Bir sıra rayonlarda dövlət müəssisəsində çalışanlar pambıq yığımına cəlb edilir. Dövlət Statistika Komitəsi (DSK) mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev AzadlıqRadiosuna deyib ki, artıq Saatlıda 4 min 169 ton, Biləsuvarda 2 min 959 ton, Sabirabadda 2 min 884 ton, Ağcabədidə 2 min 580 ton pambıq yığılıb.
Məhsulun təxminən yarısı bu 4 rayonun payına düşür. Azərbaycanda bu il 24 rayonda - bütövlükdə 52 min hektar sahədə pambıq əkilib. Əvvəlki ilə nisbətdə belə sahələr 2,8 dəfə genişlənib. Plantasiyaların yarısı Saatlıda (8 min 109 hektar), Sabirabadda (6 min 113 hektar), Biləsuvarda (6 min 40 hektar) və İmişlidədir (5 min 51 hektar). Emalçılar bu il 100 min ton məhsul qəbul etməyi planlaşdırırlar.
Emal müəssisələrinin fermerlərlə bağladığı müqavilələrə əsasən, növündən asılı olaraq, pambığın kiloqramı 40-50 qəpikdən alınır. Üstəlik, pambıqçılığa dövlət dəstəyi kimi, bu ildən təhvil verilən pambığın hər kiloqramına 10 qəpik subsidiya ödəniləcək. Oktyabrın 10-na olan məlumata görə, plantasiyalardan 27 min ton - ötən ildəkindən 43,4 faiz çox məhsul yığılaraq, emal müəssisələrinə təhvil verilib.
Xatırladaq ki, sovet dönəmində yalnız müəssisələrdə çalışanlar deyil, təhsil müəssisələri- müəllimlər və şagirdlər də pambıq yığımına cəlb edilirdi. O zaman bu məcburi idi. Həm də o illərdə insanların özləri pambıq yığımına həvəsli idilər. Çünki çox pambıq yığana əmək qəhrəmanı adı, medal, maşın, vəzifə verilirdi. Kənd qızlarını əmək qəhrəmanı, deputat eləməklə, sovet hökuməti kəndliləri inandırırdı ki, hər kəs, hər bir kəndli əməyi, zəhməti ilə ucala, şöhrət, vəzifə, pul qazana bilər. Maraqlıdır, indi də məktəblilər və müəllimlər pambıq yığımına cəlb edilirmi və ya gələcəkdə bununla bağlı hər hansısa bir plan varmı?
Bunu öyrənmək üçün bir neçə rayon təhsil şöbəsi ilə əlaqə saxladıq.
Hacıqabul Təhsil Şöbəsinin müdir müavini Balaxanım Əsgərova müəllimləri və şagirdləri təhsildən ayırıb pambıq yığımına cəlb etmək kimi bir fikirlərinin olmadığını dedi: “Bizim rayonda nə müəllimlər, nə də ki, şagirdlər pambıq yığımına cəlb edilib. İrəlidəki günlərdə də belə bir planımız yoxdur. Biz bununla bağlı tapşırıq da almamışıq. Müəllimləri və şagirdləri dərsdən ayırmaq fikrimiz yoxdur”.
Salyan Rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev də bu cür planlarının olmadığını dedi: “Belə bir planımız yoxdur. Ola bilər ki, şənbə və bazar günləri kimsə ailə büdcəsinə yardım etmək üçün yaşadığı ərazidə pambıq varsa və ya fermer qohumu varsa, gedib ona pambıq yığımında kömək etsin. Amma tədris prosesində, iş vaxtı bununla bağlı heç bir tapşırıq olmayıb və heç kim pambıq yığmağa getməyib”.
Pambıq yığımında önəmli rol oynayan digər 4 rayonun təhsil şöbələri ilə də əlaqə yaratmağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.