banner
banner

Gündəm

Hökumətin aşura qadağasının səbəbləri – yasaqlar etirazları artıra bilərmi?

Hökumətin aşura qadağasının səbəbləri – yasaqlar etirazları artıra bilərmi?
Son günlərin əsas mövzusu ənənəvi olaraq Aşura idi. Artıq əvvəlki illərdən alışdığımız üçün indi “nədən hər il Asura vaxtı bu söhbətlər başlayır” deməyin anlamı yoxdur. Bu artıq bir vərdişə çevrilib, hardasa, hər il təkrarlanır. 
 
Ramazan ayı başlayanda müsəlmanların orucu hədəfdə olur. Kimlərsə çıxıb deyir ki, müsəlmanlar ildə bir dəfə bir ay oruc tutur, amma Afrikada, Yaxın Şərqdə müsəlmanlar illərlə ac qalır və sair. Ardınca Həcc mərasimi başlayır, müsəlmanların Həccə getməsi tənqid olunur, nədən pulu Ərəbistan səhralarına xərcləyir, xeyriyyə işi görmür və sair. Daha sonra Qurban bayramında yenə də müsəlmanların heyvan kəsməsi tənqid olunur və bu proses silsilə şəklində hər il davam edir. Eyni zamanda Novruz bayarmının Kosa və Keçəli, tonqal adəti və digər adət-ənənələr hər il əlamətdar günlərdə tənqid və təhqirlərə məruz qalır. Və hər il bu mövzularda cavablar verilir, yazılar yazılır. Amma göründüyü kimi, ümumi proses dəyişməz “qanunauyğunluğa” tabe olaraq davam edir. 
 
Milli və dini mövzuların sosial şəbəkələrdə ictimai müzakirəsi hələlik cəmiyyətin ümumi əhvalını dəyişməsə də, son illərdə başqa bir tendensiya özünü qabarıq büruzə verir. Hökumət Aşura mərasimlərinə qarşı sərt addımlar atdı. Bir sıra bölgələrdə yürüşlər yasaqlandı, Gəncə şəhəri, Nardaran qəsəbəsi kimi Aşuranın ənənəvi olaraq kütləvi keçirildiyi bölgələrdə hökumət ciddi məhdudiyyətlər tətbiq etdi. Gəncə camaatı Aşura günlərində şəhərdəki məscidlərə buraxılmadı, şəhər kənarında yerləşən “İmamzadə” kompleksinə yönəldildi. Nardaranda da ilk dəfə olaraq yollar bağlandı və kənar insanlar qəsəbəyə buraxılmadı. 
Eyni zamanda bu il xüsusən də Aşura günləri ərəfəsində din sahəsində bir sıra məhdudiyyətlər, eləcə də qanunlar daha da sərtləşdirildi. Evlərdə mərasim keçirmək, küçədə yürüş etmək, Aşura simvolları gəzdirmək yasaqlandı. Ən son olaraq parlament dini qanunvericiliyi daha da sərtləşdirdi. 
 
Bu məhdudiyyətlər və qanunlardakı sərtləşdirmələr dini camieədə ciddi narahatlıq doğurdu. Hətta sərt reaksiya verənlər də oldu. Amma ortada olan sual açıq qaldı: hökumət nədən birdən-birə illər uzunu heç bir maneə yaratmadığı Məhərrəm ayı məclislərinə qadağa qoydu? Çünki Aşura mərasimləri nə hicab kimi dünyəviliyi təhdid edir, nə də ölkədəki dini atmosferin sərtləşməsi ilə bağlılığı yoxdur. Hətta sovet illərində də yasaqlanmamış, insanların bu günləri qeyd etməsi əngəllənməyib. İndi isə hökumət gözlənilmədən Aşura ərəfəsi əvvəlcə bəyan etdi ki, Aşura yürüşləri qadağan edilir, daha sonra qara bayraqlar və dini atributlar qadağan edildi və dükanlardan yığışdırıldı. Eyni zamanda Məhərrəmlik məclislərinin yalnız məscidlərdə keçirilməli olduğu, evlərdə keçirilən məclis və ehsan süfrələrinin qadağan edildiyi bəyan olundu. Bunun ardınca Lənkəranda, Gəncədə, Nardaranda məlum yasaqlar tətbiq edildi, hətta saxlanılanlar oldu. 
 
