banner
banner

Gündəm

Macarıstan səfirliyində viza problemi-subasma, yoxsa...

Macarıstan səfirliyində viza problemi-subasma, yoxsa...

Macarıstanın Azərbaycandakı səfirliyi viza verilməsini dayandırıb. Səfirliyin mətbuatda yaydığı açıqlamaya səfirlikdə yaranmış “fors-major” vəziyyətlə əlaqədar olaraq Macarıstanın Azərbaycandakı səfirliyinin Konsulluq şöbəsi müvəqqəti olaraq viza qəbulunu həyata keçirə bilmir. Açıqlamada bildirilir ki, uzunmüddətli Şengen vizaları (D) üçün ərizəçilər yalnız Macarıstanın Tiflisdəki (Gürcüstan) səfirliyinə müraciət edə bilərlər: 

“Hazırda səfirlik yaranmış ”fors-major" vəziyyətdən öncə olunan müraciətlərin baxılması ilə məşğuldur. Konsulluqla bağlı yaranmış vəziyyətə dair məlumatlar müntəzəm olaraq səfirliyin saytında yenilənir. Ərizəçilər konsulluq şöbəsinin fəaliyyətinin bərpasından sonra yenidən viza üçün müraciət edə bilərlər".


Macarıstan səfirliyinin konsulluq şöbəsinin adını açıqlamaq istəməyən əməkdaşı seyyah.az saytına bildirib ki, “fors-major” adlandırılan vəziyyətin səbəbi səfirlik binasını su basması və viza verilməsində istifadə olunan sistemin zədələnməsidir. Nəticədə səfirlik vizaların verilməsini nəinki dayandırıb, hətta bunun nə vaxt bərpa olunacağı da bəlli deyil:


“Dəqiq bilmirik, bu proses 1 həftə, 10 gün, hətta bir ay da davam edə bilər”.


Qeyd edək ki, Macarıstan Azərbaycan vətəndaşlarının ən çox səyahət etdiyi Avropa ölkələrindən biri, bəlkə də birincisidir. Üstəlik, son illərdə hər iki ölkə arasında sıx əlaqələr, o cümlədən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında əməkdaşlıq proqramı yaradılıb. Proqrama əsasən hər il 200-ə yaxın azərbaycanlı tələbə Macarıstan ali məktəblərində təhsil ala bilir. Eləcə də bu il də 200 nəfər tələbə Macarıstanda təhsil almaq hüququ qazanıb. Onlardan 107-si magistratura, 83-ü bakalavr, 10-u isə doktorantura üzrə təhsil alacaq.


Lakin Macarıstanın ölkəmizdəki səfirliyinin viza verməsi məsələsini dayandırması həmin tələbələri, o cümlədən bu ölkəyə səyahət etmək istəyənləri böyük çətinliklə üz-üzə qoyub. Beləliklə, bu ölkəyə getmək istəyən vətəndaşlarımız ya Macarıstanın Tiflisdə yerləşən səfirliyinə, ya da Azərbaycanda yerləşən Şengen sazişinə üzv olan digər ölkələrin səfirliklərinə müraciət etmək məcburiyyətindədir.


Maraqlıdır, niyə Macarıstan bu vizanı verməkdən imtina edir? Bu ölkənin Azərbaycandakı səfirliyində nə baş verir?


Politoloq Elxan Şahinoğlu sualımızı bu cür şərh etdi: “Hesab edirəm ki, məsələ səfirliklə bağlı deyil. Yəni Macarıstanın hansısa ölkədəki səfirliyinin özəl olaraq belə bir qərar qəbul etdiyini demək yanlış olardı. Bu, ölkənin hakimiyyətinin qərarı ilə bağlı olur. Çünki son zamanlar Macarıstan hakimiyyəti açıqlama verərək bildirirdi ki, miqrantları ölkəsinə buraxmayacaq. Hətta bir qədər də irqi ayrı-seçkiliyə yol verərək müsəlman miqrantları ölkəyə buraxmayacağını, digər Avropa ölkələrindən fərqli olaraq bu məsələdə daha sərt qərar verəcəyini açıqlayırdı. Hesab edirəm ki, bu qərar onun tərkib hissəsidir. Doğrudur, Azərbaycan vətəndaşları heç vaxt Avropa ölkələrində problemlər yaratmayıb. Gedən miqrantlar da rahat şəkildə statuslarını ala bilirlər.


Azərbaycan vətəndaşları iki istiqamət üzrə Macarıstana gedirlər. Bunlardan biri təhsillə bağlıdır. Xeyli sayda azərbaycanlı tələbə təhsil almaq üçün bu ölkəyə gedir. Çünki Avropa ölkələrindən yeganə olaraq Macarıstanla Azərbaycanın Təhsil Nazirliyi arasında müqavilə var. Buna əsasən hər il ən azı 200 nəfər tələbə rahat şəkildə bu ölkədə təhsil ala bilirdi. İndi yəqin ki, həmin tələbələrin də viza problemi olacaq.


İkinci istiqamət isə turizm idi. Azərbaycanlılar Avropa ölkələrindən daha çox Macarıstana səfər edir, bu ölkə üzərindən Çexiya, Avstriya və digər Avropa ölkələrinə gedirdilər. Lakin indi bu məsələ də çətinləşəcək.


Macarıstanın Azərbaycan vətəndaşları arasında nüfuzlu olmasına səbəb ucuzluq idi. Məsələn, Macarıstana təyyarə bileti ucuzdur, onların bir şirkəti Azərbaycanda fəaliyyət göstərir. Deməli, burada da problemlər yaranacaq.


Lakin hər zaman “sağdan-soldan” eşidirdim ki, Macarıstan səfirliyindən viza almaq çətindir, çoxlu sayda sənəd tələb olunur. İndi də gördüyünüz kimi, viza məsələsi dayandırılıb. Hesab edirəm ki, bu, Azərbaycan-Macarıstan münasibətləri baxımından çox yanlış qərardır və insani münasibətlərə də, gediş-gəlişə də mənfi təsir göstərəcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.