Artıq Azərbaycanda da hava kəskin soyuyub. Soyuqlar düşən kimi hər birimiz isti evimizə girir, çay içir, isti yeməklər yeyirik. Ancaq bütün bunlardan məhrum olan, soyuğu küçələrdə keçirməyə, kordon kağız parçalarını üzərinə yorğan əvəzi atıb isinməyə çalışan bəxtsiz, talesiz insanlar da var. Onların isə bir adı var - bomj.
Statistikaya görə, hər il nə qədər bomj soyuqdan donur. Halbuki, onların ölümünün qarşısını almaq üçün elə böyük vəsait tələb olunmur. Çadırlar qurmaq, oranı istiliklə təmin etmək və isti bir çay. Xatırladaq ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi paytaxtda bomjlar üçün müvəqqəti sığınacaqlar təşkil etmişdi. Həmin sığınacaqlarda bomjlar isti yataq, ay və yeməklə təmin olunurdular.
Maraqlıdır, bu il də bomjlar üçün müvəqqəti sığınacaqlar təşkil ediləcəkmi?
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev yeni layihə razılaşdırılaraq təsdiq edilərsə, havanın temperaturundan asılı olaraq müvəqqəti sığınacaqlar təşkil ediləcəyini dedi: “Çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən qaydalar hazırlanıb. Əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə nazirliyin təşəbbüsü ilə Bakı şəhərinin rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar təşkil edilib. Həmin sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin ediliblər”.
Şöbə müdiri əlavə etdi ki, 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə tədbirlərin təşkilinin məhz normativ hüquqi əsasla tənzimlənməsinin zəruriliyini nəzərə alaraq, çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən Qaydanın layihəsini hazırlayıb: “Təəssüf ki, ötən müddətdə həmin layihəni aidiyyəti dövlət qurumları ilə tam razılaşdırmaq mümkün olmayıb. Əgər yeni layihə razılaşdırılaraq təsdiq edilərsə, havanın temperaturunun azı 45 dərəcə isti və ilin soyuq vaxtlarında sıfır dərəcədən aşağı olduğu hallarda (çətin hava şəraitində) müəyyən yaşayış yeri olmayan və yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər üçün nazirlik tərəfindən müvəqqəti sığınacaqların təşkili həyata keçiriləcək”.
Əgər müvəqqəti sığınacaqlar ötən ildə olduğu kimi bu il də təşkil edilməsə, küçədə yaşamağa məcbur olanlar məscidlərə üz tuta bilərlərmi? Maraqlıdır ki, “Allahın evinin” qapıları bu insanların üzünə açılacaqmı?
Sualımıza cavab almaq üçün Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verən olmadı.
Dini ekspert Kənan Rövşənoğlu isə bildirdi ki, belə vəziyyətdə evsiz-eşiksiz insanlara “Allah evləri” qapılarını açmalıdır: “Bildiyim qədər əvvəlki illərdən fərqli olaraq bu il soyuq havalarda evsizlər üçün sığınacaqlar düzəldilməyib. Aydın məsələdir ki, bu il bir sıra ixtisarlarla əlaqədar bu kimi xərclər də ixtisar olunacaq. Amma bunun başqa yolu var. Bu işi məscidlər görə bilər. Məscidlərə dövlət də müəyyən enerji limiti verir, yəni məscidlər bu cür soyuq və şaxtalı havalarda evsiz-eşiksiz, soyuqda qalan adamlara "Allah evləri" qapılarını açmalıdır. Bu, həm də “Allah evi” missiyasına uyğundur. Dünya praktikasına məscidlər, kilsələr bu cür ehtiyaclı insanlara yardım fəaliyyətləri həyata keçirir, onları gecələmək üçün yerlər, isti yeməklər və geyimlə təmin edir. Bu təcrübə artıq Azərbaycanda da həyata keçirilməlidir. Dini icmalar artıq sosial işlərə də qoşulmalıdır. Bu həm də Allah yanında böyük bir savab iş olar".
Qeyd edək ki, Azərbaycandan fərqli olaraq digər ölkələrdə küçədə yaşamağa məcbur olan evsiz-eşiksiz insanlar taleyin ümidinə buraxılmır və dövlət onlara sahib çıxır. Qışı sərt keçən Rusiya, Ukrayna, Türkiyə, hətta Gürcüstanda belə sahibsiz insanları soyuqdan qorumaq üçün küçələrdə isitmə məntəqələri yaradılır. Onlara isti yemək, çay, paltarlar verilir. Avropa ölkələrində isə bomjlar üçün sığınacaqlar, gecəqondular yaradılıb, dövlət ailə qayğısından məhrum olan bu insanlara sahib çıxır.musavat
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.