Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsinin iki ildən sonra ləğv ediləcəyini deməsi ekspertlər və ictimaiyyət tərəfindən müzakirələrə səbəb olub. Kimiləri artıq 26 ildir ki, tətbiq edilən test üsulunun təhsilə heç bir fayda vermədiyini, əksinə olaraq, savadsızlaşmaya səbəb olduğunu bildirir, kimiləri isə test üsulu ləğv edilərsə, yeni korrupsiya mənbəyi yaranacağı və kasıb təbəqənin uşaqlarının oxuya bilməyəcəyi qənaətindədir.
Təhsil nazirinin müavini, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü Ceyhun Bayramov jurnalistlərə açıqlamasında test üsulunun ləğv edilməyəcəyini, sadəcə olaraq, təkmilləşəcəyini bildirib.

Söhbətin test imtahanlarının ləğvindən yox, test imtahanlarının müəyyən qaydada təkmilləşdirilməsindən getdiyini bildirən C.Bayramov hazırda prosesə başlanıldığını deyib: “Biz bu il IX siniflərdə orta təhsil səviyyəsində buraxılış sinfində həyata keçirilən imtahanlara nəzər salsaq, bunun fərqli bir format olduğunu görərik. Həmin imtahanlar 2 mərhələdən ibarət olub. IX sinfin buraxılış imtahanlarının ilkin mərhələsi mart ayında, ikinci mərhələ iyun ayında keçirilib. Həmin mərhələlərin qiymətləndirilməsində müəyyən fərqlər müşahidə olunub. Şagirdlər birinci mərhələdə daha çox açıq tipli suallar, ana dili fənnindən esse, riyaziyyat fənnindən yenə də yazılı misal-məsələlərin həlli, ikinci mərhələdə isə daha çox vərdiş etdiyimiz ənənəvi test üsuluna daha yaxın olan bir sistem üzrə imtahan verirdi. Bunun da özəlliyi ondan ibarətdir ki, IX sinifdə oxuyan həmin uşaqlar doqquz il öncə yeni sistemlə-kurikulumla tədrisə başlayıblar. Bu sistemdə nəzərdə tutulmuş standartların yalnız test üsulu ilə qiymətləndirilməsi mümkün deyil. Ona görə də daha geniş və əhatəli qiymətləndirmə prosesinin həyata keçirilməsi prosesinə başlanılıb”.

“XXI Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev Məleykə xanımın həmin müsahibədə testin ləğv olunmasından danışmadığını dedi: “O deyib ki, iki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub. Məleykə Abbaszadənin fikirləri təhrif olunub. Dövlət İmtahan Mərkəzinin sədrinin çıxışında kurikulumlar əsasında imtahanlarda ediləcək dəyişikliklərdən söhbət açılır, həmçinin o da qeyd olunur ki, bu istiqamətdə hələ Təhsil Nazirliyi ilə müzakirələr aparılır. Dəyişikliklər buraxılış və qəbul imtahanlarının vahid formada həyata keçirilməsindən tutmuş, esse yazılması, açıq tipli tapşırıqların sayında dəyişikliklərə qədər geniş spektri əhatə edə bilər”.
E. Əliyev Azərbaycan cəmiyyətinin test üsulu ilə keçirilən imtahanların bəhrəsini gördüyü düşüncəsində olduğunu dedi: “Dövlət İmtahan Mərkəzi həmişə fənn proqramlarının mənimsənilməsi məsələsini önə çəkir. Təəssüflər olsun ki, bizim məktəb müəllimlərinin böyük əksəriyyəti şagirdləri məzmundan çox test tapşırıqlarını yerinə yetirməyə alışdırırlar. Biz tez-tez eşidirik ki, şagirdlərimizin nitq qabiliyyəti zəifdir, onlar fikirlərini izah edə bilmirlər və s. Şagirdlər orta məktəbi bitirəndə onlara ”kamal attestatı" verilir. Bu o deməkdir onlar məktəbdə qeyd etdiyim bacarıqlara yiyələnməlidirlər. Əgər danışmağı və yazmağı təhsilin növbəti pilləsi olan ali təhsil də aşılaya bilmirsə, belə olan halda testi qınamaq olmaz. İnkar etmək olmaz ki, test dünyanın əksər ölkələrində şagird və tələbə biliklərinin qiymətləndirilməsinin əsasını təşkil edir. Amerikanın “Təhsil aktı” sənədində yazılır ki, müəllimlər bu üsulla qiymətləndirmədə aşkara çıxarmalıdırlar ki, onların şagirdləri düşünə bilirmi? Fikrimcə, bu il 9-cu sinif məzunlarına keçirilən buraxılış imtahanları yeniliklərə pəncərə açdı. Düşünürəm ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi birgə çalışmaqla yaxın gələcəkdə daha rasional və təkmil imtahan sistemi yaratmağa nail olacaqlar".
musavat


