ABŞ prezidenti Donald Trampı xarici ölkə səfərində müşayiət edən həyat yoldaşı Melania Trampın geyim seçimləri hər zaman müzakirə mövzusudur. Amma onun son səfərlərdən birində geyindiyi pencək ciddi etirazlara və polemikalara səbəb olub. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Donald Tramp İtaliyanın Siciliya adasındakı Taormina qəsəbəsində keçirilən G7 zirvəsinə qatılaraq, həmin tədbirlər çərçivəsində ən çox diqqət çəkən şəxs olub.
Melania Trampın Catania şəhərində lider xanımları ilə təşkil olunan nahar yeməyində geyindiyi pencəyin qiyməti 51 min 500 dollar olub. Dolce&Gabbana firmasının məhsulu olan bu pencək ciddi müzakirələrə səbəb olub. Sosial mediada bəzi istifadəçilər bu təəccüblərini “Bir pencək necə bu qədər bahalı ola bilər?” sualı ilə ifadə ediblər. AP xəbər agentliyi isə yazıb ki, bu pencəyin qiyməti orta statistik bir amerikan ailəsinin illik gəlirinə yaxındır.
Bəzi sosial media istifadəçiləri isə pencəyin çox gözəl olduğunu, Tramp ailəsinin zənginliyinin də bir sirr olmadığını vurğulayıb. Şərhlərdə həmçinin o da vurğulanıb ki, Siciliyadan ilham alan Dolce&Gabbananın məhsullarının birinci ledi tərəfindən Siciliyada geyinilməsi də olduqca yerində bir tərcih sayılır.

Digər tərəfdən, İtaliyanın lüks Moda Evi olan Dolce&Gabbanaya da ciddi etirazlar var. Etirazçılar Trampın həyat yoldaşını geyindirdiyi üçün moda evini boykot edir, onun bağlanması tələbini səsləndirir.
Moda evinin ortağı Stefano Gabbana isə bu tənqidlərə İnstaqram hesabından ironik bir şəkildə cavab verib: “Nə qəribədir. Dünən də 13.7 milyon təqibçimiz var, bu gün də. Halbuki dünəndən bəri təqibi buraxacaqları ilə bağlı bizi təhdid edənlərin sayı da çox idi”.

Stefano Gabbana isə Melania Trampın öz hazırladığı paltarları ilə çəkdirdiyi bir çox şəklini paylaşaraq, birinci lediyə təşəkkür edib. Gabbana, “Moda və siyasət bir-birinə qarışdırılmamalıdır” mesajını da paylaşıb.
Xatırladaq ki, daha öncədən bəzi məşhur modaçılar siyasətinə qarşı çıxdıqları Donald Trampın həyat yoldaşını geyindirməyəcəklərini açıqlamışdı.
Xarici ölkə səfərləri zamanı daha çox Dolce&Gabbananın məhsullarını geyinən Melania Tramp 24 mayda Vatikanda Papa Francesco ilə görüş zamanı da bu moda evinin məhsulu olan ağ-qara bir paltar və duvağa bənzər bir baş ötrüsü seçmişdi. Melania Trampın Vatikanda başını örtməsi, amma Səudiyyə Ərəbistanın başıaçıq getməsi də ciddi müzakirə mövzusu olmuşdu.

Bütün bunlara birinci ledinin mətbuat nümayəndəsi açıqlama verərək demişdi ki, Vatikanda rəsmi ziyarətlər üçün münasib bilinən geyimlə bağlı protokol qaydalarına uyduqları halda, Səudiyyə Ərəbistanından belə bir protokol məlumatı almayıblar. Ona görə də birinci ledi Ərəbistan səfəri zamanı sərbəst seçim hüququndan istifadə edib.
Bu fakt isə istər-istəməz dünya mediasında maraqlı paralel və müqayisələrin aparılmasına səbəb olub. Ekspertlər və sıradan müşahidəçilər hesab edirlər ki, birinci ledilər bir qayda olaraq xalqın nəbzini tutmalı və əndazəni aşan məbləğdə geyimlərdən uzaq dayanmalıdılar. Xüsusən də Amerika kimi öz haqqını qoruyan və israfçılığa yox deyən cəmiyyətlərdə lüksə, markaya düşkünlük ciddi etiraz doğurur. Təbii ki, bu məqamda diqqətçəkən detallardan biri də Trampların illərdir lüks həyat tərzini seçməsidir. Əmlak kralı olan Tramp və onun ailə üzvləri hər zaman brend geyim tərzindən istifadə edib, lüks həyatın bütün atributlarından bəs deyincə yararlanıblar. Amma indiki halda prezident ailəsi olaraq keçmiş həyatlarına “əlvida” demələri ciddi şərt idi. Yəni biznesmen xanımı ilə prezident xanımının geyimi arasında mütləq ciddi fərq olmalıdır. Bu məqamda birinci ledi təkcə ailəsini yox, eyni zamanda ölkəsini də təmsil edirsə, geyim tərzinə, onun qiymətinə, stilinə xüsusi diqqət yetirməlidir.

Melanianın lüksə meylliliyi isə dünya mediasında maraqlı paralellərə səbəb olub. Ekspertlər iddia edirlər ki, onun bu zəifliyi SRRİ-nin rəhbəri Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın pal-paltara, lüksə düşkünlüyü ilə müqayisə oluna bilər. Belə ki, Raisa zamanında digər birinci ledilərin öz siyasi-ictimai aktivliyi, eləcə də ərini hər yerdə müşayiət etməsinə görə fərqlənirdi. İlk dəfə sovetlərə fərqli birinci ledi modelini də o gətirmişdi. Amma ali savadı, təmkinli danışığı olan Raisa Maksimovna hər zaman sovet qadınlarını qıcıqlandırırdı. Onları narazı salan məqamlardan biri də Raisanı hər dəfə ekranlarda fərqli, gözəl qiyafələrdə görmələri idi. Məlum, sözügedən illərdə qadınların heç də hər zaman ürəyi istəyən, fərqli stildə geyinmək imkanı yox idi. Amma birinci ledi üçün bu qiyafələri modelyer Vyaçeslav Zaytsev və hətta İv Sen Loran hazırlayırdı. Bunların hər ikisi isə lüks geyim hazırlamaq üzrə mütəxəssis sayılırdı.
Bundan başqa, R.Qorbaçovanın taxdığı bahalı daş-qaşlar, eləcə də evindəki qulluqçu ordusu barədə əfsanələr bitib tükənmirdi. Onun lüksə olan zəifliyi isə sovet insanında bu ailə ilə bağlı heç də gözəl təəssürat oyatmırdı. Və indi ekspertlər uzaq 1980-ci illərdəki Raisa ilə 2017-ci ilin Melaniası arasında bir oxşarlıq görürlər: meşşanlıq, lüksə olan aşırı maraq və görməmişlik ədaları.
cia.az


