banner
banner

Sosİal

Qasırğa, sel, dolu bölgələrə ciddi zərər vurdu

Qasırğa, sel, dolu bölgələrə ciddi zərər vurdu
Avqustun 27-28-də havaların kəskin şəkildə dəyişməsi bölgələrdə təbii fəlakətlərin yaşanmasına səbəb olub. Bir çox rayonlarda güclü qasırğa, sel, dolu nəticəsində yaşayış evlərinə, kənd təsərrüfatına ciddi zərər dəyib.

Musavat.com xəbər verir ki, təbiət hadisələri nəticəsində fəsadlar daha çox Tovuz, Daşkəsən, Quba, Ağdam, Bərdə, Tərtər rayonlarında müşahidə olunub.
 
Avqustun 27-də axşam saatlarında Tovuzda baş verən güclü qasırğa rayonun 10-a yaxın kəndində ciddi fəsadlar törədib. 
 
Rayonun Əlibəyli, Yuxarı Öysüzlü, Aşağı Quşçu, Azaflı və Bayramlı kəndlərində yaşayış evlərinə, təsərrüfata xeyli ziyan dəyib.
 
Təmas xəttində yerləşən Əlibəyli kəndində 5 yaşayış evinin dam örtüyü qasırğa nəticəsində dağılıb, elektrik xətləri sıradan çıxıb. Aşağı Quşçu kəndi ərazisində bir neçə ticarət obyektinin dam örtüyü, elektrik və rabitə xətləri yararsız hala düşüb. 
 
Güclü külək rayon mərkəzində xeyli sayda ağacın aşmasına səbəb olub. Aşan ağaclar yaşayış evlərinə ziyan vurub, qəbiristanlıqda bəzi məzar daşlarının uçmasına səbəb olub.  
 
Qovlar qəsəbəsində yerləşən və 10-a yaxın kəndi elektrik enerjisi ilə təchiz edən transformatora ildırım düşməsi nəticəsində yanğın baş verib. Əraziyə FHN əməkdaşları cəlb olunub. Rayona elektrik enerjisinin verilişi avqustun 28-dən səhər saatlarından bərpa edilməyə başlanılıb.
 
Tovuz Rayon İcra Hakimiyyətindən musavat.com-a verilən məlumata görə, təbii fəlakət nəticəsində insan itkisi baş verməyib.
 
Əsas ziyan əkin sahələrinə və üzüm bağlarına dəyib. İcra hakimiyyətindən o da bildirilib ki, ağacların aşması nəticəsində bəzi avtomobil yollarında hərəkət məhdudlaşıb. Ancaq səhər saatlarına qədər bu fəsadlar aradan qaldırılıb. 
 
“İnzibati binalara zərər dəyməyib. İcra hakimiyyəti tərəfindən ziyan dəymiş evlərin hamısı siyahıya alınıb. Artıq Fövqəladə Hallar Nazirliyinə və Maliyyə Nazirliyinə bu barədə məlumat verilib və siyahı göndərilib”- deyə icra hakimiyyətindən verilən məlumatda qeyd edilib.
İcra hakimiyyətindən verilən məlumata görə, əsasən sığortası olan evlərə yardım göstəriləcək. Digər evlərə yardım edilib-edilməyəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.
Təbii fəlakətdən nəsibini alan rayonlardan biri də Daşkəsən olub.
 
Rayon İcra Hakimiyyətindən musavat.com-a verilən məlumata görə, avqustun 27-də axşam saatlarından başlayan güclü külək rayon mərkəzində, Xoşbulaq, Əhmədli kəndlərində, Yuxarı Daşkəsən qəsəbəsində sosial-inzibati binalara, rayonun elektrik, rabitə təsərrüfatına güclü ziyan vurub.
 
Rayon icra başçısı Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olub, zərər çəkmiş sakinlərlə görüşüb. Ə.Abıyev qarşılaşdıqları belə çətin vəziyyətlərdə həmişə olduğu kimi Nazirlər Kabinetindən, Fövqəladə Hallar Nazirliyindən, Maliyyə Nazirliyindən kömək gözlədiyini açıqlayıb.
 
Təbii fəlakətdən ən çox zərər görən rayonlardan biri də Qubadır. 
 
Qubanın bir neçə kəndinə yağan leysan yağışları ciddi fəsadlar törədib, eyni zamanda tələfata səbəb olub. Ördüc kəndinə yağan güclü dolu nəticəsində əmələ gələn sel 1 uşağı və 30-a yaxın xırdabuynuzlu mal-qaranı aparıb. Qoyun və keçiləri otaran 2002-ci il təvəllüdlü kənd sakini Orucov Şahid Əli oğlunu sel aparıb. 14 yaşlı Şahid heyvanları xilas etmək istəyərkən, özü də axına düşüb. Onu yaxınlıqda olan kənd sakinləri xilas edə biliblər. Şahid Orucov baş nahiyəsindən xəsarət alıb.
 
Yollara dəymiş ziyanın, elektrik enerjisinin verilişində yaranan problemlərin aradan qaldırılmasına avqustun 28-də səhər saatlarından başlanılıb. Qubada bu cür yağışlar son 30 ildə ilk dəfədir müşahidə olunub.
 
Qubada təbii fəlakət avqustun 28-də də davam edib. Rayonun Çarxaçu və Xaltan kəndlərinə dolu yağması nəticəsində tərəvəz sahələrinə ciddi zərər dəyib. Güclü dolu daha sonra yağışla əvəz olunub.
 
Yağışla müşahidə olunan güclü külək Ağdam, Bərdə və Tərtər rayonlarında da ağacların kökündən qopmasına, elektrik naqillərinin qırılmasına səbəb olub. Bu rayonlarda da fəsadların aradan qaldırılmasına başlanılıb.
 
Bakıda və bölgələrdə son iki gündür müşahidə olunan sərt küləkli, yağışlı hava şəraiti artıq normallaşmağa başlayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ilə bağlı məlumat yayıb. 
 
Məlumata görə, Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.