Bakıda qardan sonra yollarda yenə problemlər yaşandı
Bakıda dekabrın 15-də qar yağdı və yollarda yenə acınacaqlı vəziyyət yaşandı. Dekabrın 15-də günün ikinci yarısından sonra ictimai nəqliyyatın da hərəkətində problem yaranması səbəbindən bir çox yerlərdə insanlar yollarda qalmalı oldular. Konkret olaraq metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyası ərazisindəki yollarda, “20 Yanvar” avtomobil dairəsində, Bayıl istiqamətində, Bayraq meydanından paytaxtın mərkəzinə doğru gələn hissədə, Balaxanı, Zığ və digər yollarda problemlər yaranıb.
Nə üçün hər dəfə eyni problem yaşanır?
Ekspert Azər Allahverənov “Yeni Müsavat”a bildirib ki, eyni problemin hər dəfə yaşanmasının müxtəlif səbəbləri var: “Birincisi problem kanalizasiya sistemi ilə bağlıdır. Bakıda su axıntıları var və bunlar faktiki olaraq kanalizasiya sistemləri vasitəsi ilə yolların üzərindən çəkilməlidir. Bu gölməçələr olduğu müddətdə yollarda hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində ləngimələr baş verir. Nəticə etibarı ilə tıxaclar yaşanır. Eyni zamanda burada başqa bir nüansda var. Belə ki, bəzi hallarda yollarda gölməçələr böyük həcmdə olduğu zaman, kanalizasiya quyularının qapağı suyun təsirindən, yaxud da kimlərsə tərəfindən yerindən çıxarılır. Şəxsən bu kimi halların şahidi olmuşam. Nəticədə isə bu da yollarda problemlərə səbəb olur. Yəni tıxacların yaranmasına səbəb təkcə elə yolların buz bağlaması və ya qarlı olması deyil”.
Ekspert bildirib ki, belə hallarda sürücülərin də üzərinə məsuliyyət düşür:
“Müvafiq qurumlar bu cür havalarda sürücülərə müraciət edirlər ki, onlar ictimai nəqliyyatdan, alternativ yollardan istifadə etməyə üstünlük versinlər. Ancaq biz şahidi oluruq ki, havalar pisləşən kimi hər kəs öz avtomobili ilə getdiyi ünvana istiqamət alır. Nəzərə alsaq ki, həmin şəraitdə yolların nəqliyyat vasitələrini ötürmə qabiliyyəti azalır, deməli, belə olduğu halda tıxacların da olması mümkündür. Ona görə ictimai nəqliyyatdan istifadə etmək lazımdır. Dünən, Heydər Əliyev prospektindən "Koroğlu" metrosu istiqamətinə hərəkətdə çox böyük sıxlıq yaşanırdı. Bu da yuxarıda qeyd etdiyimiz problemlərdən qaynaqlanır. İnsanlar ictimai nəqliyyatdan istifadə edərlərsə, problem xeyli dərəcədə azalar. Demirik ki, insanların hamısı maşınlarını atıb elə ictimai nəqliyyatla getsinlər. Ancaq harada, necə mümkündürsə, o fürsətdən yararlanmaq lazımdır".
A.Allahverənov prezidentin bu məsələ ilə bağlı sərəncamına da diqqət çəkib:
“Müvafiq icra qurumalarının da üzərilərinə düşən öhdəliklər var. Elə bəzi hallarda problemlər bu öhdəliklərin yerinə yetirilməməsindən qaynaqlanır. Ötən ay prezident İlham Əliyevin sərəncamı ilə işçi qrupu yaradıldı. İşçi qrupunun əsas fəaliyyəti bilavasitə ona hesablanıb ki, qısa müddətdə araşdırmalar aparılsın və yollarda yağıntı sonrası problemlərə səbəb olacaq amillər aradan qaldırılsın. Dünyanın inkişaf etmiş ölkələrində də bu kimi yağıntı problemləri ola bilər. Ancaq yol infrastrukturunun effektiv işləməsi orada təmin olunur. Həmin praktikaları da öyrənib, Azərbaycan reallıqlarına uyğun tətbiq etmək olar. Bu istiqamətdə ölkədə müəyyən işlər aparılır. Təbii ki, problemin aradan qaldırılması bir gündə mümkün deyil. Getdikcə ölkədə bu problemlərin aradan qaldırılmasının şahidi olacağıq”.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətində isə məsələ ilə əlaqədar bildirib ki, qurum paytaxt ərazisində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb: “Qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müddət ərzində sözügedən yollarda qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub. "Azəravtoyol" ASC-ə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.