banner
banner

Dünya

FES-in ehtiyatlı siyasəti birmənalı qarşılanmır

FES-in ehtiyatlı siyasəti birmənalı qarşılanmır
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) sonuncu toplantısında uçot dərəcəsinin artırılmaması birmənalı qarşılanmayıb. Faktı tənqid edənlər də az deyil. Amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Cozef Stiqlits bildirib ki, FES rəhbəri Canet Yellen olduqca çətin şəraitdə çalışır: “O, dəfələrlə və açıq şəkildə bəyan edib ki, monetar siyasətin bir həddi var. Bizim fiskal siyasətə ehtiyacımız var idi, lakin onun ardı gəlmədi”.
 
Neoklassik iqtisadiyyatın və monetarizmin sərt tənqidçisi kimi tanınan C.Stiqlits bildirib ki, C.Yellen rəhbərlik etdiyi tənzimləyicinin siyasəti nəticəsində qeyri-bərabərliyin artmasına işarə edən ilk FES rəhbəri kimi tarixə düşəcək: “Düşünürəm ki, FES-in siyasəti, xüsusilə QE proqramı ilə bağlı atdığı addımlar ABŞ-da qeyri-bərabərliyin artmasına səbəb olub. Uçot dərəcəsi 0 faiz səviyyəsinə endiriləndə, bu, ilk növbədə pensiyaçılara təsir edir - baxmayaraq ki, FES-in belə bir niyyəti olmayıb, QE proqramı qeyri-bərabərliyin artmasına səbəb oldu. Hazırda isə biz ciddi debatların şahidiyik. Bir tərəfdən “şahin”lər (uçot dərəcəsinin artırılmasının tərəfdarları- red.) inflyasiya ilə bağlı narahatlığını ifadə edir, digər tərəfdən bir qrup şəxs işsizliyin səviyyəsindən narahatdır. Məncə, Yellen sonunculardandır. Ümumilikdə, o, “şahin”lərlə məsafə saxlayaraq yaxşı işlər görüb (APA).
 
İqtisadçının sözlərinə görə, bunun nəticəsi kimi, cəmi bir faiz artımı olub: “ABŞ iqtisadiyyatının indiki vəziyyətinə nəzər salsaq görərik ki, inflyasiya riski olduqca uzaqdadır. Amma işsizliyin səviyyəsi ilə bağlı vəziyyət fərqlidir. Fikrimi izah edim. Məsələnin kökü ondadır ki, bir çox insanlar işsizliyin səviyyəsi ilə bağlı göstəricilərə, yəni 4 və ya 5 faizə baxaraq sual verirlər. “Məgər bu yaxşı göstərici deyil?” Bu sualın cavabı budur: əmək bazarı zəif olaraq qalır. Sübut? Əmək haqları inflyasiya ilə güclə ayaqlaşır. Bununla yanaşı, əməkqabiliyyətli əhalinin sayına nisbətdə işləyənlərin sayı kifayət qədər deyil. Gizli işsizliyin səviyyəsi isə böyükdür. Bundan başqa, qismən məşğul olanların sayı da çoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, Yellen asan olmayan siyasət aparır”.

“Moody's” beynəlxalq reytinq agentliyinin baş iqtisadçısı Mark Zandi də bildirib ki, FES əlinə düşən fürsətdən istifadə etməməklə, yəni uçot dərəcəsini artırmamaqla yanlış addım atıb. Onun sözlərinə görə, FES sentyabrda faiz dərəcələrini artırmamaqla böyük risk edib: “Dekabra qədər gözləməklə FES inflyasiyanın 2 faizədək artacağından əmin olmaq istəyib və bu addım məntiqli sayıla bilər. Lakin o vaxta qədər ciddi risklər yarana bilər”.
 