Əlbəttə, indi bir çox fikirlər səsləndirilir, hakimiyyətin nədən bu addımlara getməsinin səbəbləri haqda fərqli fikirlər irəli sürülür. Və təbii ki, ortada bir sıra ehtimallar, versiyalar mövcuddur. Bu ehtimalları bir neçə istiqamətdə cəmləməyə çalışdıq. 
 
Birincisi, Aşura mərasimlərinin xüsusən də son illərdə izdihamlı olması hakimiyyəti artıq narahat etməyə başladığı hiss olunur. Məsələ ondadır ki, məscidlərin sayının az olmasına, din sahəsində məhdudiyyətlərə və əks təbliğatlara rəğmən ildən-ilə Aşura mərasimlərinin iştirakçılarının sayı artır. 90-cı illərin sonlarında yalnız məscidlərdə və ziyarətgahlarda qeyd olunan mərasim indi artıq neçə ildir küçələrə çıxıb, məscidlərin yerləşdiyi ərazilərdə, yollarda insanlar toplaşır. Xüsusən də son bir neçə ildə Aşura və əvəvlki günlərdə yürüşlər keçirilir. İnsanlar piyada Nardarana gedir, eyni zamanda Bakıda, Gəncədə, Lənkəranda və başqa irili-xırdalı şəhərlərdə Aşura heyətlərinin yürüşləri olur. 
 
Hökuməti narahat etməyə başlayan Aşura iştirakçılarının sayındakı artım və ilbəil sistemləşən, təşkilatlanan kütlə ilə yanaşı, daha əvvəl pərakəndə, yalnız məscidlərdə olan mərasimlərin indi daha çox din xadimlərinin rəhbərliyi altında faktiki olaraq yürüş-aksiyaya çevrilməsi idi. Artıq Aşura yürüşləri nizamlı sıralarla olur, öndə isə din xadimləri gedirdi. 
Məlum olduğu kimi, son illərdə Azərbaycanda ən kütləvi yürüşdə iştirakçı sayı 10 min nəfərə belə çatmayıb. Hətta hakmiyyət partiyası belə kütləvi çoxminlik mitinq keçirə bilmir. Və ölkədə faktiki olaraq neçə ildir ki, qeyri-rəsmi olaraq bir kütləvi toplantı yasağı var və bu yasağı qıran yeganə hadisə Aşura olur. 
 
Məsələnin daha bir tərəfi var ki, hakimiyyət Aşura mərasimlərinin narazı ruhanilərin tribunasına çevrilməsindən, Məhərrəm mərasimlərinin formalaşmaqda olan dini müxalifətin gücünə çevrilməsindən qorxmağa başladı. Ötən il Aşura günü Lənkəranda və Gəncədə 20 min insanın ruhanilərin arxasınca yürüşə çıxması hökumət üçün ciddi narahatlıq siqnalı oldu. Digər tərəfdən Bakıda hələ də düşünürlər ki, radikal müxalif fikirli ruhanilər İranın təsiri altındadır və ya hansısa məqamda təsiri altına düşə bilər. Bu qədər mütəşəkkil qüvvənin nəzarətdən kənar olması isə ciddi təhlükədir. Çünki hər nə qədər görüntüdə münasibətlər dostcasına olsa da, İranın hərbi dairələrində Azərbaycandan ciddi narazılıq var, Bakının İsraillə hərbi əməkdaşlığı yumşaq desək Tehranda xoş qarşılanmır. 
 
