Eldar Mahmudovun “qulağı”ı əldə - general Teymur Quliyev istintaqa nə deyib?
Ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin keçmiş rəhbəri hazırda həbsdə olan general Teymur Quliyev də daxil olmaqla, bir neçə nəfərin həbs müddəti uzadılıb. Səbayel Rayon Məhkəməsi hazırda ibtidai istintaqı davam etdirilən T.Quliyevin, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərləri barəsində həbs-qətimkan tədbirinin müddətini 3 ay artırıb.
Həbs müddəti uzadılan T.Quliyev “MTN işi”ndə ən mübhəm fiqurlardan biridir. MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsində çalışmış Teymur Quliyev Eldar Mahmudovun “qara qutusu” hesab olunur. Məhz onun rəhbərlik etdiyi Monitorinq Mərkəzi bütün qanunsuz dinləmələri həyata keçirib. Bu dinləmələr isə təkcə hədəfdə olan sahibkarları əhatə etmir. Məlumata görə, hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, mümkündür ki, səs yazıları kimi qeydə də alınıb.
Eldar Mahmudovun işdən çıxarılmasından dərhal sonra qapıları möhürlənən Monitorinq Mərkəzi illərlə bu kimi dinləmələr həyata keçirib, mümkündür ki, danışıqlar xüsusi fayl şəklində toplanaraq kompromat kimi saxlanılıb və ya xaricə çıxarılıb. İddialara görə, Monitorinq Mərkəzi ilə bağlı istintaq elə ilk gündən Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzarəti altındadır. Çünki bu, həm də dövlət təhlükəsizliyi məsələsidir. T.Quliyevi bir il əvvəl - oktyabr ayının 18-dən Teymur Əliyev küçəsində yerləşən 4 mərtəbəli villasında həbs ediblər.
Evində axtarış aparılıb və istintaqçıların nə axtardığı hələ də bilinmir. Eləcə də 1 ildir davam edən istintaqında T.Quliyevin nələri etiraf etməsi barədə də heç bir məlumat yoxdur. Onun vəkilinin olub-olmaması da bu bir ildə məlum olmayıb. Xəbərlərdə deyilir ki, T.Quliyevə yalnız dövlət tərəfindən vəkil təyin edilib ki, bu da istintaq sirri ilə əlaqədardır. Yalnız son günlər T.Quliyevlə bağlı mediaya bəzi məlumatlar sızıb.
Bildirilir ki, Monitorinq Mərkəzinin sabiq rəisinin işi üzrə Hilal Əsədovun ifadəsi alınıb. İstintaqçılar sabiq nazir müavini H.Əsədovdan MTN tərəfindən qanunsuz olaraq dinlənən yüksək vəzifəlilər barəsində soruşublar. H.Əsədov həmin vəzifəliləri hansı məqsədlə dinləmələri barədə danışıb.
Hilal Əsədov
T.Quliyevin Akif Çovdarovun barəsində qaldırılmış cinayət işində şahid qismində dindirildiyi də deyilir. Amma burada da söhbət sahibkarlardan gedir və yüksək vəzifəlilərin adı çəkilmir. Məlumdur ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları - Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi digərlərinin cinayət işi ayrılaraq ayrıca icraata verilib və hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin mühakiməsi keçirilir.
T.Quliyevin istintaq zamanı rəhbərlik etdiyi mərkəzdə danışıqların dinlənilməsini nazir Eldar Mahmudovun yazılı icazəsi, habelə idarə rəisi Akif Çovdarovun göstərişi ilə həyata keçirdiyini etiraf etdiyi də yayılan xəbərlər sırasındadır. T.Quliyevin Bakı İstintaq Təcridxanasında aylardır ki, gecə-gündüz ciddi müşahidə altında saxlanılması (hətta təkadamlıq kamerada saxlanıldığı iddiası var) onun istintaq üçün necə qiymətli fiqur olduğunu göstərir. Həbsindən sonra onun səhhətinin pisləşməsi, qəfil infarkt keçirməsi barədə yayılan xəbərlər isə rəsmi təsdiqini tapmayıb.
1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev o vaxt Xalq Təsərrüfatı İnstitutunu adlanan ali məktəbi bitirib. Teymur Quliyevin atası da polis sistemində işləyib, bir sıra rayonların rəisi olub. Əmisi isə sovetlər vaxtı daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.
T.Quliyev DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib və burada onların “iş birliyinin” əsası qoyulub.
Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevi də MTN-ə gətirib. Əvvəl MTN-də təchizat şöbəsinin rəisi postunda işləyən T.Quliyev hələ də bilinməyən “xidmətlərinə görə” tezliklə daha yüksək posta - MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alıb. 2012-ci ilin mart ayında ölkə başçısının sərəncamı ilə general-mayor rütbəsi alan T.Quliyev hüquq-mühafizə sistemində ən gənc generallardan biridir.
Azərbaycanda “üzdə olmayan və tanınmayan” T.Quliyevin adını mediada ilk dəfə məşhurlaşdıran Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev olub. O, T.Quliyevin qardaşının oğurlanmasını təşkil edənlər sırasında olduğunu bildirib. Heç şübhəsiz ki, T.Quliyevin ifadələri hələ də həbsdən yayınan E.Mahmudovun hakimiyyət kabinetlərinə “qulağını” niyə dirəməkdə maraqlı olduğunu üzə çıxaracaq.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.