banner
banner

Hərbİ

Hərbi ekspertdən Ermənistanı ifşa edən sensasiyalı açıqlama

Hərbi ekspertdən Ermənistanı ifşa edən sensasiyalı açıqlama
Sentybarın 16-da İrəvanda Ermənistanın formal müstəqilliyini elan etməsinin 25 illiyi münasibətilə keçiriləcək hərbi paradın baş məşqi olub. Məşqdə Ermənistanın Rusiyadan aldığı bəzi silahlar ilk dəfə nümayiş etdirilib. Bunların arasında “İsgəndər-M” operativ-taktiki raketləri, “Smerç” reaktiv yaylım atəşi sistemləri və “İnfauna” radioelektron mübarizə sistemlərinin də yer aldığı bildirilir.
 
“İsgəndər-M” operativ-taktiki raketi 400 kilometr məsafə qət edir və müxtəlif tipli döyüş başlıqları ilə təchiz olunur. Bu raketin özəlliyi onun ziqzaqvari hərəkət trayektoriyasına malik olması və nəticədə radarlara yaxalanmasının minimum olması, eyni zamanda raketdən müdafiə sistemi ilə vurmağın çətinliyidir. Rusiyanın Ermənistana “İsgəndər-M” raketləri verdiyi haqda xəbərlər hələ iki il əvvəl yayılmışdı və bu ölkənin Müdafiə Nazirliyi məlumatları təkzib etmirdi. İndi isə belə görünür ki, Ermənistan həmin raketləri nümayiş etdirməyi qərara alıb.
 
Hərbi ekspert Üzeyir Cəfərov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İrəvanda hərbi parada hazırlıqda nümayiş etdirilən “İsgəndər-M” operativ-taktiki raketləri, “Smerç” reaktiv yaylım atəşi sistemləri Ermənistan silahlı qüvvələrinə aid deyil. Həmin raketlər Rusiyaya məxsusdur və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasından Ermənistana hərbi paradda nümayiş etdirmək üçün verilib. Ermənistanın əvvəla iqtisadi imkanları o səviyyədə deyil ki, onlar “İsgəndər-M” raketlərini ala bilsinlər. Hətta Rusiyanın verdiyi 200 milyon dollar kreditlə də o silahların heç cüzi hissəsini almaq mümkün deyil. İkincisi, indiyə qədər BMT-yə hər ilin sonunda təqdim olunan və açıqlanan heç bir sənəddə Ermənistanın Rusiyadan “İsgəndər-M” və “Smerç” aldığı qeyd olunmayıb. 
 
Bir sıra jurnalistlər, ekspertlər, media orqanları böyük ajiotaj yaradıblar ki, Ermənistan aprel savaşından sonra gizli şəkildə silahlanıb, “İsgəndər-M” və “Smerç” alıb və sair. Narahatlığa ehtiyac yoxdur. Birincisi, həmin silahlar Ermənistan silahlı qüvvələrinin deyil. Onların üzərindəki erməni bayrağı və emblemləri müvəqqəti yapışdırılıb. Paraddan sonra qoparılacaq və raketlər 102-ci hərbi bazaya qaytarılacaq. 
 
İkincisi, Azərbaycanın silahlı qüvvələrinin silah arsenalı həcminə, keyfiyyətinə və müasirliyinə görə Ermənistanın silah arsenalından dəfələrlə üstündür, öndədir. Bizdə ən müasir raket sistemləri, hava hücumundan müdafiə sistemləri var ki, Ermənistan tərəfindən atılan istənilən raketi sıradan çıxarmağa qadirdir". 
 
 
 
Rusiyanın silahlı qüvvələrinə məxsus raketlərin İrəvanda hərbi parada nə cür gəlib çıxmasına gəlincə, Ü.Cəfərov qeyd etdi ki, Ermənistanla Rusiya arasında birgə hava hücumundan müdafiə sazişi var. Ola bilsin ki, bu sazişi əldə əsas tutub həmin raketlərin hərbi paradda iştirakına razılıq verilib. Hərbi ekspert vurğuladı ki, bu hadisə bir çox məsələlərə aydınlıq gətirmiş oldu: “Bu hadisə onu deməyə əsas yaratdı ki, müharibə başlasa, Rusiya hava hücumundan birgə müdafiə sazişini bəhanə edərək Ermənistanın istifadəsinə verə bilər. Düşünmürəm ki, ”İsgəndər-M"dən istifadə eləsinlər, ancaq “Smerç”lərdən bizə qarşı istifadə edə bilərlər. Bu hadisə Azərbaycan üçün gözəl şans yaradıb ki, beynəlxalq qurumlar qarşısında, Rusiyanın qarşısında məsələ qaldıraq ki, indiyə qədər heç vaxt Rusiyanın BMT-yə təqdim etdiyi arayışlarda Ermənistana “İsgəndər-M” və “Smerç” satdığı qeyd olunmayıb, indi necə olur ki, Ermənistanda hərbi paradda bu silahlar peyda olur. Bu, əslində böyük bir beynəlxalq qanun pozuntusudur. Rusiya qarşısında bu məsələni ciddi qaldırmalı və aydınlıq gətirilməsini tələb etməliyik. Azərbaycan dövləti məsələ qoymalıdır ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana ATƏT-in Minsk qrupunun həmsədri olan və vasitəçilik missiyasını üzərinə götürmüş Rusiyanın bu şəkildə dəstəyi vasitəçilik missiyası ilə uyğun gəlmir. Bu, işğalçını dəstəkləmək və müharibəyə həvəsləndirməkdir. Rusiya o raketləri parad üçün verib ki, Ermənistan Azərbaycana əzələ nümayiş etdirsin. Buna Azərbaycan sərt etirazını bildirməlidir".
 

“Bu, əslində böyük bir beynəlxalq qanun pozuntusudur”

 
Ü.Cəfərov qeyd etdi ki, Azərbaycanın Ermənistana cavab olaraq hərbi parad keçirməsinə və ən müasir silahlarımızı nümayiş etdirməsinə ehtiyac yoxdur: “Azərbaycan o silahların, texnikanın cüzi bir hissəsini indiyə qədər hərbi paradda nümayiş etdirib. Hamısını nümayiş etdirməyə ehtiyac yoxdur. Azərbaycan o silahları küçəyə çıxardıb lovğalanmaq üçün almayıb. Azərbaycan o silahları öz ərazi bütövlüyünü təmin etmək üçün alıb və həmin məqsəd üçün də yəqin ki, lazım olacaq. Biz silahları kiməsə nümayiş etdirmək üçün almamışıq. Biz ərazi bütövlüyümüzü təmin edən zaman düşmən bizdəki silahları görəcək. Azərbaycanda elə müasir silahlar var ki, cüzi hissəsi istifadə olunsa, Ermənistanda canlı itkilərin sayı bir neçə mini keçər”.
 
Hərbi ekspert son olaraq dedi ki, Azərbaycanda “S-300" raketləri olsa da, ”İsgəndər-M" yoxdur.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.