banner
banner

Cıran və “cırılan” bacılar

Cıran və “cırılan” bacılar
Yazar: Asəf Novruzov

Bir neçə gündür, cəmiyyətin və mətbuatın geniş müzakirə olunan məsələlərindən biri yerli telekanallardan olan, “Xəzər TV”nin efirində baş vermiş insidentdir.

Belə ki, sözügedən telekanalda yayımlanan “Hər şey daxil” verilişinin aparıcıları, müğənni Sevil-Sevinc bacıları Azərbaycanın milli valyutasına qarşı təhqiramiz sayılacaq bir hərəkətə yol veriblər.

Verlişə start verilən kimi, mahnı oxuyan qızlardan biri operatorun onlara uzatdığı manatı alaraq, cırmağa, parçalara bölməyə başlayır və nümayişkaranə şəkildə yerə atıb.
Digər bacı onun bu hərəkətinin nə dərəcədə yanlış olduğunu əl və göz işarələri ilə göstərmək istəyir, lakin iş-işdən keçmiş olur.

Milli valyutanın canlı yayımda bu şəkildə parçalanaraq yerə atılması bir neçə dəqiqə ərzində sosial şəbəkədə müzakirə edilərək, tənqid atəşinə tutulub. İstər bacılar, istərsə də veriliş apardıqları telekanalla bağlı maraqlı şərhlərin ardı-arası kəsilməyib.

Harınlıq yoxsa..?
Əkiz bacıların bu hərəkətinə müxtəlif ad vermək olar. Milli şüurun formalaşmaması, milli mənliyin onlarda mövcud olmaması, dar təfəkkür-bu siyahını daha da uzatmaq olar. Görünən budur ki, qısa zamanda onların məşhurlaşması, tamaşaçılar, havadan qazandıqları pullar onların başını döndərib. Əslində burada günah tək onların deyil. Bacıların pul cırmasının başlıca səbəbkarı bizik. Mənəm, sənsən, odur!

Əgər layiq olmayanları gətirib yuxarı başa keçiririksə, məclislərə çağırıb, pul qarşılığında oxuduruqsa, verlişinə baxıb reytinqini qaldırırıqsa, toylarımızda yuxarı başa keçiririksə bax bunun günahı bizdədir. Əvvəlcə harınlaşdırırıq, sonra heyrətlə seyr edirik. O cırılan pula heç cür haqq qazandırmaq olmaz. Onunla bir acın qarnını doyurmaq, bir yetimin üzünü güldürmək mümkündür. Qəpiyə güllə atanlar, cibində siçan oynaşan, axşam pulsuzluqdan və bunun utancından evə uşaqları yatandan sonra gələn atalar var, bax bunlara görə o pulu cırmaq ayıbdır. Əgər müğənni bacılar, o pulun nə zülmlə qazanıldığını görsə və bilsəydi, bu cür qeyri-etik addım atmazdılar. Ən azından nəzərə almalıdırlar ki, xalqın gözü qarşısında cırdıqları o pulu heç də hamı onlar kimi 1-2 saata asan yolla qazanmır. Bunun adı harınlıq və qudurğanlıqdır!

Qudurğanlıq
Bir çox insanlar şan-şöhrət, para-pul görəndə qudurmağa başlayır. Bu əslində qandan, genetikadan gəlir. Qudurmaq isə milli şüurumuzda var. Ataların bir sözü var-qudurmaq 40 gün çəkir. Amma nədənsə günümüzdə bu 40 günü keçib.

Cənab Prezident, İlham Əliyev də dəfələrlə qudurğanlıq mövzusuna haqlı olaraq toxunub. O bildirib ki, “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
Efirdəki bacılar məmur övladı olmasa da, onların arxasındakı “məmura” arxalanıb, milli valyutanı cırmaları heç də nadanlıqdan, xuliqanlıqdan, özünü apara bilməməkdən geri qalmır. Milli valyutanın cırılması xalqı, milləti, dövləti, milli-mənəvi dəyərləri təhqir etməkdir. Əgər bu gün müğnnilər bu cür qudurğanlıq edirsə, sabah onların hansı addımlar atacağını fikirləşəndə dəhşətə gəlirəm!

Savadsızlıq
Kimlərsə üçün “nələrinsə” qarşılığında əldə olunan manatımızın bu gün məhz milli valyuta olması üçün, uğrunda minlərlə insan canından keçib. Çox uzağa getməyək “20 Yanvar” buna ən bariz nümunədir.

