ATƏT-in təzə sədri prioritetin Qarabağ yox, Ukrayna məsələsi olacağını anons etdi; ekspertlər də sıçrayışa ümid bəsləmirlər; situasiyanı dəyişmək vəzifəsi yenə Bakının üzərində qalır...
Azərbaycan dövləti üçün köhnə ilin ən ağır yüklərindən biri şübhəsiz ki, daha bir il həllini tapmadan növbəti ilə adlayan Dağlıq Qarabağ problemi oldu.
Təzə ilə köhnə, 25 ilin problemi ilə girdik. Bu isə o deməkdir ki, təkcə Azərbaycan və Ermənistan deyil, ümumən Güney Qafqaz regionu da özünün iqtisadi vahid kimi sürətli inkişafı önündə əsas maneəni götürməkdə bir qiymətli ilini də itirdi. Qazanan isə təbii ki, bu münaqişənin qalmasında ən çox maraqlı olan Rusiya oldu.
Yanvarın 1-dən Serbiya ATƏT-ə bir illik sədrliyi rəsmən İsveçrədən qəbul edib. Serbiyanın xarici işlər naziri İviç Daçiçin sözlərinə görə, təşkilatın ilk tədbiri ATƏT Daimi Şurasının yanvarın 15-nə təyin edilən iclası olacaq. Maraqlıdır ki, XİN başçısı ölkəsinin təşkilata sədrliyi dönəmində əsas prioritet məsələnin Ukrayna böhranı olacağını söyləyib. Demək, Qarabağ məsələsi bu il də ATƏT-in Minsk Qrupu üçün beynəlxalq birliyin xüsusi diqqət mərkəzində qalmayacaq.
*****
Bəs əcnəbi təhlilçilər 2015 barədə nə düşünürlər?
Amerikalı ekspert Piter Teys: “2015-ci ildə yarana biləcək dördtərəfli Azərbaycan-İran-Rusiya-Türkiyə strateji əməkdaşlığı Qarabağ münaqişəsinə Bakının maraqlarına uyğun surətdə müsbət təsir edəcək. Ümid edirəm ki, Ermənistan 2016-cə ildə bölgənin qonşu ölkələrin qatıldığı infrastruktur və digər strateji layihələrinə reinteqrasiya edəcək. Azərbaycan və Ermənistan hökumətləri arasında formal yox, məzmunlu danışıqların təmin edilməsi beynəlxalq birlik üçün həqiqi məqsədə çevrilməlidir. Hədəf isə situasiyanı dalandan çıxaracaq və işğal altındakı ərazilərində Ermənistanın təlimlər keçirməsi kimi təxribatçı hərəkətlərini önləyəcək qərarların işlənməsi olmalıdır”.
Alman ekspert Hans Qutbrod: “Bir çox faktorlar səbəbindən hansısa təxminlər söyləmək həmişə çətindir. Mənim fikrimcə, Güney Qafqazın hər üç ölkəsi öz daxillərində alternativ səslər üçün şərait yaradılması yönündə çalışmalıdır. Bundan əlavə, ümid edirəm ki, bölgə dövlətləri həyat və fəaliyyət üçün cəlbedici şəraitin yaradılması uğrunda yarışacaq, nəinki öz qüdrətlərini qabarmağa çalışacaqlar. Funksional demokratiyalar arasında sülh daha uzunmüddətlidir”.
*****
Rusiyalı ekspert Aleksandr Karavayev: “Nizamlama alınmasa da, heç olmasa İrəvan tərəfindən üçlü, yəni Bakı-İrəvan-Moskva formatında güzəştlər qarşılığında yaxınlaşma, əlaqələrin normallaşması tam mümkündür. Təbii ki, Türkiyənin köməyi ilə, çünki bu ölkə Güney Qafqazda nüfuzlu oyunçudur. Belə qüvvələr nisbəti ilə prinsipcə münaqişənin düyününü 80-90-cı illərdə onun başladığı səviyyədə açmağa başlamaq olar. Ən əsası, Moskva üçün bu, özününkülər arasında olan konfliktdir - o ölkələr arasında ki, onlarla Kreml regional miqyasda olduqca sıx və mühüm əlaqələrə malikdir. Ona görə də Moskva vəziyyətin kəskinləşməsinə seyrçi münasibətdə olmayacaq və ya əksinə, situasiyanı tamamən özbaşına buraxmayacaq. Yeri gəlmişkən, Putinin bölgəyə artan diqqəti bununla bağlıdır. Belə bir diqqət ötən ilin avqustunda təmas xəttində yaranmış böyük gərginlikdən sonra reallaşmış prezidentlərin Soçi görüşündə özünü büruzə verdi. Bu, onun göstəricisidir ki, Rusiya vəziyyəti nəzarət altında saxlayır. Ancaq bu düyünü necə açmaq barədə hansısa qərarlar da hələlik yoxdur”.
*****
Rusiyalı politoloq Aleksandr Markarova görə, ötən ilin sonu üçün il ərzində əldə edilən bütün pozitiv məqamlar sıfırlanıb: “Hazırda biz nə hərb, nə də sülh vəziyyətinə sahibik. Müharibə nöqteyi-nəzərdən il kifayət qədər uğursuz oldu. Sülh nöqteyi-nəzərdən isə danışıqlar prosesi əvvəlki illərdə hansı səviyyədə idisə, o səviyyədə də qaldı. 2015-ci ildə nizamlama üzrə məhsuldar alternativ ssenarilərin axtarışına həsr olunacaq. Böyük ehtimalla, sülh prosesi mövcud sənədlər əsasında davam etdiriləcək. Lakin tərəflərin bir-birinə diametral zidd mövqeləri hesaba alınarsa, o zaman problemin həlli hamını qane edəcək alternativ təkliflərin axtarışı müstəvisindədir. Bütövlükdə irəliyə doğru yalnız təmas xəttində gərginliyin azalmasına yardımçı olacaq hansısa kiçik addımları gözləmək lazım gəlir. Yeni ildə dinc Qarabağ nizamlanmasına nail olmaq kifayət qədər mürəkkəb görünür”.
