Son günlərdə sürücülərin sükan arxasında ürək infarktı keçirdiyi və idarə etdikləri vasitələrin qəza törətdiyi haqqında xəbərlərə rast gəlirik. Son 2 ayda 3 belə hadisə olmuşdur. Sükan arxasında ürək problemlərinin yaranması həm sürücünün, həm də başqalarının həyatını təhlükəyə atır.
Hesablamalara görə şəxsi avtomobil sürücüləri yaşından və sənətindən asılı olaraq ildə ortalama 250 saat sükan arxasında əyləşirlər. Peşəkar sürücülərdə bu rəqəm daha yüksəkdir. 2 il əvvəl Bakı Dövlət Yol Polisi İdarəsinin verdiyi məlumata görə 1988-ci ildən 2013-cü ilədək Azərbaycanın avtomobil yollarında 66 min 981 yol qəza hadisəsi qeydə alınıb. Nəticədə 23 min 409 nəfər ölüb, 74 min 878 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaların başvermə səbəbləri arasında ilk növbədə yol hərəkəti qaydalarının pozulması durur. Yol qəzalarının nə qədər hissəsinin tibbi səbəblərdən ötrü baş verdiyini demək çətindir, ancaq inanılır ki, bu rəqəm kiçikdir. ABŞ və Kanadanın statistik məlumatlarına görə yol qəzalarının 5%-ə qədərini ürək-damar xəstəlikləri ilə əlaqələndirmək olar. Sürücülərin sükan arxasında gərgin və əsəbi olması, uzun tıxaclarda gözləmək, emosional stress, avtomobillərdən atmosferə buraxılan dəm qazı, digər zərərli tüstülər ürək infarktının səbəbi olaraq göstərilir.
Ürək-damar xəstələrinin sürücülük qaydaları hüquq tərəfindən tənzimlənir. Avropanın özündə də hüquqşünaslar bu mövzuda həmfikir deyil. Yol qəzalarının araşdırılmasında elmi əsaslara söykənən dəlillərin azlığı və işin içinə sosio-ekonomik məsələlər daxil olduğuna görə qərar vermək çətindir. Avropa Ürək Cəmiyyəti 1998-ci ildə ürək-damar xəstələrinin sürücülük qaydalarını tənzimləmək üçün bir protokol hazırlamışdı. O vaxtdan bəri xırda dəyişiklikləri nəzərə almasaq, o protokol qüvvədə qalır.
Avropa Ürək Cəmiyyətinin tərtib etdiyi protokolda sürücülər I qrup (şəxsi avtomobil, motosiklet) və II qrup (kommersiya məqsədli vasitələr, avtobuslar, yük maşınları) olmaqla iki kateqoriyaya ayrılır. Məsələn, arteryel hipertenziya (yüksək təzyiq) olan I qrup sürücülər əgər verilən dərman müalicəsi güvənli idarəetməyə təsir edəcəksə sürə bilməz, II qrup sürücülərin isə böyük təzyiqi ˃180 mmHg isə lisenziyaları alınır, təzyiq kontrol altında tutulanda geri verilir. Başqa bir nümunə, tac damarına stent taxılan xəstə: I qrupdakılar 1 həftədən sonra sürə bilər, II qrupdakılarda lisenziya 6 həftəlik dayandırılır. Ürək damarı əməliyyatı keçirənlər (aorta koronar şuntlama): I qrupdakılara 4 həftədən sonra sürməyə icazə verilir, II qrupun lisenziyası 3 aydan sonra bərpa olunur. Hər ürək-damar xəstəliyinə aid belə qaydalar müəyyənləşdirilmişdir. Bəzən sürücünün istifadə etdiyi dərman yuxu gətirə, qəzaya şərait yarada bilər. Bunun üçün dərman preparatlarının instruksiyasında sürücülərə aid ayrıca məlumat verilir.
Azərbaycan qanunvericiliyinə əsasən ictimai nəqliyyat sürücüləri, ticarət məqsədli yükdaşımaları həyata keçirən sürücülər reys qabağı həkim müayinəsindən keçməlidir. Ən azından tibbi müayinə zamanı xəstənin şikayətinin olub-olmadığı soruşulmalı, nəbzi, təzyiqi ölçülməlidir. Müayinəsində anormallıq aşkar edilənlər kardioloq həkimə göndərilməlidir. Təəssüflər olsun ki, çox vaxt belə müayinələr formalizm xarakteri daşıyır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.