2012-ci ildə Azərbaycanın bölgələrindən birində yenicə bərpa olunan broyler fabrikinə çəkilişə getmişdik. İçərinin nisbətən qaranlıq olması işıqların zəifliyindən irəli gəlirdi və operatorun işini çətinləşdirirdi. Operator kameranın Life-ni yandırsa da, istənilən işıqlı kadrı əldə edə bilmir, çətinlik çəkirdi.
Onun işini yüngülləşdirmək üçün qapını açdım ki, içəri günəşin şəfəqləri ilə işıqlansın. İşıqlandı. Bununla da kadrları çəkməyə başladıq. Beş dəqiqədən sonra fabrikin rəhbəri hövlnak içəri girərək qışqırdı:
-Siz nə edirsiz? Bu nə özbaşınalıqdır? Qapını kim açıb?
Sonra texnoloqun üstünə qışqırdı:
-Bunlar bilmirlər, bəs sən niyə xəbərdarlıq etməmisən ki, içəri günəş şüasi daxil olarsa toyuqların ətləri tökülür.
Biz əlbəttə ki, bundan dəhşətə gəldik. Deməli, bu yazıqlara günəş işığının da zərrəsi toxuna bilməzmiş.
Bu günlərdə internet vasitəsilə toyuqların şişirdilməsi üçün iynə vurulması roliki yayımlandı. Məlum oldu ki, hansısa xarici ölkədə toyuqları belə şişirdirlər. Əslində, rolikin özündə də qeyri-müəyyənlik vardı. O kadrlardan məlum olmadı ki, toyuğa peyvənd vururlar, yoxsa burda hansısa başqa məqsəd güdülür. Azərbaycanda isə broyler toyuqlarının bu üsulla şişirdilməsinə ehtiyac yoxdur, həm də çoxsaylı çəkilişlər zamanı buna rast gəlmədik. Ölkəmizdəki broyler fabriklərində toyuqlara Kuba, Braziliya, yaxud Kolumbiyadan xüsusi yemlər gətirilir. O yemlər ya kamükorma, ya da balıq unu olur. Məhz bu məhsulların hesabına toyuqların ətində sürətlə artım müşahidə edilir. Düzdür, sahibkarlar yerli buğda, yaxud qarğıdalı dənindən də toyuqların qida rasionuna əlavə etsələr də, belə hallar az müşahidə edilir. Söhbət burda həmin kamükorma, yaxud balıq ununun geni modifikasiya olunmuş məhsulların siyahısına aid edilib-edilməməsindən gedir. Məlumdur ki, geni modifikasiya olunmuş məhsullar - nəinki toyuqda, eləcə də onu həzm edən adamlarda maddələr mübadiləsinin pozulması ilə müşayiət edilən piylənmə, damar girəcləşməsi və son nəticədə sonsuzluq yaradır. Məsələn, Amerika Birləşmiş Ştatlarında əhalinin yarıdan çoxu piylənmədən əziyyət çəkir. Burda fastfoodlar böyük rol oynayır. Sadə amerikalıların piylənməsində əsas günah transgen məhsulların üzərinə düşür. Mütəxəssislərin uzun illərdən bəri apardıqları tədqiqatların son nəticəsi belə oldu ki, təbii qidalarla piylənənlər bir neçə günlük pəhrizdən sonra tez arıqlayırlar. Amma tərkibində geni modifikasiya olunan məhsullarla qidalanmadan yaranan piylənmə insan orqanizmində bərkimiş qat yaradır, pəhriz burda gücsüz görünür. Çox çətinliklərdən sonra arıqlasa belə, qara ciyər nahiyəsinin şişkinliyində öz payını saxlayır. Eləcə də nəsil artımının qarşısının alınmasında. Azərbaycanda da yeni evlənən cütlüklərin neçə illərdən sonra dava-dərmanla uşaq dünyaya gətirmələrində, yaxud həmişəlik sonsuz qalmalarında transgen məhsulların böyük rolu var.
Beləliklə, broyler toyuğuna gün işığı olmaz, bu onların kütləsinin azalması ilə nəticələnir. Ümumiyyətlə, broyler toyuqlarının ömrü 35-37 gündür. Həmin günlərdə o, mütləq kəsimə verilməlidir. 40-45-50 gün olmaz, çünki bununla byoyler fabriki necə deyərlər ziyana getmiş olur. Mütəxəssislər bildirirlər ki, toyuqlarda bioloji prosesin aktivləşməsi əsasən 40 gündən sonra müşahidə edilir. Bioloji hal - xalq dili ilə deyilərsə toyuqda həyat üçün əhəmiyyətli olan mikro elementlərin yaranması, yəni ətə-qana gəlməsi deməkdir. Deməli, broyler toyuqlarda mikro elementlər yaranmamış onlar kəsilir.
Əslində, fikrim bu yazı ilə ölkəmizdə fəaliyyət göstərən broyler fabriklərinin işinə müdaxilə etmək, yaxud işlərinə əngəl törətmək deyil. Əsla. Hər il belə fabriklərin açılması ölkə sakinlərinin quş ətinə olan təlabatlarının ödənməsində böyük rol oynayır. Bununla da Ərzaq Təhlükəsizliyi Proqramına töhfə verilir, üstəlik yeni iş yerləri açılır. Hətta bu yaxınlarda Moskva şəhərinin meri Sobyaninin başçılıq etdiyi nümayəndə heyətinin tərkibindəki ayrı-ayrı vəzifəli şəxslərlə Azərbaycan hökumətinin nümayəndələri arasında imzalanmış müqavilədə də ölkəmizin broyler fabriklərinin Rusiyaya quş əti ixracı ilə bağlı bənd də əksini tapmışdı. Əlbəttə, bütün bunlar sevindiricidir. Sadəcə, broyler fabriklərimiz işlərində bəzi əhəmiyyətli dəyişikliklər etməlidir. Məsələn, Avropanın bəzi ölkələri - Almaniya, Fransa, Danimarka broyler toyuqlarının qapalı şəraitdə bəslənməsindən imtina etmək niyyətindədir. Həmin ölkələrin parlamentlərində, eləcə də KİV-də dəfələrlə bu barədə müzakirələr açılıb. Müzakirələrdə vurğulanır ki, toyuqlar açıq havada bəslənməlidir.
Bizim yaşlı nəslin nümayəndələri söhbət edir ki, o vaxtlar kolxozların nəzdindəki quşçuluq fermalarında toyuqlar açıq havada bəslənərmiş. “Ulduz” filmində də quşların açıq hava şəraitində bəsləndiyi nümayiş etdirilir. Belə toyuqlar dadına və tamına görə adi adamların həyətlərdə bəslədiklərindən heç də geri qalmayıb. Məhz Avropanın bəzi ölkələri də açıq hava şəraitinə üstünlük verir. Çəki məsələsinə gəlincə, düzdür, qapalı şəraitdə bəslənən toyuqlar açıq havada bəslənənlərdən daha iridir, amma sağalamlıq nöqteyi-nəzərindən həmin metodla işləməyin zamanı çatıb. Adamlar qeyri-sağlam iri toyuqdansa, çəkisi az olan sağlam toyuqları məmnuniyyətlə alarlar. Qiyməti baha olsa belə.
Çünki burda söhbət sağlamlıqdan gedir.


