banner
banner

Rüşvətxorluq

Rüşvətxorluq
Yazar: Azər Qismət

Üç ay bundan əvvəl yaxın qohumumun ağrısı qopdu. Çox yaşlı qadındır. Təcili Tibbi Yardıma zəng etdik.

Vaxtında gəldilər. Xəstəyə lazımi iynəni vurub sakitləşdirdilər. Gedəndə isə xəstənin oğlu gözü ilə mənə işarə etdi ki, “onları yola sal”. Düşündüm ki, yəqin qapıya qədər ötürməyimi istəyir. Deyəsən anladı ki, başa düşməmişəm. Qulağıma pıçıldadı ki, “şirinlik ver”. 10 manatı ovcumda tutub briqadaya rəhbərlik edən xanımın cibinə qoydum. Xanım bunu hiss edib tez pulu özümə qaytarıb dedi ki, “lazım deyil, dövlət bizə maaş verir”. Mən də irişə-irişə bildirdim ki, “xanım, bu sadəcə şirinlikdir, burda diktafon yox, kamera yox, sadəcə halallıq olsun”. Xanım lap bozardı ki, “nə şirinlik, nə halallıq, götürmərəm, vəssalam”. Düz 10 dəqiqə sözləşdik. Mən pulu uzadıram, o imtina edir. Yazıq qadın maşına minəndə də yarıaçılı şüşədən 10 manatı içəri atıb yenidən evə tərəf üz tutanda, gördüm ki, ardımca gəlir. Xanım maşından düşüb qaça-qaça ardımca gəlib, pulu qaytarıb səsləndi ki, “ayıb olsun”.

İçəri girəndə xəstə qohumum məni mətbəxə çağırıb soruşdu ki, “verə bildin?”. Dedim “götürmədi”. Qayıtdı ki, “yəqin təzələrdəndir, hələ almağa öyrəşməyib”. Bununla da pul götürməyən vicdanlı qadının qeybətini edib “möhürünü” belə vurduq: “Təzələrdəndir, hələ almağa öyrəşməyib, tez yaxalanmasından qorxur, belə işdə təcrübəsi yoxdur”. Həkimin şirinliyi qəbul etməməsi bununla bitmədi. 78 yaşlı xəstə vurulan iynədən özünə gəlmiş, deyəsən mətbəxdəki pıçıltıdan nəsə anlamışdı. Otağa keçəndə soruşdu ki, “həkimin hörmətini etdin?”. Astadan bildirdim ki, “götürmədi”. Gərək bunu ona deməyəydim. Başladı gileylənməyə ki, “gecə vaxtı üstümə həkim gəlib, siz isə halallıq olsun deyə hörmətini etməmisiz. Mənə nəsə olsa, bilin ki, o həkimin əməyini yerə vurmaqdan olub. Ya da ölüb eləsəm, bilin ki, o həkimin qarğışına keçmişəm. O yazıq maaşa baxır, niyə onu əliboş geri qaytardın?”. Yaşlı qadın elə hirsləndi ki, halının yenidən pisləşməsindən qorxduq.

Bu məsələni təsadüfən yadıma salmadım. Dövlət başçısı tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri gücləndirilib. Artıq neçə-neçə məmur rüşvət aldıqları yerdə yaxalanıb. Bütün bunlar təqdir olunmalıdır, çünki korrupsiya baş verən heç bir ölkədə dayanıqlı iqtisadiyyatdan danışmaq olmaz. Bəs biz sadə xalq aparılan mübarizəyə hazırıqmı? Yox, biz buna hazır deyilik. Ona görə ki, qanunu pulla ört-basdır etmək xoşumuza gəlir. Müəllimlərə ona görə pul veririk ki, uşağımızın gününü çayxanada keçirib dərs oxumamasını ört-basdır edək. Müəllimin cibinə məcbur pul qoymasaq, onun nəyinə lazımdır savadlı tələbəni kəssin. Yeri gəlmişkən, əksər müəllim savadlı tələbəni heç vaxt imtahandan kəsmir, bunu vicdanına sığışdırmır. Savadlı tələbəni kəsən müəllimlərə də rast gəlinir ki, daha onların insanlıq dəftərində adları yoxdur. Sonra da evə gəlib lovğalanırıq ki, “məsələni həll etdim, ağzı nədir götürməsin?!”. Və bununla da “fərasətli kişi” obrazını qazanırıq. Kim rüşvət verə bilmirsə, evdə onu “fərasətsiz kişi” kimi qələmə verir, hətta oğul-uşaq da atadan üz çevirir. Bu azmış kimi rüşvət verən fərasətli kişini də sənə nümunə gətirirlər ki, “get, ondan öyrən”. Sən isə rüşvət verməyin qaydalarını öyrənməyə girişirsən. Kabinetə girəndə ağzını qulağının dibinə qədər gətirib gülümsəyirsən, qarşı tərəfin hansı rayondan olmasını soruşub deyirsən ki, “biz qohumuq”, axırda da şokolad qutusunda, ya odekalon qablaşdırmasında pulu incə şəkildə ona ötürürsən. Rüşvəti birbaşa vermək qarşı tərəfin xətrinə dəyə bilər axı.

