Mobil telefonlar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Biz “ağıllı” telefonlar vasitəsilə oturduğumuz yerdə səyahət üçün bilet sifariş verə, hansısa lüks bir restoranda şam yeməyi üçün rezerv etdirə və ya istədiyiniz ölkədə hoteldə yer sifariş edə bilərik. Bir sözlə, mobil telefonlar bizim bir növ köməkçimizə çevrilib. Amma bəzi hallarda istehsalı zamanı səhvlərə yol verilən mobil telefonlar nəinki köməkçimiz, hətta qatilimiz belə ola bilər.
Təsadüfi deyil ki, ən çox satılan və məşhur olan “Samsung” cihazlarının yandığına dair faktlardan sonra “Galaxy Note 7" model telefonları qlobal miqyasda geri çağırmağa başladı. ”Samsung" bir telefonun ən önəmli təchizat hissələrindən olan batareyada etmiş olduğu istehsal səhvi, şirkət üçün çox ağır nəticələr yaratdı. Bu telefonların partlaması bir sıra ölkələrdə hətta üzərində “Samsung” telefonu olanların təyyarəyə, hava limanına buraxılmamasına səbəb oldu. Bütün bu hadisələr nəticəsində “Samsung” telefonları 2012-ci ildən bu yana ən böyük qiymət enişini yaşadı.
“Samsung” əslində bu sıxıntının yaşanacağını təxmin etdiyi üçün tez tərpənmiş və bir neçə gün əvvəl “Galaxy Note 7" almış bütün müştərilərinə xəbərdarlıq etmişdi. Hətta hazırda ”Note 7" üçün bu problemi həll edəcək, yeni bir batareya üzərində işlərə başladıqlarını da açıqlamışdı.
Son olaraq analitiklər, “Galaxy Note 7"nin şirkətə nağd pul axışında yaşatdığı itkinin 5 milyard dollara yaxın olduğunu bildirirlər.
Son dövrlər mütəxəssislər batareyaların partlamasının əsas səbəbi kimi məhz qısaqapanma versiyasını irəli sürürlər. Ancaq partlayış və yanğınlar təkcə batareyaların keyfiyyətsiz olması səbəbindən baş vermir. Statistik məlumatlara görə, hadisələrin çoxunda telefon sahiblərinin səhlənkarlığı da böyük rol oynayır. Belə ki, telefonun enerji yığmaq üçün elektrikdə çox qalması da xoşagəlməz hadisələrlə nəticələnə bilər. Yeri gəlmişkən, batareyanın artıq enerji yığması nəticəsində təkcə mobil telefonlar deyil, noutbuklar da partlayır.
Xatırladaq ki, telefon partlamaları hətta bir sıra insanların həyatına son qoyub, bir sıra insanları isə şikəst qoyub.
Məsələn, bir neçə ay öncə elə paytaxtımızda telefon partlaması nəticəsində uşağın dili tutulub. Məlumata görə, “Samsung” markalı telefon divanın üzərindəykən bir anda alışıb və partlayıb.
Bir neçə gün öncə isə Türkiyənin Konya əyalətinin Beyşehir rayonunda yol kənarında saxlanılmış bir avtomobil yanmağa başlayıb. Avtomobilin yanmasına səbəb isə avtomobilin ön oturacağında olan telefonun partlaması olub. İsveçrədə isə Fanni Şlatter adlı gənc qızın cibində gəzdirdiyi “Galaxy S3" telefonu partlayıb, nəticədə gənc qız yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Bir neçə il öncə İstanbulda yaşayan bir nəfər sahib olduğu ”Galaxy S4" markalı telefonu elektrik qidalandırıcısına qoşub, özü isə yataq otağında uzanıb. Birdən partlayış səsi eşidib, görüb ki, mobil telefonu alışır. Əvvəlcə işığı kəsən telefon sahibi, daha sonra isə telefonun üzərinə su tökərək onu söndürüb. Xatırladaq ki, Honq-Konqda evdə telefonun partlaması həmin evin külə dönməsinə gətirib çıxarmışdı.
“Telefonla zəng etmək istəyirdim. Nömrəni elə yeni yığmışdım ki, telefon əlimdə partladı, alışıb yandı. Sonrası xatirimdə deyil”- bunu isə Hindistanın Qucarat ştatındakı Surat şəhərində yaşayan zərgər Bhaveş Tummer deyib. Telefonunun partlaması nəticəsində 30 yaşlı zərgərin sol gözü, qulağı və sinəsi yanıb.
Mobil telefon partlaması nəticəsində baş verən bu cür bədbəxt hadisələrin siyahısını artırmaq da olar. Göründüyü kimi, artıq bir sıra “ağıllı” telefonlardan istifadə edərkən daha çox diqqətli olmalıyıq.
Maraqlıdır, bəs telefonların partlama səbəbi əslində nədir? Bu cür bədbəxt hadisə ilə rastlaşmamaq üçün nə etməliyik?
Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bunun iki səbəbi olduğunu dedi: “Birincisi, istehsal prosesində müəyyən səhvlərə yol verilir ki, bu səhvlər sonra da ciddi fəsadlar yaradır. İkincisi isə ondan ibarətdir ki, bəzi adamlar belə fikirlər səsləndirir ki, bunu şirkətlərin özü bu məsələni qaldırmaqla, yəni biz öz telefonlarımızı geri çağırırıq, yığırıq, onu servis mərkəzlərindən geri götürüb başqalarını veririk və sairə kimi təkliflər şirkətin özünün nüfuzunu, ciddiliyini qaldırmaq məqsədilə atılan bir marketinq tədbiri kimi də anlaşılır. Yəni burada ikili yanaşma var. Amma istənilən halda şirkətin özünə güvən verdiyi, hörmət bəslədiyi, arxasında bir tarif olduğunu göstərən amildir. Amma elə olmalıdır ki, bu, ciddi fəsadlar yaradıb insanların sağlamlığına zərər verməsin. Əvvəllər bu cür telefon partlamaları kimi hadisələr tez-tez olurdu. Amma son dövrlər mobil telefonların istehsalı da xeyli təkmilləşib. Ona görə də bu cür dəhşətli faktorlarla az rastlaşırıq”.
O. Gündüz bu cür bədbəxt hadisə ilə rastlaşmamaq üçün elementar qaydalara əməl etmənin vacib olduğunu dedi: “İstənilən halda texnoloji avadanlıqlardan, mobil telefonlardan söhbət gedirsə, bunların hər birinin istifadə qaydaları var. Birinci qayda odur ki, bu avadanlığı alanda qarantiya talonu yerində olmalıdır. İkinci, bunun istifadə qaydaları ilə tanış olmalı, buna əməl etməliyik. Bəzən görürük ki, insanlar saatlarla mobil telefonla danışırlar bu cür olan təqdirdə əlbəttə ki, nəsə baş verə bilər. Buna görə də hər şey qədərində yaxşı olur”.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.