Professor Elşad Məmmədov musavat.com-a açıqlamasında bildirib ki, FES tərəfindən sentyabr ayında faiz dərəcəsinin artırılmamasının əsas səbəbləri Amerika iqtisadiyyatında böhrandan sonrakı artımla bağlı vəziyyətin kifayət qədər  dayanıqlı olmamasıdır: “O cümlədən, bu ölkədə əmək bazarındakı, məşğulluq sahəsindəki durumun, habelə işgüzar fəallıqla bağlı vəziyyətin lazımi səviyyədə stabilləşməməsı, son dövrdə müşahidə olunan dolların möhkəmlənməsi ucbatından ölkənin ixrac sektorunun vəziyyətinin onsuz da ciddi problemlərlə üzləşməsi səbəblərdəndir - o cümlədən Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının aktuallaşmasının mümkün fəsadları, həmçinin  ölkədə yaxınlaşan prezident seçkiləri ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, FES dünyanın ən böyük iqtisadiyyatına malik olan dövlətin pul siyasətini tənzimləyən qurumdur və onun qəbul etdiyi qərarlar çox ciddi kompleksli və sistemli analitik təhlil bazasına əsaslanır. Bu baxımdan, FES-in bu qərarı əslində Amerika iqtisadiyyatının postböhran dövrünə keçməsi barədə fikir söyləməyin hələ tez olmasını bir daha sübut edir. Eyni zamanda, faiz dərəcəsinin artırılması barədə müzakirələrin aparılması belə artıq Amerika  iqtisadiyyatında iqtisadi artımla bağlı pozitiv dinamikanın mövcudluğunu göstərir”. 

Ekspertin sözlərinə görə, yaxın aylarda faiz artımının baş verəcəyi ehtimalı yüksəkdir: ““Moody's” Agentliyinin aparıcı  nümayəndələrindən birinin FES-in faiz dərəcələrini sentyabr ayında artırmamasının səhv olması barədə bildirdiyi fikirlərə gəldikdə, nəzərə almaq lazımdır ki, “Moody's” nə qədər nüfuzlu  agentlik olsa da, ABŞ-ın monetar siyasətinə görə məsuliyyəti o, deyil, FES daşıyır. Bu baxımdan agentlik Amerika iqtisadiyyatının pozitiv dinamikasına əsaslanıb pul siyasətində daha radikal addımların artıq vaxtının çatdığını bildirə bilər. Hətta bu, haradasa məntiqlidir, ancaq FES-in məsuliyyəti daha böyükdür. O səbəbdən onun iqtisadi artımla bağlı dinamikanın qorunması üçün ehtiyatlı siyasəti strateji baxımdan, zənnimcə, daha düzgündür. O ki qaldı, agentlik nümayəndəsinin FES-in qərarının riskli olması ilə əlaqədar bildirdiyi fikirlərə, burada söhbət dollar təklifinin artması və inflyasiya ilə bağlı mümkün  fəsadlardan gedir. Ümumiyyətlə, müasir makroiqtisadi sistemlər o dərəcədə mürəkkəbdir ki, bu istiqamətdə ideal qərarlar olmur. Hər bir qərarın hansısa iqtisadi göstəricilərə müsbət, digər iqtisadi göstəricilərə isə mənfi təsiri mümkündür. Qeyd etmək lazımdır ki, faiz dərəcəsinin artırılması ilə bağlı qərarın istər indiki vəziyyətdə, istərsə də bir müddət sonra qəbul olunması da müəyyən mənfi makroiqtisadi fəsadlarla nəticələnəcəyi gözləniləndir. Buna görə də bu məsələlərdə qəbul ediləcək hansı qərarın daha optimal, daha az mənfi fəsadlarla nəticələnə biləcəyi əsas tutulmalıdır. Bu baxımdan, nəzərə almaq lazımdır ki, makroiqtisadi durum üçün iqtisadi artım və real sektorun inkişafı inflyasiya göstəricilərinin artmasından heç də kiçik problem deyil. Həm də iqtisadi artımla baglı neqativ dinamika bir çox hallarda digər makroiqtisadi göstəricilərə, o cümlədən  inflyasiyaya da öz mənfi təsirini göstərir. Buna görə də FES-in faiz dərəcəsini bu ay artırmamaq qərarı məqsədəuyğundur. Lakin yaxın aylarda Amerika iqtisadiyyatında müşahidə edilən pozitiv dinamikanın nisbətən dayanıqlı məzmun alması ilin sonunda müvafiq göstəricilərdə öz əksini tapdıqca, ABŞ bank sistemində faiz dərəcələrinin artacağını proqnozlaşdırmaq olar”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.