Doğum evinin həkimlərinə də pulu ona görə veririk ki, “qoy halallıq olsun, yeni doğulan körpəmə qarğış etməsin”. Sabah uşağa nəsə olacaqsa, deyəcəyik ki, “həkimin qarğışına keçib. Vaxtında muştuluq üçün üstümə qaçanların hörmətini etsəydim, belə olmazdı”. Bunu edib sonra haray-həşir salırıq ki, “həkimlər pul alır, dövlət iş görmür”.

Məmuru işdən çıxaranda isə başqa həngamə başlanır. Əgər məmur yaxşı yeyib-dağıdıbsa, sonra əlini qulağının dibinə qoyub villalar tikirsə, yeni növ avtomobillər alırsa, adamlar arasında pıçapıç düşür ki, “fərasətli adamdır, vəzifədə yaxşı yığıb”. Əgər məmur işdən çıxanda məlum olsa ki, heç vaxt rüşvət almayıb, təmiz işləyib, onda deyəcəklər ki, “fərsiz adamdır, vaxtında pul yığsaydı, dal gününə atsaydı, belə olmazdı”. Bax, belə faciələrimiz var.

Biz həmişə rüşvət verəcəyik. Çünki “halallıq”, “şirinlik” sözləri qanımıza işləyib. Bu ifadələr kökümüzdən gəlir. Əgər qədimdə rüşvəti kəndlərdə pay-parça, qoyun-quzu ilə edirdilərsə, indi bunu bağlama-bağlama pullarla həyata keçirirlər. Özü rüşvət verməyi xoşlayan xalqımın rüşvətxorluq və korrupsiyaya qarşı mübarizəni təqdir etməsi çox maraqlıdır. Rüşvətin baş verməsində özümüzün günahkar olmağımızı boynumuza almalıyıq. Həmin həkimin cibinə zorla 10 manat dürtmək istəməyim kimi.

Neçə müddət əvvəl bir tanışım avtomobilini texniki baxışdan keçirəndə şirinlik verməklə növbədənkənar keçmək istəyib. Xidmətin əməkdaşı bildirib ki, növbədə dayanmalısız, qabağa keçmək olmaz. Oğlan razılaşıb. Növbəsi çatanda əməkdaşın cibinə pul basmaq istəyib. Əməkdaş götürməyib. Tanışımdan soruşuram ki, “niyə rüşvət vermək istədin ki?”. Qayıtdı ki, “avtomobilim texniki baxışa yararsız idi, ona görə”. Gülümsədim. Deməli, qanunsuzluğu şirinliklə ört-basdır etmək istəyib. Avtomobil texniki baxışa tam hazır olsaydı, əməkdaşa şirinlik vermək fikrinə düşməzdi.

Bütün bunlar acı da olsa, həqiqətdir. Beynəlxalq təşkilatların nümayəndələrinə demək lazımdır ki, bizdə “şirinlik” və “halallıq” sözləri var. Ki, bu da qanımızdadır. Nə edirsinizsə edin, bu adətimizi ləğv edə bilməyəcəyik. Sonra da onlrın da cibinə pul qoyaq ki, yazıqdırlar, uzaq yoldan gəliblər, bir stəkan çay içsinlər.//Qafqazinfo



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda duz ehtiyatı toplanır

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Azərbaycanın bir qrup alimi təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər: