Rusiyada Vladimir Putin hakimiyyətə gələndən Rusiya kapitalizminin ilk onilliyində milyardlar qazanmış şəxslər bir-bir dənlənib: həbsə atılıblar, ölkədən qovulublar, sərvətlərindən əl çəkməyə, yaxud gəlirsiz layihələrdə iştiraka məcbur ediliblər. İndi də növbə, deyəsən, Viktor Vekselberqə çatıb. Onun bəzi baş menecerlərinə hücum göstərir ki, Kremlə sadiqliyin davamlı nümayişi də işə yaramır. Bu barədə«Bloomberg» yazır.
“Hər şey 2000-ci il iyulun 28-dən başlanıb. Putin Rusiya biznesinin generalları ilə ilk rəsmi görüşünü keçirdi. Media maqnatı Vladimir Qusinski görüşdə deyildi, həbsdəydi, Putin onun televiziya stansiyasını ələ keçirmək üzrəydi. Media orqanları da daxil olmaqla, müxtəlif aktivləri vasitəsilə Putinin seçilməsinə kömək etmiş Boris Berezovski də iclasda yoxuydu, Londondaydı. Bir neçə ay sonra heç qayıtmamağa qərar verəcəkdi, çünki həbs olunacaqdı. Az sonra neft şirkətini itirəcək və 10 il həbsdə yatacaq Mixail Xodorkovski isə iclasdaydı. Bankir Sergey Puqaçov da ordaydı. Amma indi Fransadadır, Rusiyadakı holdinqləri əlindən çıxıb», - müəllif yazır.

“Vekselberq də iclasdaydı, bir sıra varlı rusiyalı ilə birlikdə. O, Putinin zamanında pis yaşamayıb, başını aşağı salıb, ödənişlərini edib.“Bloomberg”in milyarderlər siyahısında 14.2 milyard dollar sərvətinin olduğu göstərilən Vekselberq özünün bir patriot imicini yaradıb, Rusiyanın itirdiyi xəzinənin bir hissəsini ölkəyə qaytarıb. Məsələn, dünyada ən böyük “Fabergé” pasxa yumurtaları kolleksiyası, filosof Ivan İlyinin arxivi bu siyahıdadır. Putin də çıxışlarında İlyindən tez-tez sitatlar gətirir. Dmitri Medvedevin prezidentliyi dövründə isə onun sevimli layihəsi olan Skolkovo İnnovasiya Mərkəzini könüllü idarə edib. Qısası, hakimiyyətə sadiqliyini, bir an da olsun, əldən verməyib”, - məqalədə vurğulanır.
Amma bazar ertəsi hökumətin istintaq komitəsi milyarderin iki yaxın həmkarını, Boris Vainziker və Yevgeni Olkoviki saxlayıb, üçüncü, Mixail Slobodin isə axtarılır. Slobodin Rusiyanın 3 böyük mobil operatorundan biri – “VimpelCom”un direktoru, Vekselberin şirkətinin idarə heyətinin üzvüdür. O, xaricə qaçmağa imkan tapdığından saxlanmayıb. İndi Rusiyaya qayıdacağı bəlli deyil, amma həbslər barədə xəbər yayılan kimi “VimpelCom”dan istefa verib.
Olkovik Vekselberqin şirkətini idarə edirdi, bu şirkət Rusiya enerji istehsalının 7 faizinə nəzarət edir.
Jurnal bu ittihamların Putinin birbaşa qəzəbindən doğduğunu vurğulayır. Avqustun 8-də şimaldakı Komi regionunun qubernatoru Sergei Qaplikov Putinə məktub yazıb, şikayətlənib ki, Vorkuta şəhərindəki istilik zavodu sərmayəsizlik üzündən sıradan çıxmaqdadır. 80 min nəfəri istiliklə təmin edən bu şirkətin sahibi «T Plus» onu satmağı planlaşdırır, çünki şəhərin istilikpaylayıcı şəbəkəsi bir neçə aydır ödənişləri etmir. Məktubda bu şəbəkənin bir ofşor şirkətlə bağlı olduğu vurğulanırdı.
Putin buna dərhal reaksiya verib. Elə Kominin keçmiş qubernatoru Vyaçeslav Qeyzer bir il əvvəl saxlanmışdı. O, regionda korrupsioner təşkilat qurmaqda ittiham olunur. Dərhal araşdırma aparılıb və şirkətin 3 meneceri Qeyzer administrasiyasına rüşvət verməklə yüksək istilik tarifləri qoymaqda ittiham olunub.
Müəllif yazır ki, bu ay keçiriləcək parlament seçkiləri ərəfəzində Komi ilə bağlı korrupsiya qalmaqalı hakim Vahid Rusiya Partiyasının dəyirmanına su tökəcək. Axı sıravi rusiyalılardan çox az adam böyük biznesin ölkədə müsbət dəyişiklik yaratmasına inanır.

«Vekselberqin də narahat olunası çox şey var. Yaxın dostlarının həbsi, baş ofisində araşdırmalar Kremlin ondan dəyərli nəsə istədiyinin göstəricisidir. Tezliklə üzə çıxa bilər ki, «T Plus» şirkətinin aktivləri hansısa dövlət şirkətinə faydalı ola bilər. Ondan nə istənildiyini tez anlayan milyarder sərvətini qoruya bilir. Məsələn, «Brooklyn Nets»in sahibi Mixail Proxorovun ofisində bir neçə dəfə axtarış aparıldı. Nəticədə oliqarx anladı ki, RBC media şirkəti Putinin ailə biznesini araşdırıb. İşə yeni redaktorlar götürdü və təqiblər də dayandı. Həmkarları kimi Vekselberq də Kremlin girovudur, onun sərvəti istənilən formada yenidən bölüşdürülə bilər”-jurnal yazır. (“Azadlıq” radiosunun xülasəsi)
Cia.az


