Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev yanvarın 30-da BMT Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə dinc vətəndaşların müdafiəsi məsələsinin müzakirəsinə həsr edilmiş 7374-cü iclasında çıxış edib (AzərTAc).
Y.Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən hərbi işğalının davam etməsi faktını vurğulayaraq bildirib ki, Azərbaycanın üç vətəndaşı - Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bu hüququn normalarına uyğun olmayan rəftar beynəlxalq humanitar hüququn pozulmasına aid ən son nümunədir. O, iclas iştirakçılarına azərbaycanlı girovların işi və onların hüquqlarının erməni işğalçı qüvvələri tərəfindən pozulması ilə bağlı faktlar təqdim edib.
vurğulayıb ki, Həsən Həsənov erməni hərbi qulluqçuları tərəfindən 2014-cü il iyulun 11-də öldürülüb, lakin onun cəsədi Azərbaycan tərəfinə yalnız 2014-cü il oktyabrın 2-də Beynəlxalq Qırmızı Xalq Komitəsinin köməyi ilə təhvil verilib. Digər iki girov - Şahbaz Quliyev və Dilqəm Əsgərov uydurma təxribatlarda ittiham edilərək Azərbaycanın işğal olunmuş ərazilərindəki həbsxanaya salınıb. Y.Əliyev iclas iştirakçılarına müraciətlə qeyd edib ki, bu mülki şəxslər öz ərazisində və Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində girov götürülüb və Azərbaycan Respublikasının qanunlarından başqa heç kəs və heç nə Azərbaycan vətəndaşlarının öz ərazisində sərbəst yerdəyişməsini məhdudlaşdıra və ya qadağan edə bilməz. O vurğulayıb ki, Ş.Quliyev və D.Əsgərovun üzərində qondarma məhkəmə prosesi və çıxarılan hökm qanunsuzdur.
Sonda Y.Əliyev insan hüquqlarının müdafiəsi üzrə bütün müvafiq beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, nə qədər ki, gec deyil, nə qədər ki, bu dinc vətəndaşlar sağdır, onların həbsdən azad olunmasına kömək etməyə çağırıb.
Qeyd edək ki, erməni girovluğunda olan şəxslərlə bağlı cinayət işinin istintaqını Azərbaycanın Baş prokuroru xüsusi nəzarətə götürüb. “Güman edirəm ki, beynəlxalq qurumlar qaldırılan cinayət işi ilə əlaqədar ədalətli qərar qəbul edə biləcəklər”. “Trend”in məlumatına görə, bu barədə Baş nazirinin müavini Əli Əhmədov ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar və qətlə yetirilmiş Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə edilən müraciətə və H.Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğunun qaldırdığı cinayət işinə münasibət bildirərkən deyib.


