Son illərdə Azərbaycanda hərbi sahədə görülən ciddi işlər göz önündədir. Günü-gündən güclənən Azərbaycan ordusunda hərbi xidmətə çağırışlar, eləcə də səfərbərlik istiqamətində çevik bir sistem yaradılıb.
Bununla bağlı “Yeni Müsavat”a danışan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli hərbi sahədə yaradılan bir qurumun vacibliyindən söz açdı: “2012-ci ilin 13 fevralında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Gənclərin hərbi xidmətə çağırılması, yola salınması, yolasalma prosesinin şəffaf olması və bu kimi işlər görülür. Artıq istənilən şəxs evindən özünün yaxud başqasının hansı hərbi hissə düşməsi barədə məlumatı öyrənir. Bundan əlavə, 9100-ə mesaj göndərməklə məlumat gəlir. İndi çağırışçının və onun valideyninin cib telefonuna mesaj gedir ki, harada, hansı hərbi hissədə qulluq edəcək. Vətəndaşlara hərbi bilet, arayışla bağlı məlumat olarsa, elektron hökumətin proqramına uyğun olaraq, Səfərbərlik Xidmətinin saytına müraciət edə bilər, bir neçə gün ərzində həmin müraciəti əsasında cavabını alar. Səfərbərlik hazırlığı da yüksək səviyyədədir. Bu il və keçən il təlimlər oldu ki, bu təlimlərdə 10 mindən çox Azərbaycan gənci, ehtiyatda olan hərbi qulluqçular sıraya gəldi. Bu da ölkəmizdə vətənpərvərlik nümunəsidir. Bir gün ərzində o sayda insan toplaşır. Bu onun göstəricisidir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işini nə qədər peşəkar qurub. Şəhidlərimizin dəfnini Müdafiə Nazirliyi və Səfərbərlik Xidməti yerli icra orqanları ilə birlikdə çox yüksək səviyyədə həyata keçirir ki, bu da çox qürurvericidir. Biz də ehtiyatda olan hərbiçilər kimi iştirak edirik. Səfərbərlik Xidməti əsgərləri yolasalma və qarşılanma mərasimlərini də yüksək səviyyədə təşkil edir, biz də yaxından iştirak edirik. Hər rayonda ”Vətənin müdafiəsinə hazıram" tədbirləri keçirilir. Orta məktəb şagirdləri, hərbi müəllimlər, Qarabağ əlilləri, şəhid ailələri, veteranlar qiymətləndirilir. Şagirdlər arasında inşa yazıları, gənclər arasında mütəmadi olaraq, silah yarışları keçirilir. Bunların hamısı çox sevindiricidir. Xidmətin yaranması silahlı qüvvələrimizdə kadr potensialının artmasına, səfərbərlik işinin müasirləşməsinə səbəb olub. Müdafiə Nazirliyinin bir neçə hərbi hissəsi bütövlükdə Qarabağı işğaldan azad edə bilər. Aprel hadisələrində Azərbaycan heç səfərbərlik etmədi".