Heç şübhəsiz ki, ötən il izdihamlı, hətta dünyada böyük diqqət çəkən Azərbaycandakı Aşura izdihamı bu hadisədən bir ay sonra hökumətin Nardaranda və ölkənin digər bölgələrində (xüsusilə, Aşuranın qələbəlik keçirildiyi Lənkəran və Gəncədə - red.) həbslərə səbəb oldu. Yürüşlərin təşkilatçıları və belə desək, liderləri həbs olundu. Bu proses bu il də davam etdi və hökumət maksimum imkanlardan istifadə edərək Aşurada küçə yürüşlərinin baş verməməsi, mərasimin yalnız məscid və ziyarətgahlarda keçirilməsinə nail olmağa çalışdı. Xəbər saytlarından Aşura rəsmləri və xəbərlərinin yığışdırılması, canlı mərasim reportajını verən telekanalın yayımının kəsilməsi onu göstərdi ki, hökumət Aşura ilə bağlı xəbər və fotoların yayılmasını istəmir, bu mövzunun gündəmdə qalmasına qarşıdır. Yəni bütün fəaliyyət mərasimlərin “əvvəlki, köhnə qaydada”, yürüş olmadan, daha çox məscidlərdə keçirilməsini, səs-küyə, ajiotaja səbəb olmasını istəmir. Qadağa və məhdudiyyətlərin də bütün hədəfi məhz bu idi. 
 
Bu, necə deyərlər, hadisənin praktik siyasi tərəfi. Ancaq eyni zamanda cəmiyyətin və dini qurumların bu prosesdə iştirakı, eləcə də dövlətin bu istiqamətdə addımlarına da diqqət etmək lazım gəlir. Məlum oldu ki, formal dini qurum, ölkədə bu cür dini mərasimlərin təşkili və keçirilməsinə həm dini-mənəvi, həm də təşkilati baxımdan cavabdeh olan qurum, yəni QMİ proseslərdən geri qalır, əslində isə proseslərin arxasınca sürünür.
 
Şeyxin yarımçıq bəyanatları, daha çox hökumətin addımlarını malalayan fikirləri QMİ sədrinin əslində prosesin içində olmadığı, “arxasınca getdiyini” göstərdi. Burda həm də bir mənada Şeyxin son illərdə növbəti dəfə və bariz şəkildə zəifliyi üzə çıxdı. QMİ proseslərin aparıcı qüvvəsi olduğu halda, ya hökumətin açıqlamalarını təkrarladı, ya da işi hüquq-mühafizə orqanlarının üzərinə ataraq yeni qaydalara riayət etməyənlərin cəzalandırılacağını bildirdi. “Nəsimi” filmində məşhur səhnədə dediyildiyi kimi, bu mərhələdə Şeyxin “nə qələminin qüvvəsi, nə də sözünün kəsəri” görünmədi. Əslində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri də bu prosesdə icraçı kimi göründü. Amma bu mərhələnin ən böyük məğlubu Şeyxülislam oldu. Bunu hər kəs hiss elədi. Aydın göründü ki, Şeyxin rəhbərlik etdiyi qurum ölkədə dini prosesləri yönəltmək iqtidarında deyil. Bunu Şeyx özü də hiss elədi. Aşura günü mərhum dövlət başçısı barədə söylədiyi və böyük təpki toplayan fikirləri də Şeyxin hakimiyyət rəhbərliyinə mesajı idi. Ancaq top xeyli gec atılmışdı, artıq oyun bitmişdi. 
 
Və nəhayət, “hakimiyyətin bu addımı nə qədər uğurlu oldu” sualına cavab tapmaq gərəkdir. Aydın məsələdir ki, Azərbaycanda uzun müddətdir ki, bir çox sosial, ictimai fəaliyyətlərə qarşı işlər hüquq-mühafizə və təhülkəsizlik orqanlarının əli ilə aparılır. Sonuncu Aşura yasaqları da bu sıradan bir hadisə oldu. Aydın məsələdir ki, hazırda Azərbaycan cəmiyyətinin müqavimət potensialı zəifdir və güc strukturlarının təzyiqi öz nəticəsini verir. 
 
Amma burda çox incə bir detal var. Qadağa hansısa siyasi aksiyaya və ya tədbirə deyil, dini ayinlər üzərində qurulmuş, ölkə əhalisinin böyük çoxluğunun mənsub olduğu dəyərlər üzərinə tətbiq olunur. Yəni istənilən halda bu cür zorakı qadağalar əks nəticə doğuracaq. Narazılığı və radikalizmi daha da körükləyəcək. Və burda ən həssas məsələ odur ki, Aşura mərasimlərini yalnız az sayda olan namaz qılan, dindar insanlar deyil, dindar olmayan, dini kimliyi olmayan insanlar da ənənə kimi qeyd edib. Bu qadağalar nəticə etibarı ilə hökumətin əslində din deyil, adət-ənənələrə müdaxiləsinə çevriləcək. Bu isə əks təsir doğura bilər. 
 