Əlbəttə, pul kağız parçasıdır, olur hərdən onu cibimizdən çıxardıqda ehtiyatsızlıq edib cıra bilərik, yaxud evdə uşaq pulla oynaya və onu cıra bilər... Uşaqdır, uşağı qınamalı deyilik axı. Lakin bu hərəkətin televiziya efirində, canlı yayımda, minlərlə tamaşaçı qarşısında edilməsinin heç bir haqq qazandırıcı yanı ola bilməz! Manat hər bir azərbaycanlı üçün milli valyutadır, bu gün dünyanın ən sabit valyutalarından biri kimi tanınan bu pul canlı efirdə hansısa aparıcı tərəfindən cırılırsa, qıraqdan baxan nə düşünəcək?
Bacılar bunu qəsdən eləmədi. Onlar nə vətən, nə millət, nə dövlət düşməni deyil. Onlar sadəcə savadsız, milli-mənəvi dəyərin nə olduğunu, milli valyutanın nə demək olduğunu, əslində onun necə qazanıldığını, kimlərin ona möhtac olduğunu, insanların o manatı qazanması üçün nələr etdiyini bilməyən savadsız, dar təfəkkürə malik qızcığazlardır!

“Özlərinə sauna və barlarda yer tapsınlar”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin manatı cıran bacıların üzünə tüpürəcəyini deyib: “ O qızlar harda qarşıma çıxsalar, mən onların üzünə tüpürəcəm”.
Partiya sədri bildirib ki, onlar bu hərəkətlərinə görə qınaq obyektinə çevrilməlidir: “Biz bilmirik o bacılar hansı barda tərbiyə alıblar, ama onların canlı efirdə milli manatı cırması Azərbaycan Konstitusiyasını, Azərbaycan xalqını təhqir etmək deməkdir. Onlar o tərbiyəyə malikdirlər ki, çıxıb canlı efirdə Azərbaycanın milli manatını cırırlar. O bacıların hələ ki, ölkəmiz üçün bir qəpik də olsun xeyri dəyməyib. Belə şeyləri mən kəskin pisləyirəm”.
H. Hacıyev bacıların efirdən uzaqlaşdırılmasının doğru olduğunu bildirib: “Onları ümumiyyətlə, televiziyaya, mətbuata buraxmaq lazım deyil, qoy televiziya üzünə həsrət qalsınlar. Kim istəyirsə özünə canlı efirdə müştəri yığsın, amma bu cür hərəkət etdiyi üçün onlar qınaq obyektinə çevrilməlidir. Getsinlər özlərinə saunalarda, barlarda yer tapsınlar. Sonra baxaq görək onlar özlərini harda reklam edəcəklər. Sevil-Sevinc bacıları bilməlidirlər ki, Azərbaycanı təhqir edən adamın qulağı kəsilir. Ümumiyyətlə, o insanlara salam verməmək, üzlərinə bütün qapıları bağlamaq lazımdır”.

Bəs qanunvericilik bu barədə nə deyir?
Azərbaycan Mərkəzi Bankı bu gün yalnız manatın bazara buraxılması, bazarda təmiz pul siyasətinin həyata keçirilməsi, manatın məzənnəsinin tənzimlənməsi ilə məşğul olur, yəni, bu baxımdan qanunvericilikdə boşluq var – Azərbaycanda Mərkəzi Bankın dövriyyəyə buraxdığı manatın bilərəkdən korlanmasına qarşı hansısa bir məsuliyyət nəzərdə tutulmur. Milli valyuta onu dövriyyəyə buraxmış AMB-nin, yəni dövlətin deyil, həmin pulu maaş şəklində alaraq, cibində gəzdirən şəxsin mülkiyyətindədir. Həmin şəxs istəsə o pulu yandırar da, cırar da, atar da... Qanun buna görə hər hansı bir məsuliyyətin olmasını nəzərdə tutumur, Azərbaycan manatı Azərbaycanın himni, gerbi, bayrağı kimi dövlət rəmzlərinin sırasında deyil və qorunmur.

Ən azından milli valyuta ölkənin milli, siyasi, iqtisadi müstəqilliyinin əlamətlərindən biridir və onun da milli rəmzlərin sırasında olması, qorunması alqışlanan bir hal ola bilərdi. Ümid edirik ki, millət vəkillərimiz parlamentin növbəti iclasında qanunvericilikdə olan bu boşluğun doldurulması üçün yeni qərar qəbul edəcəklər.
Belə bir hərəkətə, bu hərəkəti etmiş insana ən effektiv variant Hafiz Hacıyevin təklif etdiyi üsuludur-üzünə də, sənətinə də tüpürmək!



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: