Ölkədə problemli kreditlərlə bağlı məsələ iki ilə yaxındır ki, həllini tapmayıb. Ekspertlər bildirirlər ki, problemin həlli gecikir, vaxt keçdikcə, vəziyyət daha da ciddiləşir. Həmçinin son 3 ildə kreditlər dollarla ayrıldığından və dalbadal iki dəfə devalvasiya baş verdiyindən borcu onun günahı və məsuliyyəti olmadan ikiqat artan, bu gün isə həmin borcları ödəyə bilməyən vətəndaşlar psixoz duruma düşüblər.
Hökumətin problemin həllində maraqlı olmaması isə vətəndaşın durumunu diqqətə almamaq kimi qiymətləndirilir. Nəticədə problemli kreditlər və banklara borclu vətəndaşların sayı sürətlə artmaqdadır. Dəfələrlə ekspertlər, deputatlar məsələ ətrafında fikir və təkliflər səsləndirsələr də, problem hələ də açıq qalır.
Son olaraq deputat Ziyad Səmədzadə bildirib ki, ölkədə bəzi bank müştəriləri üçün kredit amnistiyası tətbiq olunmalı və banklar həmin müştərilərə güzəştə getməlidirlər. Çıxışında borcların amnistiyası məsələsinə toxunan Z.Səmədzadə bildirib ki, hazırda Milli Məclisə bank müştərilərindən minlərlə məktub gəlir: “Banklara borcu olanlar kreditlərini ödəyə bilmirlər”.
Komitə sədri bildirib ki, o, bu məsələni Mərkəzi Bankın və digər əlaqədar qurumların rəhbərliyi ilə müzakirə edib: “Biz bankların gəlirliyini araşdırmışıq və hesab edirik ki, onlar kifayət qədər gəlirlə işləyirlər. Ona görə də borcların amnistiya məsələsinə getmək olar”. Deputat bildirib ki, bu amnistiyanın hansı hallara, kimlərə şamil olunacağı araşdırılmalı və dəqiqləşməlidir. Komitə sədri bankları xüsusilə sərhəd bölgəsində yaşayan müştərilərə güzəştə getməyə çağırıb: “Əgər kredit götürən şəxs sərhəd bölgəsində yaşayırsa və onu qaytarmaqla bağlı problemi varsa, xahiş edirəm, banklar belə məsələlərə həssas yanaşsınlar. Həmin vətəndaşlara güzəştə gedə bilərlərsə onları tətbiq etsinlər”.
Ekspertlər isə bildirirlər ki, problemin tamamilə bankların üzərinə atılması vəziyyətdən çıxış yolu deyil. Dövlət də burada məsuliyyət daşımalı və azından, problemi çözməyə cəhd etməlidir. Ekspert Rəşad Həsənov məsələ ilə bağlı musavat.com-a bildirib ki, 2015-ci ilin əvvəlində, birinci devalvasiyadan yaranan problem həll edilmədən qalıb: “Problem iki ilə yaxındır davam edir. Dəfələrlə müxtəlif təkliflər olsa da, bu istiqamətdə hər hansı rəsmi qərar qəbul olunmayıb. Müxtəlif dövrlərdə müxtəlif ekspertlər, qurumlar tərəfindən problemin həlli istiqamətində fikirlər səsləndirilib. Təbii ki, problemin həllinin yolunu güzəştlərin tətbiq edilməsində görürlər. Bu fikir də məhz parlament nümayəndələrinin bu istiqamətdə mövqeyini əks etdirən fikirdir. Əsas fikir odur ki, banklar güzəşt etsinlər. Düşünürəm ki, doğru yanaşma deyil. Bütün tərəflərin burada iştirakı vacibdir. Xarici valyutada olan borclara üstünlük verilməlidir. Ümumiyyətlə, qaytarılmayan borclar qruplaşdırılmalıdır. Xarici valyuta ilə verilən kreditlərin həcmi kəskin artıb. Rəqəmlər kifayət qədər yüksəkdir. Çox halda banklar kreditlərin vaxtını uzadaraq problemi zamana yayırlar. Ancaq bu, çıxış yolu deyil, imitasiya xarakterlidir. Problemi həll etmək vacibdir, əks halda, vəziyyət daha kəskin bir nöqtəyə gələcək”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a deyib ki, kredit probleminin bankların üzərinə atılması çıxış yolu deyil: “Onsuz da əhali, vətəndaş borcunu qaytara bilmir, çətinliyi var. Vətəndaşların əksəriyyəti krediti obyektiv səbəblərdən qaytara bilmirlər. Çünki iki dəfə kəskin devalvasiya olub, iş yerləri bağlanıb, ərzaq və qeyri-ərzaq malları iki dəfəyədək bahalaşıb, faizlər də kifayət qədər yüksək səviyyədədir. Problem onsuz da bankların üzərindədir. Amma bunu bankların üzərinə atsaq da, vəziyyət düzəlməyəcək. Onsuz da yük bankların üzərində qalıb. Problemli kreditlərin həcmi artıb. Sadəcə, banklarla bağlı bu cür təkliflər rəsmiləşsə, bankların tamamilə çökməsi gündəmə gələcək. Bank sektorunun çöküşü ümumiyyətlə iqtisadiyyatla bağlı fəlakətli nəticələrə gətirib çıxara bilər. Həll məsuliyyətin üç hissəyə bölünməsindən keçir.
Vətəndaş, bank və dövlətin iştirakı ilə bir formul tapılmalıdır. Olmasa, insanlar, əhali getdikcə daha az kredit qaytaracaq, çətinlikləri artacaq. Krediti qaytarmayanların sayı on minlərlədir. Bunun hüquqi yolla tənzimlənməsi də mümkün deyil. O sayda insanı hüquqi məsuliyyətə cəlb etmək də mümkünsüzdür. Sanksiyalar tətbiq etmək də mümkün deyil. Dövlət bu problemin həllini nə qədər çox gecikdirsə, bir o qədər böyük məbləğdə ziyana düşmüş olacaq. Yəni daha az ziyanla bu problemdən çıxmaq mümkün idi. Bankların özlərinin vəziyyəti çox ağırdır. Dörd milyarda yaxın xarici borcları var. Bu, hissə-hissə qaytarılmalıdır. Bankların gəlirləri azaldıqca, verdikləri kreditlərin geri dönüşü azaldıqca, banklarda da vəziyyət çox kritik həddə çatır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.