2014-cü ilin avqust ayında Azərbaycan hökuməti yas mərasimlərində həddən artıq israfçılıqla müşayiət olunan ehsan süfrələri “adət”ini ləğv etməyə qərar verdi. Bununla bağlı xeyli təbliğat işləri aparıldı, hətta bəzi yerlərdə inzibati qaydada qadağalar tətbiq edildi. Ancaq görünən budur ki, yas məclislərində israfçılığın qarşısını almaq səyləri nəticəsiz qalıb. Məlumatlara görə, yalnız Naxçıvanda yerli rəhbərliyin sərt qadağası nəticəsində ehsan süfrələri qənd-çayla məhdudlaşdırılıb.
Digər yerlərdə isə bəzi rayon və kəndləri çıxmaq şərti ilə bu qadağa lazımi nəticəsini vermədi. İddia olunur ki, hökumətin ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub və bu baxımdan qərarın icrasız qalmasında şeyxi də günahlandıranlar var. O da sirr deyil ki, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscid və xeyir-şər evlərində dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir.
Amma qeyd etdiyimiz kimi, tətbiq edilən qadağalar bir sıra bölgələrdə, rayon kəndlərində öz qüvvəsində qalıb. Bir çox rayonda insanlar yas süfrələrindən meyvəni və digər bu kimi qidaları xurma və çayla əvəz edib. Misal üçün cənub, Şirvan zonalarında, Qazax, Şəmkir, Tovuz rayonlarında yas mərasimlərində ehsan süfrələrinin əsasən xurma, halva və çayla məhdudlaşdırıldığı söylənilir.
Bakının bəzi kəndlərində isə ağsaqqallar ehsan süfrələrində israfa yol verməmək üçün müxtəlif qaydalar tətbiq ediblər. Bu, ehsan olaraq yemək verilməsi yerinə, kəndin imkansız, sağlamlığı yerində olmayan sakinlərinə kömək etmək kimi qaydalar tətbiq olunur.
İki il öncə tətbiq olunan ehsan qadağası nə üçün ölkə boyunca öz nəticəsini vermədi?
Məsələ ilə bağlı “Yeni Müsavat”ın dini yazarı Kənan Rövşənoğlu bildirib ki, dində belə bir məqam var ki, ölüsü ölən evdə yemək bişirməyin: “Qonşular, yaxınlar bişirib yemək gətirsinlər. Çünki yaxını ölən adam kədərli, hüznlü olur. Ehsan ənənəsi sovet dövründə ortaya çıxaraq, yayılmış bir haldır. Həm də Azərbaycan xalqının adətində belə bir şey var ki, evinə gələnə mütləq yemək bişirir, süfrə açır. Hətta qonaq qalır bir kənarda, ev yiyəsi gedib ona yemək hazırlayır. Bu məsələnin də kökündə həmin adətlərin təsiri yox deyil. İnsanların yaxınları ölür, qadınlar ağlayırlar, kişilər də qaçırlar ət almağa, mağar danışmağa və sairə. Bu artıq bizim qanımıza hopmuş ehsan adətidir. Ehsan əslində yaxşılıq, gözəl iş deməkdir. Yəni bu, konkret olaraq yemək vermək anlamına gəlmir. Bizdə belədir ki, yas yerinə uzaqdan gələnlərə yemək verirdilər. Son dövrlərdə isə bu lap ifrat hala gəlib. Ehsan budur ki, hər kəsin imkanı nəyə çatırsa onu versin. Bu, bir stəkan su da ola bilər. Ancaq insanlar sanki bəhsə düşərək, getdikcə ehsan üçün verilən yeməklərin sayını artırırlar. Bunu dinlə bağlamaq olmaz. Daha çox adətlərlə əlaqələdir”.
K.Rövşənoğlu şeyxlə bağlı iddiaya da münasibətini bildirib: “Doğrudur, şeyx məlum qərara öz etirazını bildirdi. QMİ-nin nəzarətində yas mərasimlərinin keçirildiyi obyektlərin olması doğrudur. Lakin bunu tamamilə onunla əlaqələndirmək olmaz. Misal üçün rayonda kimsə həyətində mağar qurub, ehsan verir. Bunun hər mənada şeyxə heç bir aidiyyəti yoxdur. Dinə görə ehsanın ölüyə faydası var. Lakin məsələ qeyd etdiyim kimi yemək deyil. Ölünün ruhunun şad olması üçün ona kiminsə dua etməsi çox mühümdür. Ehsanı ona görə verirlər ki, bir ac insanı doyursunlar. Yaxud da yol, su çəkirlər. Bu da onunla əlaqədardır ki, o yoldan keçən, sudan içən adam onun ölüsünə rəhmət oxusun. Ehsanın da son məqsədi əslində odur. İmkanı olan adam ehsan verə bilər. Hər kəs imkanına görə addım atmalıdır. Məsələn, sənin qonşun iş adamıdır, milyonçudur o, 40 gün ehsan da verə bilər. Ancaq orta gəlirli adamın onunla bəhs etməsinə gərək yoxdur. Eyni zamanda ehsan verirsənsə, qapı qonşunun gəlib sənin evində yemək yeməsinə gərək yoxdur. Ehsanı verirsənsə mahiyyət etibarı ilə onu uzaqdan gələn, ehtiyacı olan yesə daha yaxşıdır. Ehsan savab üçündür. Savab qazanmaq üçün yemək yerinə bir tələbəni də oxutmaq olar. Hansı ki, o tələbə oxuduğu, daha sonra işlədiyi, cəmiyyətə hər hansı bir xeyir verdiyi ərəfədə hamı ona dua edəcək ki, bunun da savabından onu oxudana pay olacaq. Bizdə bunun ən primitiv forması budur ki, qapıda süfrə açılmalı, hamı yedizdirilməlidir. Bu da hesab edirəm ki, normal forma deyil”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.