Hökumətin bundan sonra hansı addımı atacağı bu istiqamətdə çox həssas nöqtə olacaq. Əgər proses daha da dərinləşib qadağalar şəklində davam edəcəksə, ölkə 5 il əvvəl yaranmış vəziyyətə geri dönəcək və din sahəsi bütövlükdə hökumətin nəzarətindən çıxacaq. Çünki qadağalar artdıqca, etirazlar və etiraza qoşulanların sayı da paralel olaraq artacaq. 
 
İndi Azərbaycanın dini və siyasi qurumlarının qarşısında həssas bir vəzifə var: cəmiyyəti inandırmalıdırlar ki, bu məhdudiyyətlər həqiqətən də dini radikalizmin, dindən siyasi məqsədlər üçün istifadənin qarşısını almağa, dini zəmində aksiyaları məhdudlaşdırmağa yönəlib, hədəf dini dəyərlər və adətlər deyil, müəyyən qruplardır. Yox əgər hakimiyyət bunu etməyə gərək duymasa və prosesi qadağalarla davam etdirməyə çalışsa, o zaman qarşısını almağa çalışdığı prosesi daha da sürətləndirəcək. 
 
Çünki dindarlar arasında radikalizm meylləri artacaq, anti-hakimiyyət çağırışları daha çox dəstək toplayacaq. Həta daha əvvəl tərəddüd edənlər də artıq əks-arqument gətirə bilməyəcək. Yəni nəticə etibarı ilə Azərbaycanda dini zəmində gərginlik yenidən güclənə bilər. Və bu ölkədə əhalinin yalnız 8-10 faizinin əməl etdiyi, üstəlik əhatə dairəsi geniş olmayan hicab qadağası ilə müqayisə olunmaya bilər. Çünki Aşura hicabdan fərqli olaraq dindar olan və olmayanların qeyd etdiyi mərasimlərdir. 
 
Hələlik bu “oyunun” birinci raundu başa çatıb. Aşura mərasimləri bitdi və cəmiyyət çaşqınlıqla olanları qəbul etdi. Ən uzağı gələn ilki Aşuraya qədər zaman var. Bu dövrdə hakimiyyətin hansı addımı atacağı, hansı qərarları qəbul edəcəyi və vəziyyəti hansı yönə dəyişəcəyindən çox şey asılı olacaq. Vaxt isə sürətlə gedir.
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ

"Bir akademik titullu şəxs rüşvət və ya dövlət büdcəsini mənimsəmə yolu ilə varlanıbsa, bilin ki, o, qatil, alçaq, vicdansız, antimilli, satqın və xain olmaqla yanaşı dövlət və millət üçün xarici düşməndən 3 dəfə çox təhlükəlidir. Ölkədə nə qədər uşaq qidasızlıqdan həlak olur, insanlar gənc ikən xəstələnib ehtiyac üzündən dünyasını dəyişirlər". Dia-az.info bildirir verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov son olaraq AMEA-da yaşanan eybəcərliklərə etiraz olaraq qeyd edib İdris Abbasov

Tbilisidə “xarici agentlər” qanununa qarşı növbəti etiraz aksiyası başlayıb

Gürcüstanın bir neçə müxalifət partiyası və 100-dən çox qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri Tbilisidə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı etiraz aksiyası keçirirlər. Hurriyyet.az xəbər verir ki, Tbilisinin mərkəzindəki Birinci Respublika Meydanına bir neçə min vətəndaş, eləcə də müxalifət liderləri və QHT-lər toplaşıb. Onlar Rustaveli prospekti ilə parlament binasına qədər yürüş etməyi planlaşdırırlar. Meydanda mitinq təşkilatçılarının toplaşanlara müraciət edəcəyi səhnə quraşdırılıb. yeniavaz.com

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir.

SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb. Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub. Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib. "Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər", - məlumatda vurğulanıb. Musavat.com