Ötən bazar günü dünyadakı xristianlar Qriqori təqviminə əsasən Pasxa bayramını qeyd etdi. Adətə görə pravoslav xristianlar isə bu bayramı bir həftə sonra, yəni aprelin 8-də qeyd edəcək.
Qeyd edək ki, həmin tarixdə ölkəmizdə də pravoslavlar Pasxa bayramını qeyd edəcək, özlərinə məxsus kilsələrdə ibadət edəcəklər.
Məlum olduğu kimi, Pasxanın qədim ənənələri var. İlk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram edib. Əhdi-ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. Beləliklə, “Pasxa” sözü qədim yəhudi dilində “çıxma”, “qurtulma” deməkdir. Əhdi-Cədid - xristian Pasxası İsa peyğəmbərin çarmıxa çəkilməsindən və dirilməsindən sonra onun həvariləri tərəfindən müəyyən olunub və yeni məna kəsb edib. Pasxa ölüm üzərində qələbə bayramıdır.
Əhdi-Cədid Pasxası əvvəlcə xilaskarın ölümü haqqında xatirəyə həsr edilib. Bayramın vaxtı və mərasimləri xristian kilsəsi tərəfindən II əsrdə müəyyən edilib. Kilsə Pasxanın necə və nə vaxt bayram ediləcəyini yalnız V əsr üçün müəyyən edib, mərasim və qaydaları nizamlayıb və onların özünü ümumdünya məclislərində tam təsdiq edib. Xristian Pasxası İsa peyğəmbərin dirilməsi bayramıdır və yəhudilərin Pasxasından ayrı, mart gündönümünün ardınca gələn bədirlənmiş aydan sonra ilk bazar günü bayram edilir. Odur ki, Pasxa vaxtı hər il hesablanan keçici bayramdır.
Bizansdan Rusiyaya keçən xristianlıq özü ilə bərabər Pasxa bayramını da gətirib. Pasxa ən təntənəli bayrama çevrilib və böyük gün adlanıb. Bu gündən əvvəlki bütün həftə Böyük və ya Ehtiraslı həftə adlanır.
İsa peyğəmbər həvariləri ilə son şam yeməyindən sonra Gefsiman bağına gedərək, çarmıxa çəkilmənin əzablarından əvvəl təkbaşına ibadət etməyə başlayıb. Burada keşikçilər onu tutaraq məhkəməyə verib və o, çarmıxa çəkilib.
Ehtiraslı həftənin son günləri barədə deyilir: Böyük cümə axşamı - mənəvi təmizlənmə günüdür; Ehtiraslı cümə İsa peyğəmbərin əzabları, onun dəfni günüdür; Böyük şənbə kədər və İsa peyğəmbərin dirilməsini gözləmək günüdür və nəhayət, İsa peyğəmbərin dirildiyi müqəddəs gün.
Pravoslav slavyanların Böyük həftənin günlərinə həsr olunmuş çoxsaylı adətləri var. Xalq arasında “təmiz” adlanan “Böyük cümə” günündə hər bir pravoslav mənəvi cəhətdən təmizlənməyə, xüsusi ayini icra etməyə çalışır. Xalq həmin günü çayda, göldə çimərək günahlardan təmizlənir.
Elə həmin gün Pasxa süfrəsi üçün yumurta boyayıblar. Yumurta İsa peyğəmbərin mövludundan - Miladdan hələ xeyli əvvəl qədim xalqların dünyagörüşündə kainatın rəmzi olub. Plutarx yumurtanı bütün təbiətin yaradıcısı adlandıraraq, onun tərifini göylərə qaldırıb. Xristianlıqda yumurta yeni məna kəsb edib. Yumurtaları boyamaq adətini Mariya Maqdalena ilə əlaqələndirirlər. Deyilənə görə, İsa peyğəmbərin dirildiyini öyrənən Mariya Maqdalena imperator Tiberinin yanına gəlib və “İsa dirildi!” sözləri ilə ona yumurta verib. İmperator buna şübhə içində deyib: “Ağ yumurtanın dönüb qırmızı olacağına inanmaq nə qədər çətindirsə, buna da inanmaq da bir o qədər çətindir”. Həmin anda ağ yumurta dönüb qırmızı olub.

Qırmızı yumurta dirilmə rəmzi, Pasxa rəmzidir. Yumurtadan yeni həyat yarandığı kimi, dünya da İsa məsihin dirilməsi vasitəsilə sanki yenidən doğulub. Qırmızı rəng dirilmənin sevinci rəngidir, bəşəriyyətin dirçəlməsinin, insanların “ilk günahdan” xilas olunmaları üçün işgəncəli ölümü qəbul etmiş İsa Məsihin çarmıxa tökülmüş qanının rəmzidir.
Qeyd edək ki, Pasxa bayramında bir çox ölkələrdə artıq uşaqlar üçün şokoladdan yumurta hazırlayır və onları paylayırlar. Məsələn, ötən həftə ABŞ-da katoliklərin keçirdiyi Pasxa zamanı uşaqlar üçün çəmənliyə 75 min şokoladlı yumurta səpələnmişdi. Həmin yumurtaları axtarıb tapmaq uşaqların ən sevimli oyunlarından birinə çevrilib. İsveçrədə isə Pasxa yumurtalarını axtarıb tapmaqdansa onların rənglənməsi daha geniş yayılıb. Xristianlar üçün yumurta zühr etmək rəmzidir. Avstraliyada isə hətta zooparklardakı heyvanlara da bayram sovqatından pay düşüb. Fransanın Arles şəhərində Pasxa günlərində korrida keçirilir.


