliyyəti aşağı düşüb və satış tendensiyası azalıb. Buna baxmayaraq, qiymətlərin artması davam edəcək. Hətta onu da deyərdim ki, qiymət artımı manatın ucuzlaşmasına adekvat deyil, bahalaşma daha çoxdur. Çünki qiymətlərin artması yalnız devalvasiyadan irəli gələn şərtlərlə səciyyələnmir. İndiki halda devalvasiya həm də əhalinin gəlirlərini dəyərsizləşdirir. Bunun müqabilində şirkətlər işçilərinin əmək haqlarına yenidən baxmalı, maaşları azaltmalı və ya ixtisara getməli olurlar. Hər bir ticarət müəssisəsində xərclərin artması son nəticədə qiymətlərin bahalaşmasına təsir göstərir. Bu proses isə supermarketlərin dövriyyəsinin azalmasına səbəb olacaq”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.