*****
Cənubi Qafqazda münaqişələrin yaranması əsasının 1920-ci ildən qoyulduğunu bildirən rusiyalı təhlilçi və ekspert Stanislav Tarasov Rusiyanın mövqe dəyişdirdiyini bildirib (axar.az). Onun sözlərinə görə, Ukrayna böhranı ilə bağlı Qərblə yaranan problemdən sonra Kreml Şərq ölkələri, o sırada Yaxın Şərq və Cənubi Qafqazda öz maraqlarına diqqət ayırmağa başlayıb və bu üzdən də Qarabağda müharibə ocağının yenidən alovlanması üçün şərait yaranıb: “Cənubi Qafqazda yenidən genişmiqyaslı əməliyyatlar başlana bilər. Qarabağ hadisələrin episentrinə çevrilir və bu, Rusiyanın günahı üzündən baş vermir. 2008-ci il Qafqaz müharibəsi və 2014-cü il Ukrayna böhranı münaqişələrin nizama salınmasını tələb edir. Cənubi Osetiya və Abxaziyada münaqişələrin başlanması mümkün deyil. Regional partlayış Qarabağda baş verə bilər və silahlı konflikt yalnız Qarabağda mümkündür”.
*****
Rusiyalı analitik və politoloq Qriqori Trofimçuk (vesti.az): “2014-cü ili Güney Qafqaz üçün uğurlu saymaq mümkündür, çünki Ukrayna böhranını nəzərə alsaq, bölgə açıq müharibəyə hələ ki, tuş gəlmədi. Başqa yandan, ötən il son dövrün ən ciddi, Qarabağ ixtilafının donunun açılmasına cəhd ili kimi yadda qaldı, hansı ixtilafı ki, əvvəlki az-çox sakit məcrasına qaytarmaq daha mümkün olmayacaq. Ancaq unutmaq lazım deyil ki, Cənubi Qafqazda təkcə Qarabağ problemi mövcud deyil. Problemli nöqtələrin sayı minimum 10-dur və onları kənar ”bədxahlar" istənilən an partlada bilər. Məhz elə bu zonalar ən təhlükəlidir, nə qədər ki, bütün nəzərlər adət üzrə Qarabağa yönəlib".
Ekspertin əminliyinə əsasən, Qarabağda sabitliyin pozulması xeyli dərəcədə münaqişə tərəflərinin davranışlarından asılı olacaq: “Əgər onlar özlərini trivial aparmasalar - hansını ki, heç kəs onlardan gözləmir - o zaman situasiyanı özləri nəzarətdə saxlaya biləcəklər. Dəfələrlə dediyim kimi, Azərbaycan və Ermənistan prezidentlərinin cəmi bircə dəfə - ən yaxşısı da Qarabağda - üzbəsurət, ”bağlı qapılar arxasında" görüşməsi kifayətdir ki, bu sensasiyadan bütün dünya danışsın. Əgər analoji addımlar, yaxud buna kimi olan ənənəvi analoji addımlar atılmasa, Qarabağ yenidən müharibə həddinə yaxınlaşacaq və gah İrəvan, gah da Bakı suçlu sayılacaq. Belə bir durumda, Ermənistan, nə də Azərbaycan dünyaya haqlı olduqlarını sübut edə, öz mövqeyini müdafiə edə bilməyəcək, çünki aparıcı dünya KİV-lərini onlar idarə eləmir. Qarabağ zonasında vəziyyətin hər növbəti kəskinləşməsi əvvəlkilərdən daha güclü olacaq ki, ictimai fikri həyəcanlandırmaq və onu gərginlikdə saxlamaq mümkün olsun".
Analitik hesab edir ki, Rusiya sarıdan bu mənada hər hansı dəyişiklik olmayacaq: “İndi Kremldən ötrü ən önəmlisi ”təki müharibə olmasın" məşhur prinsipi üzrə mövcud situasiyanı saxlamaqdır. İstisna deyil ki, beynəlxalq vəziyyətin sürətlə pisləşməsi ilə əlaqədar hansısa bəyanatlar olsun, ancaq bundan artıq - heç nə. Sülh üçün böyük bir uğur ola bilər, əgər 2015-ci ildə daha bir, hətta bir neçə müharibə başlamasa. Axı az qala, indi hər il belə müharibələr gətirir. 2014-cü il tarixə Ukraynada müharibə ili kimi daxil oldu, necə ki, 2011 Liviya müharibəsi kimi düşdü".
*****
Ekspertlərin rəy və proqnozlarından belə qənaət hasil olur ki, 2015-ci ildə də beynəlxalq güclərin Qarabağla bağlı əsas narahatlığı status-kvonu qoruyub saxlamaq və hərbi əməliyyatların qızışmasını əngəlləməklə ilgli olacaq. Demək, situasiyanı dəyişmək vəzifəsi yenə də ilk növbədə Bakının üzərində qalır... (musavat.com)


