banner
banner

Ali təhsilli adam gecələr “xaltura” edir

Ali təhsilli adam gecələr “xaltura” edir
Yazar: Azər Qismət

Uinston Çörçil deyib ki, “dövlət öz tərəfindən adamlara stimul verəcək. Adamların dövlətə xidməti ondan ibarətdir ki, sadəcə, işləsinlər”. Çörçilin bu sözü indi də aktuallığını itirmir. Özümüzdən danışaq.

Azərbaycan dövləti hər hektar taxıl sahəsinə görə 40 manat, sürtkü materiallarına görə əlavə 40 manat ödəyir. Özü də yerli orqanların dövləti aldatmaması üçün bu sahədə şəffaflıq mühüti yaradılıb. Pul birbaşa əkinçinin kartına ödənilir. Yeri gəlmişkən, bir neçə il əvvəl bu sahədə şişirdilmiş rəqəmlər mövcud idi. Yerli orqanlar kiminsə əkin sahəsini arayışlarda çox göstərir, yaxud, ölən adamların da adlarında guya torpaq sahələrinin olması rəqəmlərdə əksini tapırdı. “Azərspace”-nin orbitə buraxılmasından sonra əkin sahələrinin şəkilləri dəqiqliklə çəkiləcək və bundan sonra dövləti aldatmaq mümkün olmayacaq.

Dövlət taxıl əkənlərin sayının artırılması və ərzaq təhlükəsizliyi proqramı üçün kəndliyə güzəştlər edir. Ancaq bəzi kəndlilər tərəfindən eşidilir ki, bu güzəştlər azdır, məbləğ artırılmalıdır. Bəzən əkinçilərə elə gəlir ki, onun yerinə əkin əkilməli, taxıl biçilməli və satılmalıdır. Bu kökündən yanlışdır. Dövlət bunu sənin işində stimul yaradılması üçün edir. Əgər dövlət sənin yerinə əkib-biçəcəksə, bəs sən nə üçünsən? Gəlin, həqiqətin gözünün içinə dik baxaq və həqiqəti deməyi bacaraq. Azərbaycanın əksər əkinçiləri öz sahəsində əkdiyi taxıla düzgün aqrotexniki qulluq göstərmir. Nəticədə, orta göstəricidən də aşağı məhsul əldə edilir. İndi deyiləcək ki, gübrələr bahadır. Xeyr, gübrə də güzəştli qiymətlə satılır. Sadəcə, bizim kəndli torpağa qulluq etməyi bacarmır, yaxud, istəmir. Təsəvvür edin, İsmayıllının İvanovka kəndində hər hektar əkin sahəsinə görə 43 sentner məhsul götürülürsə, onun qonşuluğunda yerləşən kənddə 19-23 sentner taxıl toplanır. Sakinləri əsasən malakanlardan ibarət olan kənddə yüksək məhsuldarlıq, azərbaycanlıların yaşadığı kənddə 23 sentner. Halbuki eyni rayon, eyni iqlimdir. Deməli, torpağa qulluq qaydası düzgün deyil. Bizim kəndli özünün çörəyə ehtiyacını ödəmək üçün taxıl əkir. Bir də toyuq-cücəsi üçün yem tədarükü görür. Bütün bunları müşahidə edən dövlət iri taxılçılıq təsaərrüfatları yaratmağı qərara aldı. Həm yüksək məhsuldarlıq götürülsün, həm də ərzaq təhlükəsizliyi üçün töhvə verilsin. Yoxsa, hər hektardan 19-23 sentner məhsul götürməklə, ölkənin taxıldan olan asılığını aradan qaldırmaq, eyni zamanda taxıl fondu yaratmaq mümkün deyil.

Bundan başqa rayonlardakı sahibkarlar bəzən adamlarımızın işləməməsindən giley-güzar edirlər. Məsələn, Beyləqandakı bir sahibkar gileylənir ki, onun müəssisəsinin yerləşdiyi kəndin sakinləri işləmir. Sahibkar onlara gün ərzində 7 manat təklif edir. Əkin mövsümündə isə bu məbləğ 10 manata qaldırılır. Amma sakinlər 7 manata işləmək istəmirlər. Qeyd edək ki, gündəlik 7 manat kənd yeri üçün heç də pis məbləğ deyil. Amma razılaşmırlar. Hətta, bəziləri bunu sahibkarın kimliyi ilə də əlaqələndirir. Hətta elələri olub sahibkarın birbaşa üzünə deyib ki, “sən dünənəcən acından ölürdün, indi gəlib sənin əlinin altında işləyəcəyəm?”. Halbuki, həmin məbləğdən imtina edən sakinlərin bəlkə də marketlərdə adları nisyə dəftərində birinci yerdədir, tində durub siqaret “strelyat” etməkdən dilləri döyənək olub, işə gəlincə yüksək məbləğ istəyir. Yüksək məbləğ hamının arzusudur, hamı yaxşı yaşamaq istəyir. Amma bu, birdən-birə olmur. Bunun üçün ibtidaidən aliyə doğru getməli, illərini sərf etməlisən. Həm də birdən-birə verilən yüksək maaşın da dəyəri olmur, düzgün şəkildə xərclənmir. Bütün bunlar həyatımızda əsas şərtdir.

Bəzən eşidirsən ki, ali təhsilli adam gecələr taksi sürüb “xaltura” edir. Bunu çayxanada oturub müzakirə edib söz düzəldənlər göydəki ulduz qədərdir. Axı, burada qəbahət nə var ki? Ali təhsillidir deyə heç bir iş görməməli, əlavə qazanc yeri düşünməməlidir? Türkiyədə olarkən bir halı müşahidə etdim. Orda orta məktəb müəllimi evə gəlib naharını edəndən sonra ayaqqabı kremi götürüb şəhər meydanına çıxdı. Sonra qarşısına bir stul qoyaraq ayaqqabı təmizlədi, əlavə 5-10 manat qazandı. Amma bizim müəllim bunu öz qüruruna sığışdırmaz: “İndi mən müəllim ola-ola gedib kiminsə ayaqqabısını təmizləyəcəyəm?”. Bu stereotiplər bizi əlavə qazanc yiyəsi olmağa imkan vermir. Gəlin, boynumuza alaq ki biz lazımsız qürurluluq nümayiş etdiririk. Uşaq evdə çörək gözləyir, “yox olmaz, axı mən aliməm, müəlliməm, aktyoram. Qoy, uşaqlarım gələcəkdə xəcalət çəkməsinlər ki, mən ayaqqabı təmizləyib, əqidəmə zidd iş görmüşəm”. Halbuki, o alim, o müəllim, o aktyoru heç kim qanunsuz əməllərlə məşğul olmağa məcbur etmir. Sadəcə, öz əlinin zəhməti ilə əlavə qazanc yeri tapmasına həm özünün lovğalığı, həm də kənardan sözbazlıq imkan vermir.

Qazanmaq lazımdır. Daha pafoslu qürurluluq dövrü getdi. Əlavə qazanc yeri tapılmalıdır. Amma əlavə qazanc yeri özünü satmaqla, qanunsuzluq etməklə olmamalıdır.//Qafqazinfo



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: