Azərbaycanda ən önəmli peşənin sahibləri ən az maaş alanlar sırasındadır. Bunlar müəllimlər və həkimlərdir. Hazırda 150 min müəllimdən 30 mininin də olsa maaşı iki dəfə artdı. Bəs həkimlərinki necə, artacaqmı?
Dünya ölkələrinə nəzər salsaq, ən kasıb ölkələrin belə həkimlərinin Azərbaycan həkimlərindən çox maaş aldığını görərik. Ekspertlərin fikrincə, Azərbaycanda əmək haqları köhnə sovet sisteminə uyğun hesablanır. Belə ki, Əmək Məcəlləsinə görə, həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Minimum əmək haqqı isə saata görə deyil, aylıq hesablanır. Beynəlxalq praktikada minimum əmək haqqı saata görə götürülür. Saata görə minimum əmək haqqı Rusiyada 1 dollar, Fransada 12 dollar, Almaniyada 11 dollar, ABŞ-da 7,5 dollar, İsveçrədə 57 dollardır.
Azərbaycanda minimum əmək haqqını aylıq 160 saat iş müddətinə görə hesablasaq, günə 0.82 ABŞ dolları düşür. Onu günlük səkkiz saata böldükdə, minimum 0.12 dollara işlədiyimizi görərik. Azərbaycan yuxarıda adını çəkdiyimiz ölkələrə nisbətən kasıb ola bilər. Amma paytaxt Bakının bahalığı elə bu dövlətlərin şəhərləri ilə eyni sırada durur. Təsadüfi deyil ki, Bakı dünyanın ən bahalı 20 şəhəri sırasındadır. Məvacibə gəldikdə isə dünyanın kasıb ölkələri sırasında qərarlaşırıq.
Həkimlərə gəlincə, daha populyar olan terapevtlərin qazancı ilə müqayisə aparaq: Rusiyada hər 100 min insana 512 həkim-terapevt düşür. Onların məvacibləri isə ortalama 782 dollardır. Fransada hər 100 min vətəndaşa 338 terapevt düşür. Həkim-terapevtlərin əmək haqları 6000 dollar civarındadır. Almaniyada bu göstərici 313-dür. Onların qazancı isə 7 min dollardır. ABŞ-da hər yüz min insana 273 həkim-terapevt xidmət göstərir. Onların əmək haqqı isə 13 min dollardır.
Dünyanın ən kasıb ölkələrindən sayılan Anqolada da həkimin maaşı Azərbaycan həkiminin maaşından dəfələrlə çoxdur. Belə ki, onların maaşı 2500 dollardır. Liviyada həkimlər təxminən 2 min, Tunisdə 1200, Yəməndə 1500-3000 dollar əmək haqqı alırlar. Digər ölkələrdə həkimlərin nə qədər maaş aldığını öyrənmək üçün internet üzərindən kiçik bir araşdırma apardıq. Böyük Britaniyada 7 min avro (8 min manata yaxın), İsraildə 7,5 min dollara yaxın (təxminən 5 min manatdan yuxarı), Niderlandda 6,3 min dollar (5 min manata yaxın), Sinqapurda 6 min dollar, İtaliyada 5,2 min avro, İspaniyada 5 min avro, Danimarkada 4,6 min avro, Finlandiya və Portuqaliyada 2,5 min avro, Çexiyada 1,6 min, Polşada 1,5 min avro, Rumıniyada 650 avro, Küveytdə 2,1 min dollar, Çində 350 dollar, Yaponiya və Tayvanda 5,5 min dollar təşkil edir. Belarus həkimləri də azərbaycanlı həmkarlarından çox maaş alır. Bu ölkədə tibb işçilərinin minimum əmək haqqı 340 dollardır. Qazaxıstanda bu göstərici 300-800 dollar arası, Ukrayna və Gürcüstanda isə 300 dollardır. Türkmənistanda büdcə təşkilatlarında çalışanların orta aylıq əmək haqqı 180-200 dollardır. Ancaq bu pula 1128 kiloqram çörək, yaxud 65 kiloqram ət, 270 kiloqram qənd, 49 kiloqram yağ almaq olar. Ortaya çıxan rəqəmlərdən də aydın görünür ki, Azərbaycan həkiminin aldığı maaş bu ölkələrin həkimlərinin aldığı maaşın yanında qəpik-quruş kimi qalır.
Ancaq müəllimlərdən sonra həkimlərin də maaşlarının artırılacağı ilə bağlı bir sıra müzakirələr gedir ki, bu da həkimlərin yüksək maaşa olan ümidini artırır. Milli Məclisin deputatı Vahid Əhmədov mətbuata açıqlamasında müəllimlərdən sonra həkimlərin də maaşlarının artacağını bildirib. Onun sözlərinə görə, dövlət büdcəsində maaşların artırılması ilə əlaqədar vəsait nəzərdə tutulub: “Büdcə müzakirə olunan zaman və ondan əvvəl də qeyd etmişəm ki, həkimlərin, müəllimlərin maaşlarının artırılmasına böyük ehtiyac var. Onların maaşları orta aylıq əmək haqqından təxminən iki dəfə aşağıdır. Cənab prezident sərəncam imzaladı və müəllimlərin maaşı 2 dəfə, dərs yükləri 1,5 dəfə artırıldı. Bunun ardınca da həkimlərin maaşlarına baxmağa çox böyük ehtiyac var. Dövlət büdcəsində bununla əlaqədar vəsait nəzərdə tutulub”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.